SOCAR istiqrazlarını təqdim etdi

SOCAR istiqrazlarını təqdim etdi
  16 Sentyabr 2016    Oxunub:1885
SOCAR istiqrazlarının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, SOCAR hazırda işçi sayına və büdcəyə ödədiyi vergilərə görə avanqarda çevrilib. R.Abdullayev bildirib ki, SOCAR tərəfindən Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətlərinin sırasında ilk layihə olaraq bu il sentyabrın 20-dən etibarən ABŞ dolları ilə illik 5 faiz gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılacaq.

Satış üçün son tarix bu il oktyabrın 10-na təyin edilib. Bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır. İstiqrazların buraxılışı tək mərhələdə və 100 milyon ABŞ dolları həcmində olacaq. İlk yerləşdirilmə zamanı SOCAR istiqrazlarını Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edəcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkündür.

Bildirib ki, SOCAR ıstiqrazlarını "AzFinance Invest", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital", 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank”, “Rabitəbank” və “Xalq Bankdan” əldə etmək mümkün olacaq. İstiqrazlar bütün növ vergilərdən azaddır.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib ki, hazırda SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir.

"SOCAR istiqrazlarının ölkənin qiymətli kağızlar və maliyyə bazarlarının inkişafında müstəsna xidmətləri olacaq. Bu istiqrazlar dövlət-vətəndaş həmrəyliyinə öz əhəmiyyətli töhfəsini verəcək", - deyə N.Əmirov əlavə edib.

Qeyd olunub ki, SOCAR istiqrazları Azərbaycanın maliyyə bazarlarının inkişafı baxımından böyük addımdır. SOCAR istiqrazları sentyabrın 20-dən satışa çıxarılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti