Argentina-Azərbaycan dostluq qrupu yaradıldı

Argentina-Azərbaycan dostluq qrupu yaradıldı
  09 İyul 2016    Oxunub:1959
2015-ci ilin sonunda tərkibi yenilənmiş Argentina Parlamentinin Senatında Azərbaycanla Dostluq Qrupu yaradılıb.
Bu barədə XİN-dən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Azərbaycanın Argentinadakı Səfirliyinin məlumatına əsasən, Argentina Senatının Xarici əlaqələr və etiqad komissiyası Səfirliyə məktub ünvanlayaraq Dostluq Qrupunun yaradılması barədə məlumat verib.

Dostluq Qrupuna əsas etibarilə iqtidar “Dəyişək” və keçmiş iqtidar “Qələbə uğrunda Cəbhə” siyasi bloklarına mənsub 8 senator daxildir və onlar Argentinanın ən böyük əyalətlərini təmsil edirlər. Qrupun rəhbəri senator Valter Barrinuevodur.

Dostluq Qrupunun tərkibi yaxın iki il üçün nəzərdə tutulmuşdur. Qrupa yaxın vaxtlarda digər senatorların da qoşulacağı gözlənilir.

Senatdan daxil olmuş məktubda Dostluq Qrupunun yaradılmasının parlamentlərarası əlaqələr üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir və bunun iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti