Çempionluqdan qoçuluğa doğru

Çempionluqdan qoçuluğa doğru
  03 Oktyabr 2016    Oxunub:14232
Aqşin Yenisey

Təsadüf - bir müharibədə müdafiə zərurəti üzündən torpağa basdırılan və unudulan, illər sonra başqa bir müharibədə hücum zamanı zərurət olmadan partlayan və bəlkə də, bu müharibənin taleyini həll edən zaman əleyhinə minadır. Tarixdə təsadüf yoxdur.


Tarixin başdan-ayağa mistik təsadüf olduğuna inanan idealistlərə və tarixin bütünlüklə zərurət qanunları ilə idarə olunduğunu söyləyən realistlərə aid nümunəni hind padşahı İndira Qandinin düşüncələrində axtaraq; Qandi yazır: “Hindli üçün gələcək zaman anlayışı yoxdur. Qərbli on, iyirmi, bəzən əlli il qabağı fikirləşir, hindli isə ənənəvi Hindistan problemini çözmək istəyəndə zamanı əbədiyyət kimi qəbul edir”.

Bu əlüstü filosofluqdan sonra gələk mətləb üstünə. Bu yaxınlarda saytlarda belə bir xəbər yayıldı ki, İŞİD-ə qoşulan güləş çempionu öldürülüb. Nə üçün İŞID-ə (oxu: istənilən cinayətkar qruplaşmaya) qoşulanların arasında sağlam bədəndə sağlam ruh daşıyan idmançılara, hətta cürbəcür idman yarışlarının çempionlarına daha çox rast gəlinir?

Suala verilən “dini təəssübkeşlik” cavabı o qədər də inandırıcı görünmür, çünki Şərqin ortasında gedən bu müharibədə din vasitə olsa da, müharibənin özü dini müharibə deyil ona görə ki, bu coğrafiyada heç bir din qlobal təcavüzlə üzləşməyib, vətən müharibəsi deyil ona görə ki, müharibə aparan qüvvələr onlara qarşı döyüşənlərlə yanaşı, öz dinc həmvətənlərini də öldürürlər, vətəndaş müharibəsi deyil ona görə ki, qan bir neçə ölkənin ərazisində axıdılır.

Müharibədən çox müharibə öncəsi ölkələrarası hərbi təlimə bənzəyən bu qaydasız döyüşə Azərbaycandan əzələ axınının nədəninə gəlincə, gərək tarixin və coğrafiyanın üfüq xəttini aşmağı bacaraq. Çünki bu cür ölkələrarası qaydasız döyüşlərin baş verməsi üçün iri sui-qəsdçilərin illərlə düşündükləri xırda bəhanələri çoxları adi təsadüf kimi qiymətləndirir. Məsələn, Şimali Vyetnamda kommunizmin güclənməsinin qarşısını almaq, Sakit Okean və Uzaq Şərqdə hərbi “yurd salmaq” üçün ABŞ özü Tankin körfəzində Vyetnam gəmiləri ilə öz gəmilərinə yüngülvari hücum etdi. Yaxud Sovet İttifaqı qonşu Əfqanıstanı zorla kommunistləşdirməkdən ötrü xəfiyyələrin əliylə SSRİ-yə meyilli əfqan partiya lideri Tərəkini onun rəqibi Əminə öldürtdürdü və qonşuluğundakı xaosu yatırmaq bəhanəsiylə ölkəyə qoşun yeritdi.

Hər iki müharibə alayarımçıq qələbə, alayarımçıq məğlubiyyət və alayarımçıq sülhlə başa çatdı. Bu çür alayarımçıq nəticələrlə başa çatan eksperimental xarakterli müharibələr özlərindən geriyə cinayətkar dəstələr, terrorçu təşkilatlar, amansız daxili çəkişmələr və bütün bu özbaşnalıqları həyata keçirən sağ qalmış xeyli bekar döyüşçülər qoyub gedirlər. Müharibə qurtardığı üçün artıq mənsub olduqları cəmiyyətlərin yararsız üzvlərinə çevirilən belə keçmiş döyüşçülər öz təcrübələrini dinc dövrdə zorakı yollarla pula və hakimiyyətə çevirməyə can atırlar. Yenə məsələn, sovet qoşunu Əfqanıstandan çıxandan sonra həyat tərzi döyüşmək olan bekar mücahidlər iki yerə bölündülər; birincilər “işləmək” üçün muzdlu kimi regiona yaxın kiçik münaqişə ocaqlarına döyüşməyə yollandılar, ikincilər isə vətəndə iki cəbhəyə bölünüb qəpik-quruş hesabına bir-biriləri ilə döyüşməyə üstünlük verdilər. Yaxud 1965-ci ildə ABŞ-dan Vyetnam sahillərinə döyüşçü gətirən nəhəng esmines gəmiləri 1975-ci ildə Vyetnamdan geriyə potensial cinayətkarlar aparırdı.

Daha bir qeyd: Berlin şəhəri sovet qoşunları tərəfindən tutulandan və Almaniya diz çökəndən sonra Stalin Qızıl əsgərlərə Alman xalqı ilə istədikləri kimi rəftar etməyə icazə verdi və bir-iki ay ərzində bekar sovet əsgərlərinin dinc əhaliyə qarşı özbaşınalığı o həddə çatdı ki, Stalin nəzarətdən çıxan cinayətkarlığın qarşısını almaq üçün xüsusi təyinatlı dəstələrə intizam qaydalarına tabe olmayanları yerindəcə güllələməyi əmr etdi.

İdmançıların hansısa terror təşkilatlarına, cinayətkar dəstələrə qoşulmasının səbəblərinə gəlincə, sözsüz ki, burada söhbət sağlam bədənlərində sağlam ruh gəzdirən idmançılardan deyil, sağlam bədənlərində nəinki sağlam, xəstə ruh, ümumiyyətlə, ruh əvəzinə cin-şayətin hərəmxanası bəsləyən, həvəskar idman klublarının keçirdiyi turnirlərdə özləri kimi əzələ düşkünlərinin ağız-burnunu partladıb qalib olan həvəskar ailə, qohum-əqrəba çempionlarından gedir.

Onları idmana gətirən səbəb fitri ehtiras yox, peşəkar idmançıların halal şöhrətinə və bu şöhrətin onlara gətirdiyi hörmətə kəsə yolla, şappadan yiyələnmək hərisliyi olduğu üçün belə fısdırınkə idmançıların uğursuz gələcəyini onların keçmiş istəklərinin ucuzluğunda axtarmaq lazımdır. Düzdür, Azərbaycanda ilk qələbədən sonra statusentrik şöhrətin şiddətindən Makedoniyalı İsgəndər kimi buynuz çıxaran, amma növbəti yarışda rəqibinin altında şor motalı kimi su buraxan xeyli ərköyün peşəkar çempionlar olsa da, onlar, heç olmasa, gözə görünməmək üçün məşqçidən-zaddan işləyirlər.

İqtisadiyyatda pul çəkisinin artıqlığı infilyasiyaya səbəb olduğu kimi, bizim ailə, məhlə çepionlarının çoxalması da cəmiyyətdə ünvansız gücün, yararsız əzələ kütləsinin bolluğuna gətirib çıxarır ki, bu da ölkədə zorakılığın, cəngəllik qanunlarının, məişət heyvərəliyinin adiləşməsini sürətləndirir. Onlar Selincerin təsvir etdiyi, acgözlükləri ucbatından şişənəcən banan yedikləri üçün girdikləri çaladan nə irəli, nə də geri üzə bilməyib tələf olan banan balıqlarıdır; geri qayıda bilmirlər, çünki lağlağı qəhrəmanlarına çevriləcəklər, irəli gedə bilmirlər ona görə ki, peşəkar idmanın şərtlərinə uyğun deyillər. Beləliklə, onlar günahkar axtarışına çıxırlar; kimdir bu uğursuzluğun, çıxılmazlığın günahkarı? Əlbəttə, günahkar başqalarıdır. Başqalarını tapmaq və cəzalandırmaq yanğısı onlardan kimisini cinayətkar qruplaşmalara, kimisini terrorçu təşkilatlara, kimisini xeyir-şər, məhlə qoçuluğuna, kimisini də, sadəcə, küçədə-bacada şit qanun pozğunu səfilliyinə sürükləyir.

Onlar bir vaxtlar şöhrət naminə dünyanın yeddi möcüzəsindən (oxu: müqəddəs dəyərlərindən) biri sayılan Artemida məbədini yandıran Herostratlar idilər, indisə muzdlu terrorist, sifarişli qatil, yaxud sadəcə, məhlə qoçusudurlar.
Bu yolların isə heç biri Romaya aparmır.


Teqlər:  





Xəbər lenti