Afrika uğrunda mübarizə davam edir

   Afrika uğrunda mübarizə davam edir
  22 Avqust 2022    Oxunub:2098
ABŞ dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəl Afrika ölkələrinə səfər etməsi Qərb mətbuatının diqqət mərkəzindədir. Blinkendən əvvəl Afrika ölkələrinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransa prezidenti Emmanuel Makron da səfər etmişdi. Afrikada isə daha iki oyunçu da var. Bunlar Çin və Türkiyədir.
Afrika uğrunda yeni mübarizənin başlanmasını -a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Vaşinqtonun məqsədi Rusiya və Çinin Afrika qitəsinə artan təsirinin qarşısını almaqdır.

- Fransa və Türkiyə də qitədə fəaldırlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bu il Afrika ölkələrinə gedərək ikili əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib. Türkiyə şirkətlərinin Afrika ölkələrinə yatırımları artıb. Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin Afrika ölkələrində açdığı səfirliklərinin sayı da çoxalıb. Vaşinqtonu Fransa və Türkiyənin Afrikada fəallığı narahat etmir. ABŞ üçün əsas təhlükə Rusiya və Çinin Afrikadakı fəallıqlarıyla bağlıdır, - politoloq deyib

Ekspert qeyd edib ki, Vaşinqtonun məqsədinə çatacağı çətin görünür. Çünki Rusiya və Çin Afrika ölkələrində həm yatırımlarını, həm də ortaq şirkətlərin sayını artırıblar. Moskva və Pekinin Afrika ölkələrinin siyasi sistemi, demokratiya və insan hüquqları pozuntuları narahat etmir. Vaşinqton üçün isə bu qırmızı xətdir.

- Bu qırmızı xəttin varlığı ABŞ-ın Afrikanın bir çox ölkəsinə yatırım qoymasını əngəlləyir. Bu isə Rusiya və Çin üçün boşluqlar yaradır ki, Moskva və Pekin bundan istifadə edirlər. Çinin dövlət və özəl şirkətləri Afrika ölkələrinə milyardlarla dollar yatırım qoyublar, yeraltı zənginliklərin çıxarılması və satışı ilə məşğuldurlar. Çin şirkətləri uzunmüddətli müqavilələrə üstünlük verirlər. Bu Afrika ölkələrinin də maraqlarına cavab verir. Pekinin Afrika ölkələri ilə əməkdaşlığını genişləndirməsinin siyası hədəfləri də var. Çinin yatırımlarına ehtiyacı olan çoxsaylı Afrika ölkəsi Birləşmiş Millətlər Təşkilatındakı səsvermələrdə Çinin əleyhinə olan qətnamələrə və sənədlərə səs vermirlər. Bu amil də Vaşinqtonu ciddi narahat edir.

Elxan Şahinoğlunun sözlərinə görə, Vaşinqtonun Afrika ölkələri içərisində əsas tərəfdaşı Cənubi Afrika Respublikası (CAR) sayılır. CAR-da liberal institutlar, azad rəqabətə istinad edən bazar iqtisadiyyatı mövcuddur. Ancaq hətta CAR belə ABŞ-la yanaşı Rusiya və Çinlə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Təsadüfi deyil ki, CAR Rusiya və Çinlə birgə BRİKS təşkilatının üzvüdür. Buna görədir ki, CAR Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə etiraz etməyib. Bu ölkə neytral mövqedən çıxış edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Afrika   ABŞ   Rusiya   Çin   Türkiyə  



Xəbər lenti