Suriya: Savaşın bitməsi realdırmı? – TƏHLİL

Suriya: Savaşın bitməsi realdırmı? – TƏHLİL
  24 Fevral 2016    Oxunub:6468
Rusiya prezidenti Vladimir Putin Suriyada sülhün əldə olunması ilə bağlı Amerika ilə razılığa gəlmələri barədə bəyanatla çıxış edib. ABŞ-la razılaşdırıldığı bildirilən bəyanatda 27 fevral tarixinədək Suriyada qarşıduran tərəflərin atəşi dayandırmaları tələb olunur. Tərəflər atəşkəs rejiminə riayət edib-etməyəcəkləri barədə ya Rusiya, ya da Amerikaya həmin tarixə qədər məlumat verməlidirlər.

“Suriyaya dəstək Beynəlxalq Qrupunun (SDBQ) həmsədrləri kimi Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları Birləşmiş Millətlər Təşkilatının aparıcı roluna hörmətlə yanaşaraq, SDQB-nın 11 fevral 2016-cı il tarixli Münhen bəyamnaməsi, BMT Təhlükəsizlik Şurasının 2254 saylı Qətnaməsi, 2015-ci il Vyana bəyamnamələri və 2012-ci il Cenevrə kommunikelərinin tam mənasıyla icrasına nail olmaq üçün Suriya böhranının sülh yolu ilə tənzimlənməzinə çalışır, Suriyada münaqişənin dayandırılmasına hərtərəfli kömək göstərməyə və BMT-nin dəstəyi sayəsində suriyalıların özlərinin iştirakı ilə uğurlu siyasi keçid prosesinin baş tutması üçün şəraitin yaradılmasında qərarlıdırlar”,- deyə bəyanatda qeyd olunur.

Rusiya ilə ABŞ arasında əldə olunmuş razılığa əsasən münaqişədə iştirak edən bütün dövlətlər 27 fevral tarixindən atəşi dayandırmalı, eyni zamanda Rusiya Əsəd qüvvələrinin, Amerika isə müxalifət tərəfinin atəşi dayandırmaları üçün təsir göstərməlidirlər.

Bundan əlavə, region dövlətləri Suriya ərazisinə humanitar yardımın çatdırılması üçün öz imkanlarından istifadə etməli, humanitar yardımın ehtiyacı olan suriyalılara maneəsiz çatdırılmasına köməklik göstərməli olacaqlar. Atəşkəs barədə razılaşma İŞID və Ən-Nusra terror təşkilatlarına aid deyil və həmin qruplara qarşı zərbələrin endirilməsinə qadağa qoyulmur. Lakin Amerika və Rusiya mütəxəssislərinin iştirakı ilə terrorçuların konkret əraziləri müəyyən olunacaq və həmin ərazilərə zərbələrin endirilməsi sanksiyalaşdırılacaq.

Suriya prezidenti Bəşər Əsəd artıq atəşkəs rejiminə qoşulmağa razılıq verib. Suriya rəhbərliyi yalnız lazım gəldikdə terror qruplaşmalarına zərbə endirəcəyini, bu halda Rusiyaya əvvəlcədən məlumat verəcəyini açıqlayıb. Eyni zamanda Səudiyyə Ərəbistanı ilə Qətər də yeni atəşkəs sazişinə qoşulmağa razılıqlarını bildiriblər.



Rusiya ilə Amerika arasında sülhün əldə olunması heç də Qərbin Moskva ilə barışması və münasibətlərin əvvəlki səviyyəyə qayıdacağı anlamına gəlmir. Odur ki, Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi, neftin qiymətlərinin əvvəlki səviyyəyə qalxacağını gözləmək doğru olmaz. Bu razılaşma daha çox qarşıdurmada müvəqqəti fasiləyə bənzəyir.

Suriyada müvəqqəti sülhün əldə olunması və qarşıdurmada fasiləyə ehtiyacın yaranması hazırda həm Rusiya, həm də Amerikanın maraqlarına cavab verir. Bu ilk növbədə hər iki ölkədə gözlənilən seçkilərlə bağlıdır. Məlum olduğu kimi, noyabr ayında Amerikada növbədi prezident seçkiləri keçiriləcək. Seçkilərdə kimin qələbə qazanacağını indidən demək mümkün olmasa da, Obamanın mənsub olduğu Demokratlar partiyasınının nümayəndəsini adətən Respublikaçıların nümayəndəsi əvəzləyir.

Suriyada ziddiyyətlərin kəskinləşməsi atıq tam həcmli müharibənin labüdlüyünü və Amerikanın müharibəyə qatılması ehtiyacını ortaya çıxarırdı. Lakin aqressiv xarici siyasət Demokratların iş prinsiplərinə uyğun gəlmədiyi üçün bu vəzifə güman ki, Respublikaçılara miras qalacaq. Rusiya tərəfi anlayırdı ki, Obama Suriyadakı vəziyyətin regional müharibə həddinə qalxmasına imkan verməyəcək və buna görə gərginliyi maksimum artırdı ki, Vaşinqton razılığa qol qoysun. Çünki hadisələrin inkişafı Türkiyə ilə Rusiyanın Suriyada toqquşması, ardınca Səudiyyə Ərəbistanı, Pakistan , Qətər kimi ölkələrin müdaxiləsi ilə nəticələnə bilərdi ki, bu halda Vaşinqtonun kənarda qalması mümkünsüz idi.

Razılaşmanın müddəalarından da göründüyü kimi, tərəflər daha çox ayrı-ayrı dövlətlərin Suriyaya müdaxiləsinin qarşısını alır, bununla belə terror qruplaşmalarına zərbələr endirməyin mümkünlüyünü istisna etmirlər. Razılaşma Rusiyanın Suriyaya müdaxiləsindən əvvəlki vəziyyətə qayıdış anlamına gəlir. Belə ki, dövlətlərin açıq şəkildə Suriyadakı vəziyyətə hərbi müdaxiləsi məhz Rusiyanın məsələyə qarışmasından sonra başlayıb.

Terrorçulara qarşı zərbələrin qadağan olunmaması istənilən vaxt Suriyaya yenidən müdaxilə üçün əsas yaradır. Guman ki, Suriyaya hərbi müdaxilə məsələsi Amerikada hakimiyyət dəyişikliyindən sonra yenidən gündəmə gələcək. Bu məsələdə Avropa dövlətlərindən Böyük Britaniyanın Amerikaya dəstək verəcəyini ehtimal etmək olar. Britaniyanın indidən AB-dən sərbəstlik almaq istəkləri gələcəkdə Suriyaya hərbi müdaxilə zamanı AB-nin digər üzvlərinin etirazlarını hesaba almaq istəməməsi ilə bağlı ola bilər.

Eyni zamanda müvəqqəti sülh Avropa ölkələri üçün miqrant probleminin həllinə, gələcəkdə baş verə biləcək miqrant axının yönləndirilməsi üçün əvvəlcədən mexanizmlərin hazırlanmasına vaxt qazandıracaq. Bu mənada AB-nin Türkiyə ilə danışıqlarının intensivləşəcəyini gözləmək olar.

Rusiya Suriyaya hərbi müdaxilə etməklə heç nə əldə etməsə də, münaqişədən “qüruru tapdanmadan” çıxmasına şərait yaradıldı. Razılaşmada xüsusilə “Rusiya ilə Amerikanın birgə qərar verməsi”nin vurğulanması Qərbin Moskva ilə hesablaşdığı illuziyasını yaradır. Əslində parlament seçkiləri ərəfəsində Kremlə lazım olan da budur. Rusiya hakimiyyəti bu üsulla müharibədən çıxmaqla əlavə xərclər və itkilər verməkdan qurtulur, 2017-ci ilin əvvəlinə qədər (Amerikada yeni prezident öz səlahiyyətlərinin icrasına başlayana qədər) vaxt qazanır və ən əsası Putinin sülhpərvər obrazının yaradılması, Obamanın onunla hesablaşdığı, dünya dövlətlərinin Rusiyadan ehtiyatlanması ətrafında təbliğatın qurulmasına şərait yaranır.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti