`Dedilər, görmürsən, götürə bilmərik` - Gözdən əlil aparıcının həyat hekayəsi (MÜSAHİBƏ)

`Dedilər, görmürsən, götürə bilmərik` - Gözdən əlil aparıcının həyat hekayəsi (MÜSAHİBƏ)
  11 Avqust 2016    Oxunub:19577
AzVision.az-ın həmsöhbəti 104 fm -də “İdmanda” proqramının aparıcılarından biri olan Anar Nəbidir. 22 yaşlı Anar gözdən birinci qrup əlildir. Radioda çalışmaqla yanaşı, Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil alır.

- Ailəmiz 4 nəfərdən - atamdan, anamdan və əkiz qardaşımdan ibarətdir. Ailədə yalnız mənim görmə qabiliyyətim yoxdur. 16 yaşıma kimi az da olsa, görürdüm. Bir növ həkimlərin də səriştəsizliyi nəticəsində görməmi tamamilə itirdim. Gözümün xəstəliyini kitabdan vərəqləyib, tapırdılar. Gözdən başı çıxan normal həkim yox idi ki, düzgün təyinat versin...

Ancaq istəməzdim ki, söhbətimizi yalnız mənim üzərimdə quraq. İstərdim ki, Azərbaycanda görmə qabiliyyəti olmayan digər insanları da narahat edən bir neçə məsələdən danışaq. Bizi narahat edən problemlərdən biri ali məktəblərdə təhsil haqlarını verə bilməməyimizdir. Bu il 10 min abturiyent 0-200 arası bal toplayıb. Ancaq mən sizə bir faiz belə görmə qabliyyəti olmayan uşaqlar göstərərəm ki, 400-dən yuxarı bal toplayırlar. Onların ailələrində maddi imkan yoxdur ki, 1800-2500 manat ödəyib, övladlarına təhsil versinlər. Hamı ağızdolusu əlil insanların inteqrasiyasından danışır, ancaq bu, dildədir. Dövlət proqramında var ki, hər idarədə azı iki əlil işləməlidir. Reallıq isə budur ki, heç biri də işləmir.



Neçə radioya, televiziyaya getdim. Dedilər ki, hər şey - danışığın, nitqin yaxşıdır. Ancaq sənin gözün görmür, biz səni götürə bilmərik. Düzdür, mən o mərhələni keçmişəm, artıq 3 ildir ki, “Space”də işləyirəm, ölkənin yeganə əlil idman aparıcısıyam. Bu, çoxlarına təccüblü gəlir, amma təccüblənmək lazım deyil. Normal, adi bir şeydir. Millət vəkllərindən tutmuş, idmançılara, əməkdar idman xadimlərinə kimi qonaqlarımız olub.

- Siz özünüz təhsil haqqı ödəyirsiniz?

- Təhsil haqqımı istərdim öz maaşımla özüm ödəyim. Ancaq buna gücüm çatmır. Qənirə Paşayeva və İlham Zəkiyev təhsil haqqımı birbaşa, kökündən həll ediblər. Ancaq gəlin görək, hamının belə şansı varmı? Kifayət qədər böyük məbləğdir. Hər adamın bunu verməyə imkanı yoxdur. Mən onlarla əlil tanıyıram ki, 400-dən yuxarı bal toplayıb, amma təhsil haqqını verməyə gücü çatmayıb.
Siz gözlərinizi iki dəqiqəlik yumun, görün, necə olur? Gəzə bilməyəcəksiniz, həmən gözünüzü açacaqsınız. Ancaq o insanlar bir faiz belə görmədən, 400-dən çox bal toplayırlar.




Qoy, mənim yaşadığımı məndən sonra gələnlər yaşamasın. Gözüm görmür, ancaq diplomum var, savadlıyam. İstəməzdim ki, hansısa radioda, telviziyada əlil işləyəndə ona hamı qəribə baxsın. Bir də, insanın özündən çox şey asılıdır. 18 yaşım olanda evdə ayağımı yerə dirədim ki, vəssalam, mən sizin himayənizdə yaşamaq istəmirəm. O mənada ki, öz ayağımın üstündə durmaq istəyirdim. Çalışırdım ki, evdən bir qəpik də olsa, pul almayım. Mən elə gənclər görürəm ki, sağlamdır, amma şikayət edir ki, iş-güc yoxdur. Pul qazanmaq istəyən daşdan da qazanır, fəhləlik edir. Bunu özünə ayıb bilməməlidir. Bir də, savadlı olmaq lazımdır.

- Əlillərin inteqrasiyasından danışdınız. Cəmiyyətimiz buna nə dərəcədə hazırdır?

- Mənim ən nifrət etdiyim şey odur ki, bizə yazıq gözü ilə baxsınlar. Bir çox yerlərdə müsahibə verəndən sonra fona ağlamalı mahnılar qoyurlar. Bunlar nəyə lazımdır? Şükür Allaha, nə olub ki? Bax, belə bir şəraitdə inteqrasiyadan danışmaq mümkün deyil.

İndi mənə gözlə, müalicə ilə bağlı danışanda deyirəm ki, lazım deyil. Bu gün işimlə, karyeramla məşğulam. Həyatımda, işimdə dayanmaq söhbəti olmamalıdır. Həyatı boyu oturub gözümü düşünsəm, dərd etsəm, heç vaxt qabağa getməyəcəyəm.

Bir gün yolun qırağında dayanmışdım. Mənə bir sağlam oğlan yaxınlaşdı ki, qardaş, mənə Allah yolunda nəzir ver. Dedim ki, mən sənə bir manat verəcəyəm, ancaq sən məni bu yoldan keçirt. Və bu bir manatı da sən halal yolla qazanacaqsan. Dilənirsən, heç bir əziyyət çəkmirsən. İynənin ucu qədər də olsa əziyyət çəkib, bu pulu qazanacaqsan. Dilənçi kimi yox.

Dedi, sən görmürsən? Dedim, xeyir. Soruşdu ki, haradan gəlirsən? Dedim, işdən. Dedi, siz görümürsünüz və işləyirsiniz? Dedim, bəli. Dedi, kül mənim başıma, mənim əlim-ayaqım, gözüm yerindədir, ancaq dilənirəm. Dedim, elə danışma, amma ki, dilənməyi də özünə peşə bilmə.



- İşə tək gedib-gəlirsiniz?

- Bəli, kiminsə məni aparıb-gətirməsini istəmirəm. Bir dəfə eskalotora mindim, bir də gördüm, bir polis mənə yaxınlaşdı: “Gəl mənimlə birlikdə gedək”,- dedi. Dedim, niyə? 3 ildir ki, bu yolu özüm tək gedib-gəlirəm. Deyir, mən fikir verirəm, siz bu yolu hər gün özünüz gedib-gəlirsiniz. Ancaq sizin gözünüz görmür, hara gedirsiniz? Deyirəm, işə gedirəm. Təəccüblə soruşur ki, hansı işə? Biləndə ki, radioda verliş aparıcısıyam, şoka düşdü.

Başa düşmürəm, axı bu, niyə qəribə gəlməlidir, mən lal deyiləm, göz qüsurum var da. Danışa bilirəm ki. Oxuduğumu biləndə ikinci dəfə təccübləndi. Belə şeylər mənə pis təsir edir, istəməzdim belə təəccüblə baxsınlar, şoka düşsünlər.

İşdən evə qayıdarkən çox yavaş-yavaş getməyə çalışıram ki, hansısa problemlə qarşılaşmayım. Ancaq Allah etməsin, təsadüfən kiməsə yüngülcə toxunsam, ayağını tapdalasam, elə reaksiya yaranır ki… Hər şey belə kiçik şeylərdən başlamalıdır ki, böyük işlərə doğru getsin.

Mən istəmirəm ki, əlil arabasında olan insanlar bütün günü evdə qalsınlar. Yüzlərlə insan 4 divar arasında oturub. Halbuki, onların hər sahədə yaxşı qabiliyyətləri var.

Səsli svetaforlar olmalıdır. Gəlin görək, neçə küçədə var? Məşğulluq idarələrində sağlam insanlar iş tapa bilmirsə, əlil necə tapsın? Heç olmasa baxış dəyişsin, baxış dəyişsə, hamısı həll olunacaq.




- Əlillərlə bağlı təşkilatlar, cəmiyyətlər bu insanların həyatında nə kimi rol oynayırlar?

- Bu cəmiyyətlərdən, təşkilatlardan çalışıram uzaq olum, özümün yolum olsun. Çünki onlar dildə başqa, əməldə başqa sözlər deyirlər. Kömək yoxdur.

- Bəs hazırda işlədiyiniz radioya gələndə size necə qarşıladılar?

- Mən bura gələndə tərəddüdsüz qəbul olundum. Zəngləri qoşan produsser kimi çalışırdım. Ancaq yavaş-yavaş üzərimdə işlədim. Bundan sonra da yerimdə dayanmaq fikrim yoxdur. “İdmanda” həftə içi 5 gün yayımlanır. 19 aydır ki, gedir. Mən və Elnur Əsəd birlikdə aparırıq. Unversitetdə də 4-cü kursa keçdim. İşim və dərsim bir–birinə heç bir maneçilik törətmir.

Həmçinin şahmatda ikinci dərəcəm var. Bir çox yarışlarda olmuşam. Amma mən şahmatı istəmədim. Insan gərək içindən gələn sahəyə gedə. Çox adam dedi ki, radioya getmə, sıfırdan başlama, sənə çətin olacaq, şahmatda nəticələrin var… Dedim, yox. Özümü ancaq mikrofon arxasında görürdüm. İnsan böyük qüvvədir, gücə malikdir. İstədiyini imkan daxilində edə bilər. Ruhdan düşmək lazım deyil.

Şahanə Rəhimli
Elvin Abdulla



Teqlər:  





Xəbər lenti