KİV-lərə cəbhə ilə bağlı müraciət: `Diqqətli olun`

KİV-lərə cəbhə ilə bağlı müraciət: `Diqqətli olun`
  02 Aprel 2016    Oxunub:2685
Azərbaycan Mətbuat Şurası Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı KİV-lərə bəyanatla müraciət edib.
AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir:

`Müxtəlif kütləvi informasiya vasitələri, sosial şəbəkə profilləri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində qızğın döyüşlərin getdiyinə dair məlumatlar yayımlamaqdadır. Azərbaycan Mətbuat Şurasının təhlilləri göstərir ki, bu məlumatların müəyyən qismi ayrı-ayrı şəxslərin cəbhəyanı bölgələrdə yaşayan yaxınlarından əldə etdikləri bilgilərdən, müəyyən qismi isə xarici media orqanlarında yer almış xəbərlərdən ibarətdir. Məlumatların çox azında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mövqeyinə istinad edilib.

Mətbuat Şurası cəbhə xəttində ötən illərdə baş vermiş analoji hadisələrin, xüsusən də atəşkəs rejiminin kütləvi pozulması hallarının mediada doğurduğu effekti, bu sahədəki mənfi təmayüllərin qeydə alınması reallığını nəzərə alaraq Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçilərini diqqətli olmağa çağırır.

Şura hesab edir ki, bu sayaq vəziyyətlərdə medianın vətəndaş mövqeyinə söykənən həssaslığı onun ən böyük peşəkarlıq göstəricisidir. Bu peşəkarlığın nümayişi isə ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər rəsmi mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir. O da nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr ümumən Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri də dövriyyəyə buraxırlar.

Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası bir daha ölkəmizin bütün kütləvi informasiya vasitələrini, ayrı-ayrı jurnalistləri cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına həssas yanaşmağa, ciddi şəkildə dəqiqləşdirmələr aparmağa çağırır. Qurum eyni zamanda əlaqədar dövlət qurumlarına hazırkı vəziyyətlə bağlı daha çevik fəaliyyət göstərməyi, cəmiyyətin informasiya tələbatını vaxtında ödəmək üçün bütün mümkün vasitələri dəyərləndirməyi tövsiyə edir`.

AzVision.az


Teqlər:  





Xəbər lenti