Türkiyədə hərbi çevriliş cəhdi - TRT-nin binası tutuldu

Türkiyədə hərbi çevriliş cəhdi - TRT-nin binası tutuldu
  16 İyul 2016    Oxunub:3752
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının internet ünvanından "Ölkə hakimiyyətinə tamamilə əl qoyuldu" açıqlaması yayılıb.

AzVision.az xəbər verir ki, bundan dərhal sonra Silahlı Qüvvələrə aid birliklər İstanbulda bir neçə binanı və əhəmiyyətli yolları nəzarətə götürüb. Ankara və İstanbulda atışma səsləri eşidilib.

Hazırda Istanbulda Atatürk Hava limanını və TRT-nin binasında hərbçilər nəzarəti ələ alıb. Bundan başqa Taksim meydanının da hərbçilər tərəfindən ələ keçirildiyi bildirilir.

Hazırda TRT-də hərbçilərin bəyanatı oxunur. Bəyanatda qeyd olunub ki, AKP partiyasının iqtidar olduğu dövrdə ölkənin nüfuzu düşüb, əhalinin sosial durumu pisləşib.

Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında bildirilir ki, Konstitusiyanın bərpası, demokratiya, insan haqlarının təkrar təmin edilməsi və təsis edilməsi, ölkədə hüququn üstünlüyünün yenidən hakim mövqeyə gəlməsinin, pozulmuş qaydaların təkrar bərpa edilməsi məqsədi ilə ölkə idarəçiliyi ələ keçirilmişdir. Bütün dünya ölkələri ilə münasibətlərin yaxşı davam edəcəyinə ümid edirik. Vətəndaşlardan çölə çıxmamaq tövsiyyə edilib.

TRT1-də yayılan bəyanatda çevrilişi "Yurdda Sülh" Konseyinin etdiyi və bəyanatın bütün telekanallarda oxunmasının bir əmr olduğu bildirilir. Prezident Ərdoğan və hökumət xəyanətdə ittiham olunur.

Bu arada “Miliyyet” qəzetinin yaydığı xəbər görə, hazırda Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Atatürk hava limanna gedir. Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən hadisələrə, eyni zamanda İstanbul və Ankara şəhərlərində yaranmış vəziyyətə dair açıqlama verib:

“Təəssüf ki, bir neçə saat öncə bəzi nöqtələrdə nəqliyyatın hərəkətinin dayandırlması və bəzi önəmli binaların mühasirəyə alınması kimi hadisələr baş verdi. Dərhal da asayiş qüvvələrimiz hərəkətə keçdi. Cavabı artıqlamasıyla veriləcək. Xalqın iradəsini silah gücünə yox etmək cəhdinə yol verilməyəcək və bu işi görənlər qarşılığını ağır şəkildə ödəyəcəklər. Dövlətin, millətin verdiyi pulla alınmış silahları millətə tuşlayanlara ən ağır cəza veriləcək. Bu iş cəzasız qalmayacaq” – deyib.

Baş nazir baş verənləri “hərbi qiyam” adlandırıb və bildirib ki, gücə qarşı güç istifadə olunacaq: “Sonunda ölüm də olsa, gərəkən hər şeyi edəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti