Təhlükədən təmizlənən “Xaçınçay” – FOTOLAR

// Fərrux əməliyyatından sonra su anbarının bütün perimetri nəzarətə alınıb

   Təhlükədən təmizlənən “Xaçınçay” –    FOTOLAR
  13 Aprel 2022    Oxunub:7453
Azərbaycan Silahlı qüvvələrinin martın 24-də Xocalı rayonunun Fərrux kəndi və eyni adlı strateji yüksəkliyi istiqamətində apardığı "mövqe dəqiqləşdirilməsinin" əsas səbəblərindən biri Xaçınçayın məcrasının erməni terrorçularından qorunması və ərazidəki ən böyük su mənbəyi olan Xaçın su anbarının təhlükəsizliyinin təmin olunması idi.

"Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var",- deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.


1964-cü ildə istismara verimiş Xaçınçay su anbarı işğal müddətində təmirsiz və cari xidmətsiz qaldığından şlyuzbağlama və digər mexanizmləri yararsız vəziyyətə düşüb, 44 metrlik bəndinin üstündəki asfalt yol isə ağır texnikanın hərəkətinə görə tamamilə dağılıb.


Maraqlısı odur ki, Ermənistan əsgərləri su anbarının ətrafındakı Xaçındərbətli, Cinli və s. kəndləri dağıtmaqla kifayətlənməyərək, qəbristanlığın və hətta bəndin önündəki çökəkdə artilleriya kaponirləri qurmuşdu ki, Azərbaycan Silahlı Qüvvələrinin kontrbatareya zərbəsindən sığortalana bilsinlər. Çünki əks həmlə qəbristanlıqdakı qədim türbəni ya Xaçınçay su anbarının nəhəng bəndini uçura bilərdi.


Üçtərəfli Bəyanat imzalanandan və Ermənistan Silahlı Qüvvələrinin kontingenti Ağdam rayonundan çıxarılandan sonra perimetri nəzarətimizə keçən Xaçınçay su anbarının uzunluğu 940 m, ümumi həcmi 23 mln. m³-dir. Dərinliyi 37 metrə çatan hidroqurğu dəniz səviyyəsindən 507.4 m yüksəklikdə yerləşir.


Ağdamın minalardan təmizlənən ərazilərinin suvarılmasında böyük rol oynayacaq su anbarı mövqe dəqiqləşdirilməsi əməliyyatından və Azərbaycan ordusunun Fərrux, 1145 və 1050.8 adsız yüksəkliklərini nəzarətə almasından sonra, təhlükəsiz şəkildə fəaliyyətinə davam edə bilər. Təbii ki, əsaslı təmirdən sonra...


Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ   Xaçınçay   Fərrux  



Xəbər lenti