Aİ və ABŞ diplomatları Sudanda atəşə tutuldu

   Aİ və ABŞ diplomatları Sudanda atəşə tutuldu
  18 Aprel 2023    Oxunub:1153
Dördüncü gündür şiddətli döyüşlərin davam etdiyi Sudanda ABŞ diplomatik karvanı və Avropa İttifaqının nümayəndəsi atəşə tutulub.
Bloomberg-in məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken diplomatların güllələnməsini “ehtiyatsızlıq” adlandırıb.

"Bu hərəkət ehtiyatsızlıq, məsuliyyətsizlik və əlbəttə ki, təhlükəli idi - diplomatik nömrələr və ABŞ bayrağı olan diplomatik karvan atəşə tutulub... Biz bunu çox diqqətlə izləməyə davam edəcəyik", - o deyib.

Blinken əlavə edib ki, bütün qrup xoşbəxtlikdən xəsarət almayıb. Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bildirib ki, Blinken Sudan Silahlı Qüvvələrinin komandanı general Abdel Fattah al Burhan və Çevik Reaksiya Qüvvələrinin komandanı general Mohamed Hamdan Dagal ilə ayrı-ayrılıqda danışıb.

Blinken ABŞ diplomatlarına qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə ifadə etdiyini vurğulayıb.

Bundan başqa, məlum olub ki, Avropa İttifaqının Sudandakı nümayəndəsi, irlandiyalı diplomat Aydan O'Hara öz iqamətgahında hücuma məruz qalıb. Bu barədə bazar ertəsi, aprelin 17-də axşam saatlarında Aİ diplomatiyasının rəhbəri Cozep Borrell detalları açıqlamadan bildirib. O, bunun Vyana Konvensiyasının kobud şəkildə pozulması olduğunu vurğulayıb.

Aprelin 15-də Sudanda ölkə ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti