`İsrail ermənilərin nazı ilə oynamamalıdır`

`İsrail ermənilərin nazı ilə oynamamalıdır`
  08 İyul 2016    Oxunub:4012
“Jerusalem Post” qəzeti yazır ki, bir neçə gün əvvəl Türkiyə ilə İsrail münasibətlərinin normallaşması haqqında sazişin imzalanmasına baxmayaraq, iyulun 6-da İsrail Knessetinin sədri Yuli Edelşteyn və bu ölkənin parlamentinin bəzi deputatları hökuməti qondarma “erməni soyqırımı”nı tanımağa çağırıblar.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Zamanın çağırışları” analitik informasiya portalında dərc olunan “İsrail Knesseti və qondarma “erməni soyqırımı”: siyasi təxribat, yaxud sağlam düşüncənin növbəti qələbəsi” sərlövhəli məqaləsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut yazıb.

Knessetdə baş tutan diskussiyaların bəzi təfərrüatını açıqlayan A.Qut qeyd edir ki, İsrail parlamenti məsələni səsverməyə çıxarmayıb, çünki hökumətin mövqeyini təqdim edən portfelsiz nazir Tsaxi Xaneqbi məsələnin təhsil komissiyasında müzakirə olunmasını təklif edib. Yeri gəlmişkən, T. Xaneqbinin özü çıxışında “soyqırımı” sözündən istifadə etməyib, sadəcə 1915-ci il hadisələrini “faciəli hadisələr” adlandırıb.

Erməni diasporunun Knessetdəki lobbiçilərinin qondarma “erməni soyqırımı”nın tanınması haqqında məsələni birinci il qaldırmadıqlarını vurğulayan A.Qut yazır: “Hələ beş il əvvəl Knessetin təhsil, mədəniyyət və idman üzrə komissiyanın iclasında Cənubi Qafqaz üzrə ekspert kimi çıxış edərək vurğulamışdım ki, qondarma “erməni soyqırımı”nın tanınması o vaxt ağır, gərilmiş və gərgin halda olan Türkiyə-İsrail münasibətlərini nəinki sarsıdacaq, həm də məhv edəcək. Türk və yəhudi xalqları arasında 500 illik zəngin tarixi olan qarşılıqlı münasibətlər və anlaşma mövcuddur. Tarixi faktları unutmamalıyıq. Vaxtilə Türkiyə sultanı İspaniya yəhudilərinə hər cür vətəndaşlıq hüquqları verib və onları tamamilə məhv olmaqdan xilas edib. Avropa yəhudilərinin qorxunc və dəhşətli qırğına məruz qaldıqları İkinci Dünya müharibəsi illərində Türkiyə yəhudiləri müdafiə və xilas edib”.

A.Qutun fikrincə, qondarma “erməni soyqırımı”nın tanınması İsrailin Azərbaycan ilə münasibətlərini ciddi şəkildə pozacaq. O deyib: “Bu gün artıq bir faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin Azərbaycan kimi İsraillə sıx, mehriban münasibətləri yoxdur. Ciddi geosiyasi və geoiqtisadi perspektivləri olan Azərbaycan Cənubi Qafqazda əsl regional liderdir. Son 25 ildə bizimlə Azərbaycan arasında çox ciddi strateji tərəfdaşlıq münasibətləri yaranıb. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə bu ölkədə heç vaxt antisemitizmin olmadığına görə deyil. Rəsmi Bakı başqa ölkələrdə də antisemitizmin hər hansı təzahürünü dəfələrlə pisləyib və pisləməkdə davam edir. Rəsmi Bakı indiyədək Təl-Əvivdə diplomatik missiya açmasa da, Azərbaycan hökuməti İsrailə çoxsaylı rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində İsraildən Bakıya gələn çox sayda nümayəndə heyətini salamlayır. Azərbaycan neftinin satın alınması, İsrailin bu ölkənin iqtisadiyyatına və kənd təsərrüfatına yatırdığı sərmayələr sayəsində Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənməyə davam edir. Azərbaycanın yüksək texnologiyalar, telekommunikasiyalar, neft-qaz, təbabət, kənd təsərrüfatı kimi müxtəlif sahələrində İsrailin xeyli iri şirkəti fəaliyyət göstərir”.



Dünya bazarında İsrailin Azərbaycan neftinin əsas alıcılarından biri olduğunu qeyd edən məqalə müəllifi yazır: “Azərbaycan ilə daha sıx qarşılıqlı münasibətlər axtarmaq üçün İsrailin daha bir neçə səbəbi var. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı, o cümlədən İsrailin istehlak etdiyi neftin təchizatının 40 faizinin təminatçısı kimi mühüm rol oynayır. Azərbaycan Avropa üçün də enerji resurslarını şaxələndirməyin və təhlükəsizliyin əsasıdır. Azərbaycan təkcə regionun iri energetika mərkəzi deyil, həm də əsas neft və təbii qaz istehsalçısıdır.

A.Qut vurğulayır ki, Azərbaycanda yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayıblar, onları ümumi tarix və tale bağlayır. Ekspert belə bir sual qoyur: “Azərbaycan əsl sivilizasiyalararası və konfessiyalararası dialoq örnəyidir və örnək olmağa davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün Azərbaycan siyasi və sosial şəraitin yaradılması, stimullaşdırılması istiqamətində lazımi səylər göstərib. Azərbaycan dövləti öz hesabına yəhudi icması üçün iki müasir sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edib. Mənə dünyada, heç olmazsa, bir xristian, yaxud bir müsəlman ölkəsi göstərin ki, öz hesabına sinaqoq tikdirsin. Bu, Azərbaycan dövlətinin və onun rəhbərliyinin yəhudi xalqına və İsrail Dövlətinə rəğbətini bir daha sübut edir. Mənə izah edin görüm, biz nə üçün qondarma “erməni soyqırımı”nı tanımalıyıq? Ermənistandan və ermənilərdən kompliment eşitmək üçünmü? Başa düşürəm ki, İsrail parlamentinin sədri və Zaxava Qalyon kimi bəzi iyrənc deputatlar erməni lobbisinin siyasi təzyiqi altında ola bilərlər. Amma bu gün qondarma “erməni soyqırımı”nı belə inadla tanımağa çalışanların heç biri Ermənistanın daxilindəki vəziyyətə baxmayıb. Onlar hansı ölkənin və hansı rəhbərliyin nazı ilə oynayırlar?”.
Arye Qut bildirib: “Ay yarım əvvəl Ermənistan paytaxtında erməni faşisti və antisemit general Njdenin abidəsinin rəsmi açılış mərasimi oldu. General Njdenin xatirəsinin abədiləşdirilməsi rüsvayçılıqdır və Holokost qurbanlarının xatirəsini təhqir etmək deməkdir. Bu gün artıq danılmaz faktdır ki, Ermənistan uzun illərdir yəhudiləri mənəvi zorakılığa məruz qoyur. Bu da özünü antisemit ruhlu kitabların çap olunmasında, televiziyada antisemit xarakterli verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanlarının memorial lövhəsinin dəfələrlə təhqir olunmasında göstərir.

Erməni faşisti və antisemit Njdenin abidəsinin qoyulması bir daha sübut edir ki, müasir Ermənistanda həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini qırmış faşistlərə irimiqyaslı pərəstiş yaradılıb. Mən tamamilə əminəm ki, əgər Ermənistan rəhbərliyi bu gün faşizmi təbliğ edirsə, sabah eyni müvəffəqiyyətlə Hitlerə də abidə ucalda bilər. Qeyd edək ki, faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir, bu addımların arxasında dövlət, daha doğrusu, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır. Onda bəs İsrail parlamentinin deputatları hara baxır? Məgər bu, yəhudilərin şərəf və ləyaqətinə toxunmur? Doğrudanmı onlar Ermənistanda faşizmin dirçəldilməsinə, yaxud bu ölkədə antisemitizm faktlarına belə etinasız baxmağa hazırdırlar?”.

Ekspert vurğulayır ki, deputatların qondarma “erməni soyqırımı” məsələsini qaldırmalarının səbəbi onların problemdən xəbərsiz olmalarından, İsraildəki erməni diasporundan elektoral kapital toplamağa çalışmalarından irəli gəlir.
Müəllif yazır : “Arxiv sənədləri ilə təsdiq olunmuş tarixi faktlar var. General Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna yararsız olan digər insanları məhv etmək olub. Njde minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu sayəsində yəhudilərdən tam təmizlənib. Məgər bundan sonra biz erməni faşisti və antisemitinin müasir Ermənistanda milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərik? Sadəcə başa düşmək lazımdır ki, müasir Ermənistanda faşistlərin və antisemitlərin tərifinin göylərə qaldırılması Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti, antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər”.

A.Qut İsrailin 9-cu Prezidenti Şimon Peresin “Yəhudi xalqının Holokostunu başqa xalqın faciəsi ilə müqayisə etmək olmaz” sözlərini xatırladaraq vurğulayıb: “Bu bir faktdır ki, Avropada faşizm yəhudiləri yalnız yəhudi olduqları üçün məhv edib. Ermənilər isə onlara Osmanlı imperiyası ərazisində öz dövlətini yaratmağı vəd etmiş çar Rusiyasının siyasətinin qurbanı olublar”.

A.Qut fikrini belə yekunlaşdırıb: “Biz İsrailin milli maraqları barədə düşünməliyik, erməni lobbisinin istəklərinə rəvac verməməliyik. Müasir Ermənistanın və onun rəhbərliyinin xalqımın nümayəndələrini məhv etmiş faşistləri rəsmi səviyyədə təbliğ etdiyi və onlara sitayiş yaratdığı bir vaxtda erməni xalqı qarşısında hansı mənəvi məsuliyyətdən danışmaq olar?! ABŞ Antidiffamasiya Liqasının məlumatına görə, Ermənistan antisemitizmin səviyyəsinə görə postsovet məkanında birinci yeri tutur, bu ölkə monoetnikdir, burada yəhudiləri barmaqla saymaq olar. Yaxşı ki, mənim ölkəmdə, xüsusən parlamentdə konstruktiv siyasi qüvvələr var. Onlar yaxşı başa düşürlər ki, İsrailin Azərbaycana və Türkiyəyə münasibətdə strateji maraqları faşizmin, terrorizmin dövlət ideologiyasının bir hissəsinə çevrildiyi Ermənistan və erməni xalqı qarşısında anlaşılmaz və məntiqdən uzaq “mənəvi öhdəliklər” çox-çox əhəmiyyətlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti