Yay vaxtının ləğvinin bizə nə xeyri?

Yay vaxtının ləğvinin bizə nə xeyri?
  18 Mart 2016    Oxunub:3894
Bu gündən etibarən Azərbaycanda yay vaxtına keçid ləğv olundu. Baş nazir Artur Rasizadə Azərbaycan Milli Elmlər Akademiyasının təklifi nəzərə alaraq bu barədə qəbul edilib.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 11 mart 2016-cı il tarixli iclasında astrofizika, energetika, zoologiya, geofizika, coğrafiya, iqtisadiyyat, İKT və digər sahələr üzrə müvafiq mütəxəssislərin iştirakı ilə bu məsələ geniş müzakirə olunub, dünya ölkələrinin mövcud praktikası ilə bağlı müqayisəli təhlillər aparılıb.

Geniş müzakirələr nəticəsində mütəxəssislər elmi əsaslandırılmış dəlillərlə belə bir yekdil qərara gəliblər ki, Azərbaycan Respublikasında yay-qış vaxtına keçid nəticəsində əldə olunan iqtisadi səmərə, enerji sərfiyyatına qənaət əhəmiyyətli dərəcədə deyildir.

Qeyd olunub ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsinə səbəb olur.

Yay vaxtına keçidin ləğvi iqtisadi baxımdan ölkəmizə nə qazandıracaq?

İqtisadçı Samir Əliyevin sözlərinə görə, saatların irəli və geri çəkilməsinin iqtisadi faydası olsa da, bioloji cəhətdən zərəri var: “Hazırda dünyaın 80-ə yaxın ölkəsi bu və ya digər formada yay vaxtından yararlanır: kimisi tam, kimisi də qismən. ABŞ, Kanada, Avropa ölkələri, Yeni Zelandiya, Türkiyə, İran, İsrail, Suriya, Livan, İordaniya, Fələstin, Çili yay vaxtına keçib. Meksika, Avstraliya və Braziliyada bəzi ştatlar bu sistemi tətbiq edir. Keçmiş SSRİ ölklərindən Rusiya (qismən), Belorus bu təşəbbüsdən hələki imtina etməyib.
Dünyanın 160-dan çox ölkəsi isə ümumiyyətlə saatlarının əqrəblərini dəyişməyə vaxt sərf etmir. Yaponiya, Çin, Hindistan, Sinqapur belə ölkələr arasındadır. Keçmiş SSRİ-nin yerdə qalan ölkələri də yay vaxtına keçiddən imtina ediblər”.



Beynəlxalq araşdırmaların saatların irəli-geri çəkilməsini heç də bütün ərazilərdə fayda vermədiyini deyən Samir Əliyev bildirib ki, tropik və ekvatorial en dairələrində (25°-dən az) işıq günün uzunluğu il ərzində demək olar ki, dəyişmir. Və yaxud qütblərdə və ona yaxın ərazilərdə (60°-dan çox) uzun gecələr və ya uzun gündüzlər bu addımı səmərəsiz edir. Odur ki, yeganə olaraq 30° - 55° en dairəsinə düşən ərazilərdə əqrəb dəyişikliyinin səmərəsindən danışmaq olar: “Hər yerdə olduğu kimi Azərbaycanda yay və ya qış vaxtına keçidin müsbət və ya zərərli olması barədə fikirlər yürüdülür. Zərəri qismində insan sağlamlığına, psixologiyasına mənfi təsir göstərdiyi qeyd edilir, əmək məhsuldarlığı aşağı düşür. Addımın faydası qismində bir qayda olaraq əsasən elektrik enerjisinə qənaət qabardılır. Təbii ki, hər birimizi Azərbaycanda yay vaxtına keçidə nə dərəcədə ehtiyac olduğu maraqlandırır. Faydası barədə fikir yürüdəndə ortaya suallar çıxır. Bu vaxta qədər əqrəb dəyişməsinin iqtisadiyyata verdiyi səmərə nə qədər olub? Bu barədə rəsmi açıqlama və ya real hesablama varmı?



Müxtəlif səviyyəli həkimlər, psixoloqlar tərəfindən əhalinin sağlamlığına vurduğu zərər barədə dövri olaraq fikirlərə rast gəlinir. Fikrimcə, qış və ya yay vaxtına keçidin Azərbaycanda ciddi iqtisadi səmərisi yoxdur. Bu addım sovet dövründə daha çox effekt verirdi. Çünki SSRİ sənaye ölkəsi idi, fabrik və zavodlarda 3 növbəli iş rejimi mövcud idi. Qeyri-istehsal sahələrində iş vaxtı səhər 8-də başlayırdı. İndi fərqli dövrdür və iş rejimləri dəyişib. İstehsalat birnövbəli rejimə keçib. Tədris sferalarını nəzərə almasaq iş rejimi əsasən səhər saat 9-da başlayır. Bu vəziyyətdə enerjiyə qənaət əhəmiyyətli dərəcədə deyil”.

İqtisadçı hesab edir ki, küçələrin, binaların işıqlandırılması göstərir ki, ölkədə enerjiyə qənaət əvvəlki vaxtlara olduğu kimi aktual deyil: “Bundan başqa alternativ enerji mənbələrinin getdikcə inkişafı qənaətin zəruriliyini azaldır. Məsələn, Qazaxıstanın 2005-ci ildə yay vaxtından imtinasına səbəb qənaətin az olması və qış vaxtına keçiddə bu qənaətin itirilməsi olub”-deyə Samir Əliyev bildirib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti