Türkiyədə zəlzələdə xəsarət alan 10 uşaq Bakıya gətirilib - YENİLƏNİB

Türkiyədə zəlzələdə xəsarət alan 10 uşaq Bakıya gətirilib -  YENİLƏNİB
  13 Fevral 2023    Oxunub:2558
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, qardaş Türkiyə Respublikasının bir sıra vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində həmin bölgələrdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların digər ölkə vətəndaşları olan yaxın ailə üzvlərinin ölkəmizə təxliyəsi istiqamətində işlər davam etdirilməkdədir. Təxliyəsi həyata keçirilən vətəndaşlarımızın və onların ailə üzvlərinin lazımi tibbi və psixoloji yardımın göstərilməsi Səhiyyə Nazirliyinə tapşırılıb.



Cari ilin 10 fevral tarixində ölkəyə gətirilən vətəndaşlarımız arasında 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə Səhiyyə Nazirliyinin K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.
Bununla əlaqədar bu gün Səhiyyə Nazirliyinin nümayəndələri Pediatriya İnstitutunda müalicə alanlara baş çəkərək, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıblar.

Görüşdə çıxış edən Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova qeyd edib ki, gələn 10 uşaqdan 6-sı oğlan, dörd nəfəri isə qızdır: “Onlardan ən kiçiyi 8 günlükdü, ən böyüyün isə 14 yaşı var. Həmin uşaqlar dərhal onlar üçün ayrılmış palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün müayinələr artıq bitmək üzərindədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial sığınacağa göndəriləcəklər”.



Səhiyyə Nazirliyinin sektor müdiri həmçinin xatırladıb ki, dövlət baçısının müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib. Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılıb.
Görüş zamanı valideynlər övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

****
Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq müalicə üçün Bakıya gətirilib.

AzVision.az xəbər verir ki, həmin uşaqlar K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstituna (OMD) yerləşdirilib.

Hazırda xəstəxanada müalicələri davam edir. Müalicə müddəti bitdikdən sonra uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsələrinə yerləşdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti