Pakistan terrorunun pərdəarxası: `Taliban`ı kimlər və niyə fəallaşdırır? – TƏHLİL

Pakistan terrorunun pərdəarxası: `Taliban`ı kimlər və niyə fəallaşdırır? – TƏHLİL
  31 Mart 2016    Oxunub:3436
İlin əvvəlindən bu yana Pakistanda üç terror hadisəsi baş verib. Martın 27-də Pakistanın ikinci ən böyük şəhəri olan Lahorda partlayışın törədilməsi 70 nəfərin qətli və 300-ə yaxın insanın yaralanması ilə nəticələndi.

Lahor partlayışına görə məsuliyyəti “Taliban” təşkilatı öz üzərinə götürdü. Budəfəki terror aktının əsas fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, partlayış xristian əhalisinin Pasxa bayramı ilə bağlı toplandığı meydanda həyata keçirilmişdi və ölənlərin əksər hissəsi xristian dininə sitayiş edən pakistanlılar idilər.

Bundan əvvəl, yanvarın 20-də Pakistanın şimalında yerləşən Çarsəddə şəhərindəki Baça Xan universitetinə terrorçular tərəfindən silahlı hücum təşkil olunmuş, nəticədə 15 dinc sakin qətlə yetirilmiş, 50-ə yaxın insan isə yaralanmışdı.
6 fevral tarixində isə Pakistanın Kvetta şəhərində baş vermiş partlayış nəticəsində 9 nəfər ölmüş, 40-a yaxın insan yaralanmışdı. Hər iki hadisəyə görə “Taliban” hərəkatı məsuliyyəti öz üzərinə götürmüşdü.

Ümumi fikir ondan ibarətdir ki, terrorçuların Pakistan ərazisində mütəmadi qaydada həyata keçirdikləri terror aktları İslamabadın Əfqanıstanla sərhəddə “Taliban” hərəkatına qarşı apardığı mübarizə ilə bağlıdır. Təbii ki, bu fikir həqiqəti əks etdirə bilər, ancaq eyni zamanda Talibanın Pakistanda birdən-birə fəallaşmasının arxasında daha dərin köklərin dayandığını da istisna etmək lazım deyil.



Burada söhbət Yaxın Şərqdə son dövrlərdə gərginliyin artması və Pakistanın bu proseslərə cəlb olunmasından gedə bilər. 2015-ci ilin əvvəlində Səudiyyə Ərəbistanı Yəməni “xusidlərdən azad etmək” adı ilə bu ölkəyə müdaxilə qərarına gəldi. Ər-Riyad 34 müsəlman ölkəsindən böyük bir hərbi koalisiyanı öz ətrafında toplamağa nail oldu. Faktik olaraq, bu, İranın başçılıq etdiyi şiə birliyinə qarşı ittifaqa daxil olmuş sünni dövlətlərin hərbi koalisiyası idi. Amerika başda olmaqla Qərb dövlətləri koalisiyaya qoşulmasalar da, birmənalı şəkildə yeni ittifaqa dəstək verdilər. Əvvəllər İranın nəzarətində olan Yəmənin Səudiyyə Ərəbistanının nəzarətinə keçməsi Avropaya aparan əsas dəniz ticarəti yolunun sünnilərin əlinə keçməsi anlamına gəlirdi.

Lakin bu məsələdə İran üçün ən çox təhlükə yaradan məqam nüvə silahına malik Pakistanın Ər-Riyadın başçılıq etdiyi koalisiyaya qoşulması idi. Belə ki, Pakistanın dənizə çıxış imkanları olan güclü hərbi donanmasının mövcudluğu və İranla həmsərhəd olması Tehran üçün ciddi təhlükə yaradırdı. Koalisiya yaranan ilk vaxtlarda Pakistan rəhbərliyi çox qərarlı görünsə də, bir neçə terror hadisəsindən sonra koalisiya qoşulmaq məsələsini parlamentin müzakirəsinə çıxarmaq qərara alındı.

2015-ci ilin aprel ayında Pakistan parlamenti Yəmənə qarşı hərbi əməliyyatlara qoşulmamaq qərarına gəlsə də, Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə Ər-Riyadla vahid cəbhədə mübarizə aparacağını vurğulamağı unutmadı. Bu, o demək idi ki, Pakistan Səudiyyə Ərəbistanına qarşı müharibə elan edən dövlətə qarşı müharibəyə qoşulacaq.

2016-cı il Səudiyyə Ərəbistanında 46 şiə din xadiminin edam olunması xəbərinin yayılması ilə start götürdü. Aralarında nüfuzlu şiə lideri Nimr ən-Nimrin də olduğu din xadimlərinin edam edilməsi Ər-Riyadla Tehranın münasibətləri yenidən gərginləşdirdi. Tehranda ərəblərin səfirliyinə hücumun həyata keçirilməsinə cavab olaraq Ər-Riyad İranla diplomatik münasibətləri kəsdi. Gərginlik o həddə çatdı ki, artıq növbəti müharibənin başlanacağı barədə proqnozlar səslənməyə başladı.



Bu vəziyyət Pakistanı avtomatik olaraq Səudiyyə Ərəbistanının hərbi tərəfdaşı etdiyi üçün Tehran konfrantasiyanın dərinləşməsindən ehtiyatlandı. Çünki müharibənin başlaması İranın iki cəbhədə vuruşmalı olması anlamına gəlirdi. Üstəgəl, Qərb birmənalı Səudiyyə Ərəbistanını dəstəkləməsə də, yaranmış vəziyyət Vaşinqtona Ər-Riyadın yanında olmasını diktə edirdi.

Bu hadisələrdən sonra Pakistanda ard-arda terror hadisələri başladı. Diqqət çəkən məqamlardan biri isə xristian əhaliyə qarşı partlayışın törədilməsidir. Bu, ilk baxışda, Pakistanın qarışıqlıqdan sitifadə edib, ölkədən xristianların çıxarılmasına səy göstərdiyi fikrini yarada bilər. Ən azı, ölkədə xristianlara qarşı müsəlmanların düşmən mövqedə olduqları fikri formalaşır. Belə vəziyyət, Pakistana dəstək verən Qərb dövlətlərinin İslamabadla münasibətlərinin sərinləşməsinə gətirib çıxara bilər.

Ehtimal etmək olar ki, Amerikada yeni prezident seçildikdən sonra Suriyaya “İŞID-la mübarizə məqsədilə ” NATO-nun hərbi qüvvələri yeridiləcək. Təbii ki, Ər-Riyad Suriya ərazisinə qoşun yeridilməsi kampaniyasından kənarda qalmaq istəməyəcək. Lakin görünən odur ki, Pakistanın sünni ərəblərin tərəfdaşı kimi Yaxın Şərqə gəlməsi nə Amerika, nə də şiə ittifaqının maraqlarına uyğundur. Odur ki, Pakistanın sərhədində terrorçuların fəallaşması İslamabadın xeyli müddət öz regionundan kənara çıxmasına mane olacaq.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti