“Əjdaha dişi”nə xərclənən pullar: Rusiya Ukraynada növbəti axmaqlığı edir – FOTOLAR

      “Əjdaha dişi”nə xərclənən pullar:    Rusiya Ukraynada növbəti axmaqlığı edir –    FOTOLAR
  16 Oktyabr 2022    Oxunub:4286
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynanın Luqansk vilayətində qurduğu yeni nəhəng müdafiə zolağına "Vaqner xətti" adı verilib. Yüzlərcə kilometr uzunluğunda olan və tank əleyhinə piramida bloklardan, geniş və dərin xəndəklərdən, habelə qarışıq mina və tikanlı məftil sahələrindən ibarət hərbi istehkam layihəsi keçən əsrin analoji müdafiə xəttlərini, ələlxüsus Zeelov yüksəkliklərində (Seelower Höhen) və Ziqfrid zolağında (Siegfriedstellung) qurulmuş alman mühəndis qurğularını xatırladır.

"Vaqner xətti”nin ön hissəsində tankların qarşısını kəsmək üçün betondan "əjdaha dişləri" yerləşdirilib, qarışıq mina və tikanlı məftil sahələrindən sonra 3 metrlik təpələr və 3-4 metr dərinliyində xəndəklər gəlir. “БТМ-3” xüsusi istehkam maşını vasitəsilə qazılan bu zolaqdan bir qədər aralıda səngər və uzunmüddətli atəş nöqtələri, yəni müdafiə xəttinin "aktiv hissəsi” olmalıdır. Amma nədənsə şəbəkədə yerləşdirilən vizual materiallarda bu növ fortifikasiya tikililəri gözə çarpmır.


Görünür, ruslar qışa qədər sabit cəbhə xətti yaratmaq niyyətindədirlər ki, müharibəni Qarabağdakı kimi "status quo" rejiminə keçirərək, anneksiyanı illər boyu davam edə bilsinlər.


Amma tarix göstərir ki, müdafiə zolaqlarına qoyulan xərc və insan resursları özünü doğrultmaya bilər. Məsələn 1940-cı ildə vermaxt nəhəng Majino xəttini (la Ligne Maginot) cinahlardan keçərək, əhəmiyyətsiz sədd kimi arxasında qoymuşdu. Müasir savaş texnologiyaları fonunda Birinci Dünya savaşının istehkamını xatırladan "Vaqner xətti" absurd layihə sayılmalı, ona qoyulan xərc isə küçəyə atılmış vəsait kimi dəyərləndirilməlidir.


Hans Kloss
AzVision.az üçün


Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti