`Günəşli` qurbanları SOCAR rəhbərliyindən yardım istədi

`Günəşli` qurbanları SOCAR rəhbərliyindən yardım istədi
  09 Mart 2016    Oxunub:2443
Martın 9-da SOCAR-ın baş ofisində təbii fəlakət nəticəsində “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı iş növbəsində olmuş neftçilərlə görüş keçirilib.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, görüşdə dövlət şirkətinin neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, şirkətin aidiyyəti idarələrinin rəhbərləri iştirak edibllər.

Əvvəlcə, dekabrın 4-də təbii fəlakət zamanı “Günəşli” yatağındakı 10 saylı və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



X. Məmmədov qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən danışmış, itkin düşənlərin axtarış işlərinin və xilas olanların müalicə-reabilitasiyası məsələlərinin daim diqqət mərkəzində olduğunu bildirib. X. Məmmədov qeyd edib ki, xəsarət alan neftçilərin müalicəsi artıq başa çatmış və onlar evlərinə buraxılıblar. Hazırda xəsarət alan neftçilərin reabilitasiya dövrü keçdiklərini deyən vitse-prezident keçirilən görüşün, bu mərhələdə onların qayğı və problemləri ilə maraqlanmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Özülün rəisi Allahverdi Məmmədov, qəzada xəsarət almış işçilərdən Faiq Cəfərov, Əlirəhman Quliyev, Kamran Tarverdiyev, Bəhruz Babayev, Bəxtiyar Ələkbərov, Rəşid Hüseynov və başqaları çıxış edərək müalicə aldıqları dövrdə SOCAR rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, onlara vaxtaşırı baş çəkdiklərinə, problemləri ilə maraqlandıqlarına, göstərdikləri maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Neftçilər ötən müddətdə üzləşdikləri problemlər, onları narahat edən məsələlər barədə fikir və təkliflərini bildiriblər. Qeyd olunub ki, müalicə aldıqları dövrdə onların əmək haqları xəstəlik vərəqəsi üzrə hesablanıb, işləmədikləri üçün SOCAR tərəfindən verilən gündəlik yemək pulları, həmçinin taarif maaşı üzrə dəniz əmsalları nəzərə alınmayıb, bu da öz növbəsində onların ailə büdcəsinə təsir göstərib. SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifov, Hüquq İdarəsinin rəisi Eldar Orucov, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bu məsələnin araşdırıldığını və əmək haqlarının qanunvericiliyə tam uyğun hesablandığını söyləyiblər. Neftçilər qəza nəticəsində əmək qabiliyyətlərini müvəqqəti itirdikləri nəzərə alınaraq, onlara müavinət şəklində maddi yardım göstərilməsini xahiş ediblər.

Görüşə yekun vuran X. Məmmədov qaldırılan məsələlərlə bağlı struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib, SOCAR-ın baş ofisindən asılı olan məsələlərin isə komissiyalarda aidiyyəti üzrə baxılıb müvafiq qərarlar veriləcəyini söyləyib, neftçilərə tezliklə sağalmaq və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Teqlər:  





Xəbər lenti