Ermənistanda qiyam: Ölən və yaralılar var (VİDEO+YENİLƏNİB)

Ermənistanda qiyam: Ölən və yaralılar var (VİDEO+YENİLƏNİB)
  17 İyul 2016    Oxunub:31671
Ermənistanda bir qrup silahlı şəxs İrəvan yaxınlığındakı Erebuni rayonunda polis idarəsinin binasını ələ keçirib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, silahlılar müxalif "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Binanın silahlılardan azad edilməsi üçün əraziyə qoşun göndərilib. Hazırda Erebuni rayonuna gedən bütün yollar bağlanıb.

Qeyd edək ki, Sefilyan qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham olunur.

* * *

Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib. Silahlılar hakimiyyətin istefaya getməsini tələb edirlər.

“Biz artıq İrəvanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni məhəlləsinə nəzarət edirik”-deyə silahlıların yaydığı məlumatda bildirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib.

Yayılan məlumatlara görə, Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.



***

Ermənistandakı silahlı basqınla bağlı yeni məlumatlar yayılıb. Hazırda silahlı qrupla danışıqların aparıldığı bildirilir. Qeyd edilib ki, iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb.

***

“Lragir.am” saytının yaydığı məlumata görə, silahlı qrupun üzvlərindən Tatul Tamrazyan polislə atışma zamanı yaralanıb. Hər iki tərəfdən yaralıların olduğu bildirilir. İrəvan polisinin rəis müavini Valeriy Osipyan və Ermənistan Polisinin rəis müavini qiyamçılarla danışıqlar aparılması üçün hadisə yerinə göndərilib.

***

(Saat 13:46)

Bir qrup silahlı şəxs tərəfindən İrəvanda Daxili Qoşunların və polisin binasının ələ keçirilməsi zamanı bir polis əməkdaşı ölüb, ikisi isə yaralanıb.

Bu barədə RİA Novosti məlumat yayıb. Ölən və xəsarət alanların şəxsiyyəti barədə məlumat verilmir.

***

(Saat 14:03)

Ermənistan xüsusi təyinatlılarının İrəvanda Daxili Qoşunların və polisin binasının zəbt olunmasından sonra keçirdikləri əməliyyat nəticəsində girovlardan ikisi azad olunub.

AzVision.az xəbər verir ki, bu barədə “İnterfaks” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

“Bir polis əməkdaşı həlak olub, ikisi yaralanıb. Girovlardan ikisi azad olunub”, - deyə bildirilib.

“Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyanın azadlığını tələb edən müxalifətçilərdən biri sosial şəbəkədə ələ keçirilmiş polis binasında çəkilən video yerləşdirib. Həmin videoda silahlı qiyamçılar Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edirlər.



***

(Saat 15:16)

Silahlılarla görüşən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan yerli mətbuata açıqlamasında həmin şəxslərin Prezident Serj Sarkisyanın istefasını və yeni hökumətin qurulmasını tələb etdiklərini bildirib.

Hazırda 7 polis əməkdaşı girovluqda saxlanılır. Keçirilən əməliyyat zamanı bir polis əməkdaşı ölüb, ikisi isə yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti