"Bayden Putinin Ukraynaya nüvə atacağına şübhə edir" - CNN

   "Bayden Putinin Ukraynaya nüvə atacağına şübhə edir" -    CNN
  12 Oktyabr 2022    Oxunub:3035
ABŞ prezidenti Co Bayden Kreml rəhbəri Vladimir Putinin Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə edəcəyinə şübhə edir.
O, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

- Mən onun bunu edəcəyini düşünmürəm. Dünyanın ən böyük nüvə güclərindən birinin, dünya liderinin Ukraynada taktiki nüvə silahından istifadə edə biləcəyi barədə danışmasını məsuliyyətsizlik hesab edirəm, - Bayden jurnalistə cavab verib.

Bayden hətta Putinin məlum təhdidlərinin ümumilikdə sabitliyi pozan təsirə malik olduğunu deyib.

Britaniya kəşfiyyatı: "Moskva nüvədən istifadəyə hazırlaşmır"
- Yalnız demək istədiyim odur ki, bu dəhşətli nəticəyə gətirib çıxara bilər. Ona görə yox ki, kimsə məsələni dünya müharibəsinə və ya buna bənzər bir şeyə çevirmək niyyətindədir. Sadəcə olaraq sizin nüvə silahı tətbiq etməyinizdən sonra edilə biləcək səhvlər, səhv hesablamalar var. Kim bilir sonra nələr baş verəcək, - ABŞ lideri fikirlərinə əlavə edib.

Bayden onu da qeyd edib ki, Putin əslində, taktiki nüvə silahının istifadəsi ilə bağlı cəzasız şəkildə danışmağa davam edə bilməz. O, rasional oyunçudur: "Səhvlər olur. Yanlış hesablamalar da ola bilər. Heç kim nələrin baş verəcəyinə əmin deyil və bütün bunlar Armagedonla bitə bilər".

Maraqlıdır ki, Amerika lideri Putinin nüvə təhdidlərini həyata keçirəcəyi təqdirdə Vaşinqtonun buna cavabının necə olacağı ilə bağlı suala konkret şəkildə cavab verməkdən imtina edib. Lakin o, Pentaqonun bununla bağlı fövqəladə vəziyyət planının olduğunu söyləyib.

- Mən təfərrüatlara varmayacağam. Nə edəcəyimiz və ya nələri etməyəcəyimiz barədə danışmaq mənim üçün məsuliyyətsizlik olardı, - Bayden qeyd edib.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etməklə yanaşı, Qərbi nüvə silahı ilə hədələdi.

Bunun ardınca müharibə zamanı ələ keçirilmiş bəzi Ukrayna regionları rəsmən Rusiya ərazisi kimi tanındı. Bu kontekstdə Rusiya rəsmiləri Rusiya Federasiyasının ərazisinə təcavüz olacağı təqdirdə nüvə silahından istifadə edəcəyini bəyan etməyə başladılar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Putin   Nüvə   Ukrayna  



Xəbər lenti