`Klinton və Ban Ki Munla görüşmüşəm` - Azərbaycanlı gənc (MÜSAHİBƏ)

`Klinton və Ban Ki Munla görüşmüşəm` - Azərbaycanlı gənc (MÜSAHİBƏ)
  23 May 2016    Oxunub:19221
İngiltərənin nüfuzlu Essex Universitetinin İnsan Hüquqları üzrə məzunu, Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında təcrübə keçən və dünyanın 30-dan artıq ölkəsində olan gənc azərbaycanlı Tural Əhməd 1985-ci ildə Bakıda doğulub. Bakı Özəl Türk Liseyində oxuyub, sonra təhsilini Amerikada davam etdirib. Kaliforniyada Hüquq üzrə təhsil alıb. Eyni zamanda Amerika Hüquqşünaslar Asossasiyasında çalışmağa başlayıb.

- Daha sonra Beynəlxalq Seçki Müşahidəçiliyinə başladım,- deyir Tural. - Öncə Qırğızıstana getdim. ATƏT-in Akademiyasında seçki müşahidəçiliyini öyrəndim. ATƏT tərəfindən seçkilərlə əlaqədar olaraq Qazaxıstana göndərildim. Mən Pakistanda olanda həssas bir dönəm idi. Keçmiş baş nazir Benəzir Buhutto uzun mühacirətdən sonra seçkidə iştirak etmək üçün ölkəyə qayıdırdı. Biz də Pakistanda namizədlərlə görüşürdük. O ölkədə varlı insanlar həddindən artıq varlıdır, möhtəşəm villalarda yaşayırlar. Bəziləri də həddindən artıq kasıbdır.



Demək olar ki, orta təbəqə yoxdur. Bizə xidmət göstərmələri üçün cangüdən, sürücülər təyin etmişdilər. Şəhərə çıxıb gəzməyə icazə verilmirdi. Həmin vaxt baş çəkdiyimiz məscidi də partlatdılar. Elə bir dönəm gəldi ki, keçmiş baş nazir öldürüldükdən sonra bizi ölkədən çıxarmaq məcburiyyətində qaldılar. 3 gün sonra isə İslamabadda qaldığımız otel də partladıldı. Xeyli sayda xarici vətəndaş hadisə zamanı həlak oldu. Bəlkə də biz şanslı olduq ki, başımıza belə bir hadisə gəlmədi.

Pakistana getməyim də çox maraqlı olmuşdu. Gecə saat bir-iki olardı. Evdə idim. Birdən Amerikadan zəng gəldi. Dedilər ki, səhər tezdən Pakistana uçmalısınız. Mən də təcili təyyarəyə bilet alıb, Pakistana getdim. Beynəlxalq Resublikaçılar İnsititutu tərəfindən göndərilmişdim. Bu, yüksək səviyyədə təşkil olunmuş müşahidə missiyası idi.



...Azərbaycana qayıdandan sonra Tural Bakı Dövlət Universitetində təhsilini davam etdirib. Yaponiyanın təqaüd proramında qalib olub və Tokioya gedib. Daha sonra Oslo Universitetinin maliyyələşdirdiyi kursa qatılıb. Orda müasir siyasətlə bağlı mühazirələrdə iştirak edib, beynəlxalq dərəcəli sertifikata layiq görülüb. 2008-ci ildə Böyük Britaniya hökumətinin təhsil proqramı üzrə qalib olub və nüfuzlu Essex Universitetində insan hüquqları ilə bağlı magist təhsili almağa başlayıb.

- Avropa Şurasında, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətində, Avropa Məhkəməsində, bir sözlə, insan hüquqları üzrə bütün beynəlxalq təşkilatlarda olmuşam. BMT-nin baş ofisində də olmuşam. Ən maraqlı səfərimizdən biri Hollandiyaya idi. Orada biz Beynəlxalq Cinayət Məhkəməsində iştirak etdik. Yuqaslaviyadan olan məhbusların məhkəməsində hər şeyi öz gözlərimizlə görmək mənim üçün əla bir təcrübə oldu. Eyni zamanda Haqada Beynəlxalq Ədalət Məhkəməsində də oldum. Elmi rəhbərim həmişə mənə deyirdi ki, Azərbaycana qayıtdıqdan sonra elmi faliyyətlə məşğul olum. Universitetdə dərs deməyi bir öhdəlik kimi qarşıma qoymuşdu. Həvəsim də vardı. Azərbaycana qayıtdıqdan sonra Bakı Dövlət Universitetində işləməklə bağlı təklif gələn kimi razılaşadım. Elə insan var ki, çox savadlı, istedadlıdır. Ancaq rayonda, kənddə böyüyüb və elə yerlərə çıxışı olmur. Hesab edirəm ki, mən şanslı olmuşam və bu imkanlar qarşıma çıxıb.



- Siz özünüz necə bir ailədə böyümüsünüz?

- Mən nə kasıb, nə də ki yüksək maliyyə imkanına malik alilədə böyümüşəm. Orta təbəqəyə aid bir ailədə böyümüşəm. Valideynlərimin də çoxlu çətinlikləri olub. Ailənin sonuncu övladı idim. Məndən böyük bacım dərslərimlə məşğul olurdu. Bəlkə də o, məni həvəsləndirirdi. Əgər mən məktəbdə 4 qiyməti alırdımsa həmin gün mənim üçün çox dəhşətli bir gün olurdu. Bütün qiymətlərim yalnız beş olmalı idi.

- “Məmur övladı” ifadəsinə münasibətiniz? Siz də məmur övladısınız?

- Kimin övladı olmasından aslı olmayaraq, hər kəs özünə güvənməlidir, inkişaf etməlidir. Bir çox hallarda özünü tərifləyən, öyən həmin məmur övladlarını göndərsən ki, get işlə, günün sonunda 10 manat qazan, bacarmayacaqlar. Çünki həmin insanlar bütün enerjilərini kiməsə arxalanmağa sərf edirlər. İnsan anlayanda ki, mənim atam da vəzifəyə hansı çətinliklərlə gəlib, onda başa düşür ki, bunu özü də etməlidir. Hər bir gənc özünə investisiya qoymalı, inkişaf etməlidir. Mənim atam-anam çox sadə adamlar olublar. Bütün pillələrə öz biliyim hesabına qalxmışam. Universitetə girməyimdə, təhsil almağımda, dünyanı gəzməyimdə valideynlərim mənə yalnız mənəvi cəhətdən dəstək olublar.
Uğur qazanmaq üçün ən birinci iradəli olmaq lazımdır. Etdiyin hər bir işin çox qısa vaxt ərzində nəticəsini görməyə bilərsən. İnsan davamlı olaraq öz üzərində işləməlidir. Uğur qazanmaqla yanaşı, onu öz əlində saxlamağı da bacarmalısan. Uğuru paylaşmaq lazımdır. Mən çox xoşbəxtəm ki, artıq xeyli tələbəm xaricdə təhsil alır. Bu, mənim ən böyük nailiyyətimdir. İnsanın ətrafında əgər güclü komandası varsa, irəli gedə bilər.



- Nə əcəb, xaricdə qalmadınız?

- Müəllim kimi mən çalışdığım BDU-da demək olar ki, heç nə qazanmıram. Çox cüzi bir maaş alırıq. Hətta keçən semestrdə mən maaşımı götürmədim. Məni bura bağlayan missiyadır. Hər bir insanın öz məqsədləri olur.BDU-da olmağımızın əsas məqsədi özümdən sonra gələcək tələbələrə kömək etməkdir. Təbii, keçdiyim dərs tələbənin yadından çıxa bilər. Ancaq onlara verdiyim stimul heç vaxt unudulmaz. Mənim tələblərim mənim ordumdur.

Sonuncu dəfə Berlində olanda Azərbaycan, Ermənistan və Gürcütandan olan gənclərin iştirak etdiyi bir görüş keçirilirdi. Gördüm ki, erməni gəncləri də Azərbaycan haqqında çox məlumatlıdırlar. Onlar bütün siyasi prossesləri bizdən çox yaxşı bilirlər. Avropada, Amerikada Ermənistanı daha yaxşı tanıyırlar, nəinki Azərbaycanı!

Kolumbiyaya gedən zaman maraqlı bir hadisə ilə qarşılaşdım. Belə ki, getdiyim yerin adı “Armenia” adlanırdı. Hətta Amerikada da “Armenia” adlanan bölgə var.

Xaricdə olan zaman ən çox çətinlik çəkdiyimiz məqamlar mədəniyyət fərqliliyidir. Mən ilk dəfə Amarikada olanda onlarla danışmaq üçün mövzu tapa bilmirdim. Hətta onların yumorları da tamam başqa cürdür. Onlar çox bəsit, sadə şeylərə gülə bilirlər. Bizə gülməli gələn şeylərə onlar gülmürlər.

Hazırda Amerikanın neft şirkətlərindən birində də çalışıram. Miqrasiya hüququ ilə məşğul oluram. Xaricdən Azərbaycana gələn işçilərin burada yaşamaları üçün tələb olunan icazə, hüquqi işlərə mən baxıram.

Xaricdə qalıb işləmək mənim üçün problem deyil. Gənclər dövlətin pulu ilə gedib xaricdə oxuyurlar. Bundan sonra ölkəyə qayıdıb, bu dövlət üçün xeyirli işlər görməlidirlər. Xalqımızın pulları hesabına xaricdə oxuyan gənclərimiz ədalət namiə geri qayıdıb öz ölkəmizdəki gəncləri də maarifləndirməlidirlər.



- Azərbaycanın təhsil sistemi ilə bağlı nə düşünürsünüz?

- Amerika və Avropada olan təhsil sisteminin başlıca şərti ondan ibarədir ki, tələb olunan sahələr üzrə kadrlar yetişdirirlər. Bizdə isə daha çox ümumidir. Bizdə tələbələr pulsuz təhsilin dəyərini anlamırlar. Əslində isə dövlət onlar üçün kifayət qədər pul xərcləyir. Xaricdə isə tələbələr ödədikləri pulla oxuduqlarına görə başa düşürlər ki, həmin pulu nə vaxtsa qaytarmalıdırlar. Ona görə də öyrənməlidirlər. Bizdə gənclər düşünürlər ki, əsas univeritetə daxil olana kimidir. Bu, düzgün deyil.

Mən universitetlərin sovet dövründən qalmış maddi-texniki bazalarını bəyənmirəm. Tələbələr üçün şərait yoxdur. Evlərdə də şərait yoxdur. Hər bir tələbənin ən azından evdə bir yazı masası olmalıdır ki, gedib, orada sakit şəkildə dərsini oxusun. Amerikada kitabxanlarda bir sutka qalıb kitab oxuya bilərsən. Xüsusi divanlar var ki, tələbələr həm kitab oxuyurlar, həm də istirahət edirlər. Bizdə isə saat 7 tamam olan kimi kitabxanaların qapısı bağalanır. Ancaq indi bizdə də dünya standartlarına cavab verən universitetlər yaradılır. Bütün universitetlərimiz bu formatda olsa yaxşı olar.

- Dünyada İnsan Hüquqlarının qoruması hansı səviyyədədir? Azərbaycanla müqayisəniz maraqlı olardı...

- İnsan hüquqlarında iki spektr var. “First Generation Right” və “Second Generation Right”. Əgər məsələyə pozitiv yöndən baxsaq, bizim ölkədə sosial-iqtisadi və mədəni hüquqların qorunmasında yaxşı inkişaf var. Rayon yerlərində məktəblərin, bağçaların tikilməsi, tibbi obyekt və xəstəxanaların inşa edilməsi, təchiz olunması çox mütərəqqi addımlardır. Yəni bu sahədə çox böyük irəliləyiş var. Təbii ki sosial, iqtisadi və mədəni hüquqlar resus tələb edən hüquqlardır. Bu cür hüquqlar daha çox proqressivdir. Bunu bir günün içində dəyişmək mümkünü deyil.

Siyasi və sivil hüquqlar isə resus tələb etmirlər. Qısa vaxt ərzində bunu müəyyən çərçivəyə salmaq, demokratiyaya doğru addımlar atmaq mümkündür. Təbii ki, istək,inam və eyni zamanda vətəndaşların hazırlığı vacib şərtlərdəndir. İnsanlar bu cür demokratik dəyərləri qəbul etmək üçün hazır olmalıdırlar. Cəmiyyətimiz Avropaya inteqrasiya etmək istəsə də, biz unutmamalıyıq ki, dəyərlərimiz şərq dəyərləridir. Demokratik dəyərlər daha çox individiumlar üzərində qurulub. Bizim cəmiyyətlər isə daha çox icmavi (Community) cəmiyyətlərdir. Bizdə ailə dəyərləri güclüdür, Qərb isə daha çox individual cəmiyyətdir. Dünya miqyasında insan hüquqları ilə bağlı ən böyük narazılıqlar bundan ibarətdir ki, İnsan Hüquqları üzrə Bəyannamə Qərb dəyərləri üzərində yazılıb. Və həmin Qərb dəyərləri Şərq dəyələrlərilə üst-üstə düşmür. Hətta bir çox Şərq alimləri deyirlər ki, siz öz dəyərlərinizi “demokratiya” adı altında bizə sırımaq istəyirsiniz. Çünki biz həmin dəyərlər içərində böyüməmişik. Həmin dəyərləri yazan, diqtə edən də daha çox böyük imperialist dövlətlərdir. Sadəcə, həmin dəyərləri seçib, bizə uğun olanları özümüzünküləşdirməliyik. Bu, yalnız sivil və siyasi hüquqlara aiddir.



Azərbaycanda 40-dan artıq dildə danışırlar. Mən qaynar nöqtələrdən Azərbaycana qayıtdıqdan sonra bir şeyi anladım ki, bizim ölkədə stabillik daha çoxdur. Heç bir qorxumuz yoxdur. Xarici vətəndaşlar da hər zaman təsdiq edirlər ki, bizim ölkə çox rahat və təhlükəsizdir. Baxmayaq ki, biz uzun illərdir ki, Ermənistanla müharibə şəraitindəyik. Xarici investorların da ölkəmizə gəlişi burada sabitliyin göstəricisidir.

Təbii ki, dünyanın ən inkişaf etmiş ölkələrində də insan hüquqlarının pozulması halları kifayət qədərdir. Mükəmməl deyilən bir şey oxdur. Ancaq mükəmməliyə doğru gedən yol var. Amerika mətbuatını da vərəqləsən görərsən ki orada da insan hüquqlarının pozulması halları mövcuddur.

Amerika ilə İngiltərənin əsas fərqlərindən biri budur ki, Amerikada insanlar xaricdən gələnlərə, xüsusilə tələbələr qarşı çox açıqdırlar, mərhəmətlidirlər. Bəlkə də bu hiss onlarda nəsildən-nəslə ötürülüb. Çünki özləri də ora gəlmədirlər. Ona görə də heç kəs bir-birini sıxmaz, dışlamaz, əskinə, kömək edirlər. İngiltərədə isə vəziyyət bir az fərqlidir. Orada mədəniyyəti öyrənmək bir az çətindir. Bəlkə də orada da tələbələr lap çoxdur deyə, belədir.

- Bil Klintonla görüşünüz necə olmuşdu?

- Britaniyada təhsilimi başa vurduqdan sonra BMT-nin Nyu-Yorkda yerləşən baş ofisində internatura proqramına qəbul olundum. Bill Klintonun özünün “Beynəlxalq Klinton Layihəsi” var. Onların oteldə bir tədbirləri keçirilirdi. Şimali İrlandiya ilə bağlı məsələ müzakirə olunurdu. Məni də dəvət etmişdilər. Tədbirin sonunda Bil Klintona yaxınlaşdım. Onunla dialoqumuz oldu. Azərbaycanla bağlı məlumat verdim. O, indi də çox nüfuzlu bir insandır. Təbii ki, o vaxt da hamı onunla görüşmək, şəkil çəkdirmək istəyirdi. Bu, bir şans idi.

- Sizcə ABŞ-da prezident seçkilərinin qalibi kim olacaq?

- Münəccimlik etmək istəmirəm. Tramp daha çox sadələ, xalqın başa düşəcəyi bir dildə kampaniya aparır. Amerika cəmiyyəti çox da yüksək təhsilli bir cəmiyyət deyil. Ümumi əhalinin cəmi 36 faizi ali təhsil alır. Halbuki, bizdə bu rəqəm onlardan yüksəkdir. Amerikanın xüsusilə mərkəzi hissələrində yerləşən ştatlarda təhsilsiz adamların sayı çoxdur. Seçilmək istəyirsənsə, onların dililə, sadə danışmalsan. Ona görə də, Tramp kampaniyalar zamanı yüksək nəticələr göstərir. Bu, həm də Trampın bol vəsaitinin olması ilə də bağlıdır. Çünki seçki kampaniyası aparmaq həddindən artıq bahalıdır. Müqayisə etsək, görərik ki, xanım Klintonun seçki kampaniyası daha çox ianələr üzərində qurulub, Tramp isə öz şəxsi vəsaitləri hesabına kampaniyansını davam etdirir. Amma mən şəxsən hesab edirəm ki, Hillari Kilinton istənilən halda seçkilərdə qalib gələcək.

Bu dəfə Amerikada olanda Atom enerjisi üzrə beynəlxalq agentliyin prezdentilə görüşüdük. O, çox sadə bir şəkildə suallarımızı cavablandırdı. Amma bir neçə dəfə xaricdə olan zaman bizim yüksək vəzifədə çalışanlarımıza da yaxınlaşıb, özümü təqdim etmişəm. İnsana o qədər yuxarıdan aşağı baxırlar ki, adamın içi ürpərir. Halbuki, BMT-nin Mənzil-Qərargahında olduğum zaman baş katib Ban Ki Munla da görüşmüşəm, dialoqumuz olub. Sadə, səmimi bir insandır.



- Beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətilə bağlı nə düşünürsünüz? İkili standartlar varmı? BMT-inin ofisindən Azərbaycana baxanda nə görünür?

- Beynəlxalq təşkilatlardan regiona baxanda görürük ki? dondurulmuş münaqişələr, Qarabağ konflikti onlar üçün o qədər də maraq kəsb etmir. Onlar daha çox öz maraqlarının əks olunduğu problemlərə diqqət yönəldirlər. Əslində Qarabağ məsələsi dünya miqyasında çox kiçik sayıla biləcək münaqişədir. Bu probelmin həllinin gecikməsi birbaşa olaraq maraqlarla bağlıdır. Burada Rusiya faktoru çox böyük önəm kəsb edir. Rusiyanın bizim regionda çox böyük təsir rıçaqları var. Onlar da hələ Rusiyanın əleyihinə getməyə cəsarət etmirlər.

Azərbaycana qarşı ikili standartlar, düşünürəm ki, beynəlxalq təşkilatlarla yox, məhz orada təmsil olunan dövlətlərlə əlaqəlidir. Ermənistan lobbiçilik baxımından çox güclüdür. Onlar bu işlə uzun illərdir ki, məşğul olurlar. Dövlətlərin güclü lobbi təşkilatları olmalıdır. Bu isə o deməkdir ki, sən ayrı-ayrı dövlətləri öz tərəfinə çəkə bilirsən. Yəni onların müsbət rəyini, dəstəyini qazanmış olursan. Bu zaman beynəlxalq təşkilatlar da sənin tərəfinə danışacaqlar. Beynəlxalq Təşkilatların üzvləri, rəhbərləri də ayrı-ayrı ölkələrin vətəndaşlarıdır. Sən o dövlətlərlə əlaqələrini yaxşı qursan, lobbiçilik işini yaxş təşkil etsən təbii ki, onlar da təşkilatlarda sənin xeyrinə danışacaqlar.

Digər tərəfdən, xristian təəssübkeşliyi də mövcuddur. Hazırda dünyada müsəlmanlara qarşı qara PR aparılır. Adi insanlar da bu kimi fikirlərdən təsirlənirlər. Şüuraltı şəkildə insanların beyninə yeridilir ki, müsəlmanlar terrorçudur. Azərbaycan da müsəlman ölkəsidir axı...

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti