Şəhid polkovnikin ad günü: Yaşasaydı 44 yaşı olacaqdı... (FOTOLAR)

Şəhid polkovnikin ad günü: Yaşasaydı 44 yaşı olacaqdı... (FOTOLAR)
  12 İyul 2016    Oxunub:72431
Bu gün aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Bu münasibətlə Sumqayıtın Şəhidlər Xiyabanında şəhid komandirin anım mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, anım tədbirində şəhidin ailə üzvləri, qohumları, döyüş yoldaşları, idmançılar və ictiamiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin qardaşı Zabil Orucov bildirib ki, Raquf Orucovun keçdiyi döyüş yolu gələcək nəsillər üçün örnəkdir: “Aprel döyüşləri Azərbaycan ordusunun gücünü göstərdi. Ölkəmizdən kənarda da hərbçilərimizin qəhrəmanlıqlarından danışılır. Raquf Orucov 26 ilin vətən yolunda xidmət edib. Bütün xidməti boyu ön cəbhədə olub. O, Naxçıvandan başqa ölkənin bütün bölgələrində xidmət aparıb. Mənim üçün ən çətin söz “Allah qardaşına rəhmət eləsin” sözüdür. Raquf Orucov bizim üçün yaşayır. Biz həyatdan köçənədək, o bizimlə olacaq”.



Z.Orucov qardaşının şəhid olmasından sonra atasının iki dəfə infarkt keçirdiyini deyib: “Atam Raquf şəhid olandan sonra 2 dəfə infarkt keçirib. Ona görə də burada iştirak edə bilmir. Baxmayaraq ki, qardaşıma Milli Qəhrəman adı verilməyib, ancaq onun qəhrəmanlığı xalq tərəfindən Milli Qəhrəman kimi qiymətləndirilir. Biz istərdik ki, bu ad ona sənəd üzərində də verilsin”.



R.Orucovun xanımı Sevinc Orucova isə bildirib ki, kiçik oğlu azyaşlı olduğu üçün atasının ölümünü qəbul edə bilmir: “Oğlum atasının öldüyünə inanmır. Deyir ki, atam qayıdacaq. Raqufun sonuncu ad gününü 2010-cu ildə qeyd etmişdik. O, doğum gününü hər zaman əsgərləri ilə birlikdə qeyd edirdi”.

Ağdamın keçmiş icra başçısı Nizami Sadıqov anım mərasimində çıxış edib. O, bildirib ki, icra başçısı işlədiyi dövrdə Raquf Orucov Ağdamda briqada komandiri olub: “Onunla hər ay 2-3 dəfə görüşümüz olurdu. Daha çox hərbçilərin təminatı ilə maraqlanırdım. Birlikdə nahar edirdik. O, öz əsgərlərini sevən komandir idi. Soruşurdum ki, döyüş hazırlığı hansı səviyyədədi? Əgər ölkə başçısı tərəfindən əmr verilərsə, hansı mövqeyə qədər irəliləyə bilərsiz? Raquf deyirdi ki, Ali Baş Komandan əmr versə, 1 sutka ərzində Ağdamı işğaldan azad edərəm. Hər zaman bunu deyirdi. Raquf çox cəsarətli və igid insan idi”.



Boks üzrə Olimpiya üçüncüsü Şahin İmranov, Olimpiya çempionu Fərid Mansurov, peşəkar boksçu Fariz Məmmədov və Paraolimpiyaçı İlham Zəkiyev də Raquf Orucovun anım mərasiminə qatılıblar.

Fariz Məmmədov 2013-cü ildə Raquf Orucovun komandiri olduğu “N” saylı hərbi hissədə keçirdiyi görüşdən söz açıb. Dəfələrlə dünya çempionu olan idmançımız bildirib ki, həmin görüşlərdə şəhid komandirin dediyi sözlər onun yaddaşına yazılıb.

“Raquf Orucov hər zaman deyirdi ki, torpaqlarımız işğal altındadır biz rahat yaşaya bilmərik. Daim torpaqlarımızın düşmən tapdağından azad olunması haqqında düşünməliyik. O, çox cəsarətli insan idi”.



Olimpiya çempionu Fərid Mansurov deyib ki, bu gün yetişən gənclik ölkəmizdə belə qəhrəmanların olmasından xəbərdar olmalıdır.

Raquf Orucovun döyüş yoldaşı onun peşəkar hərbçi olduğunu deyib. Qeyd edib ki, Raquf Orucovun adı çəkiləndə hər kəs ilk növbədə kəşfiyyatçı deyirdi: “Raquf çox uğurlu kəşfiyyat əməliyyatları keçirib. Dəfələrlə düşmən ərazisində olub. Hər zaman kəşfiyyatdan qayıdanda gülürdü. Deyirdi ki, bütün şəxsi heyəti sağ-salamat gətirdiyim üçün gülürəm”.



Çıxışlardan sonra ailə üzvləri tərəfindən ölkə başçısına müraciət oxunub. Onlar müraciətlərində şəhid polkovnik-leytenant Raquf Orucovun ölümündən sonra Milli Qəhrəman adına layiq görülməsini xahiş ediblər.







Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti