Müharibənin taleyi çiplərdən asılıdır: Rusiya texnoloji defisitlə üz-üzə qalıb

 Müharibənin taleyi çiplərdən asılıdır:    Rusiya texnoloji defisitlə üz-üzə qalıb
  06 Sentyabr 2022    Oxunub:999
Rusiya artıq illərlə silah istehsalında güvəndiyi xaricdə istehsal olunan yüksək texnologiyalı çiplərin çatışmazlığı problemi ilə üzləşib və bundan çıxış yolu axtarır.
AzVision.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Qeyd edilir ki, Ukraynanın tammiqyaslı işğalına başlanmasından altı ay sonra Rusiya texnoloji defisitlə üz-üzə qalıb. Moskva Sovet dövründən qalma qədim hərbi sursat ehtiyatlarına etibar etmək məcburiyyətindədir.

Müəllif yazır ki, müharibənin nəticəsi Rusiyanın yüksək texnoloji çiplərə çıxışı bərpa etmək yolunu tapıb tapmamasından asılı olacaq. Ukrayna isə məlum hərbi ehtiyatların bərpasını əngəlləməyə çalışır. Xüsusilə, bu özünü beynəlxalq tərəfdaşlara xəbərdarlıqların göndərilməsində daha çox göstərir.

Qərb Rusiyanın çipini kəsir: “Ayı” meşəyə qaytarılacaq – ŞƏRH
Hətta Kreml yarımkeçiricilər, transformatorlar, birləşdiricilər, korpuslar, tranzistorlar, izolyatorlar və ehtiyac duyduğu digər komponentlər üçün alış-veriş siyahılarını da tərtib edib. Maraqlıdır ki, belə ehtimal olunan siyahılardan biri ilə “Politico”nun jurnalistləri də tanış olublar.

Rusiyanın ən çox axtardığı 25 məhsulun demək olar ki, hamısı Amerika firmaları "Marvell", "Intel", "Holt", "ISSI", "Microchip", "Micron", "Broadcom" və "Texas Instruments" tərəfindən hazırlanmış mikroçiplərdir. Siyahını Yaponiyanın "Renesas" (rəhbəri Amerika IDT-nin sahibi), almanların "Infineon" (Amerikan "Cypress"in sahibi), Amerikanın "Vicor" şirkətinin çipləri və ABŞ-ın "AirBorn" şirkətinin konnektorları tamamlayır.

Siyahıdakı ən ucuz məhsul və ya element təxminən 7 avroya olan "Marvell Gigabit Ethernet" ötürücüdür. Ən bahalısı isə hər biri 1107 avroya olan "Intel"in məhsuludur. Çip çatışmazlığından əvvəl onun qiyməti 20 avrodan az olardı.

Orta dəyərdə olan prioritet məhsullar isə Almaniyanın "Harting" və Hollandiyanın "Nexperia" şirkətlərindəndir. Sonuncu 2019-cu ildə Çin texnologiya firması "Wingtech" tərəfindən alınıb.

Jurnalistlər qeyd edirlər ki, bu məhsulların bəzilərini onlayn elektronika mağazalarında asanlıqla tapmaq olar, digərləri isə qlobal mikroçip çatışmazlığı səbəbindən bir neçə aydır ki, tükənib.

Flamand Sülh İnstitutunun silah ixracı və ticarəti üzrə baş elmi işçisi Diederik Kops deyib ki, ordunu təchiz edən Rusiya təşkilatları nizamlanmayan onlayn bazarlardan tutmuş adi mağazalar şəbəkəsinə qədər müxtəlif yollara əlləri çatır.

"Şimali Koreya və İran kimi ölkələr sanksiyalardan yayınmaqla bağlı illərlə təcrübə toplayıblar. Şübhəsiz ki, Rusiya da bununla məşğul olmağa hazırdır... Ruslar həmçinin "Soyuq müharibə" dövründə olduğu kimi müəyyən kanallar yaratmaq üçün tarixi təcrübəyə arxalana bilərlər. Onlar qonşu ölkələrlə uzun sərhədlərə və müttəfiq dövlətlərlə işləmək üçün böyük şəbəkəyə malikdirlər”, - Kops qeyd edib.

Həmçinin Çin kimi vasitəçi ölkənin texnologiyaları alıb sonradan onu Moskvaya satması təhlükəsi də var. ABŞ ordusu qeyd edir ki, Qərb hökumətlərinin digər rejimlərin, xüsusən də Çinin bunun qarşısını almaq imkanları zəifdir.

"Çin və Rusiya 4300 kilometrlik sərhədi bölüşürlər. Biz qətiyyən müəyyən edə bilmərik ki, Çindən Rusiyaya çiplər ötürülür ya yox", - 2018-2019-cu illərdə Çin üzrə ABŞ Milli Təhlükəsizlik Şurasının direktoru olmuş Metyu Turpin deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Çip   Ukrayna   Çin   Defisit  



Xəbər lenti