SSRİ-də əcnəbi məhbuslar üçün həbsxanalar: İK №22, Çistopol, Lefortovo, Qulaq...

      SSRİ-də əcnəbi məhbuslar üçün həbsxanalar:    İK №22, Çistopol, Lefortovo,  Qulaq...
  28 Aprel 2023    Oxunub:2117
SSRİ-yə gələn əcnəbilər heç də həmişə dostcanlı olmayıblar. Onların bəziləri cinayət törədib, həbsxanaya düşüblər. Bəs onlar hansı həbsxanalarda və ya zonalarda saxlanılırdılar? "Русская семерка" nəşri SSRİ zamanında əcnəbilərin saxlanıldığı həbsxanalar barədə yazıb.
İK №22
Əcnəbilərin saxlandığı ən məşhur həbsxanalardan biri Mordoviyanın Leple kəndindəki 22 saylı cəzaçəkmə koloniyası olub. Koloniya 1956-cı ildə digər ölkələrin vətəndaşları üçün xüsusi olaraq yaradılıb. Bu yer strateji baxımdan seçilib: bir tərəfdən meşələrlə və bataqlıqlarla əhatə olunmuş ucqar ərazi idi, bu da qaçmağı çətinləşdirirdi, digər tərəfdən isə Moskvadan cəmi 350 kilometr aralıda idi. Yaxınlıq məhbusları uzaq məsafə getmədən səfirliklərə çatdırmağı asanlaşdırırdı.

22 saylı koloniyadakı məhbusların əksəriyyəti Çin, Vyetnam, Türkiyə, Kamerun, Mərakeş və Zair (indiki Konqo Demokratik Respublikası) kimi Asiya və Afrika ölkələrinin vətəndaşları olub. Lakin onların arasında avropalılar, o cümlədən almanlar, albanlar, xorvatlar, serblər və digərləri də var idi.

Gündəlik iş rejimi sərt idi, heç kimə ayrıcalıq göstərilmirdi. Səhər 5-də yuxudan durulur, saat 7-də səhər yeməyi yeyilir, sonra gəzinti və axşam saat 9-da işıqlar sönürdü. Məhkumların üzləşdiyi problemlərdən biri də həddindən artıq soyuqluq olub. Termometr mənfi 20 dərəcəyə qədər düşürdü. Belə günlərdə bayıra çıxmazdan əvvəl məhbusların təzyiqləri yoxlanılırdı. Xüsusən də fizioloji xüsusiyyətlərinə görə tez-tez hipertoniyadan şikayət edən afrikalılar olub.

Rəhbərlik məhbuslar arasında xəstəliklərin qarşısını almaq üçün hər cür səy göstərirdi. Məsələn, qripin profilaktikası üçün pəncərələrin kənarına soğan və sarımsaq qoyulub. Axı turist xəstəxanaya düşübsə və ya daha da pisi ölübsə, bu, gələcəkdə əlavə problemlər yaradırdı.

Çistopol həbsxanası

Tatarıstanda XIX əsrin ortalarında əsası qoyulmuş Çistopol həbsxanasında da əcnəbilər saxlanılıb. Onlar əsasən vətəndaş müharibəsi illərində buraya gətirilib. Çex satirik Yaroslav Hasek də bir müddət onun divarları arasında qalıb.

1940-cı illərdə buradakı məhbusların ümumi sayının təxminən 70%-ni polyaklar təşkil edib. Onların bəziləri Sovet-Polşa müharibəsi dövründən burada saxlanılıb, digərləri isə sonralar antisovet fəaliyyətinə görə məhkum ediliblər.

Lefortovo

1954-1991-ci illərdə Moskvadakı Lefortovo həbsxanası DTK-nın istintaq təcridxanası kimi istifadə olunub. Burada dissidentlər və xarici casuslar, o cümlədən 1947-ci ildə müəmmalı şəkildə yoxa çıxan məhbuslardan biri, isveçli diplomat Raul Vallenberq saxlanılıb.

SSRİ-yə gəlməyə cəsarət edən və hüquq-mühafizə orqanlarının əməkdaşlarının şübhəsi altına düşən xarici kilsələrin missionerləri də paytaxt həbsxanalarına düşüblər. Onlardan biri Norveç katolik yepiskopu Bernt Eidsviq olub. O, 1976-cı ildə Sovet İttifaqına gəlib, qeyri-qanuni işə görə həbs edilib və bir neçə ay Lefortovoda qalıb. Eidsvig üç nəfərlik, 12 kvadratmetrlik kamerada saxlanılıb.

QULAQ - məcburi əmək düşərgələri

Əcnəbilərin xeyli hissəsi sovet əmək düşərgələrində qalıb. 1934-cü ildə Sergey Kirovun öldürülməsindən sonra NKVD yüzlərlə terrorçu dəstələrinin, o cümlədən başqa ölkələrin vətəndaşlarının da olduğu qrupların aşkar edildiyini bildirib.

1936-cı ilin noyabrında o vaxtkı Xalq Daxili İşlər Komissarı Nikolay Yejov 19 almanın həbs olunduğunu elan etdi. Tarixçilər N.Oxotin və A.Roqinskinin məlumatına görə, bu müddət ərzində həbs edilən almanların ümumi sayı 800 nəfərə yaxın idi.

1946-cı ilə qədər bir neçə on minlərlə alman, 11.000 polyak, 1.500 rumın, 900-dən çox çinli və digər əcnəbi məcburi əmək düşərgələrində saxlanılırdı. Qulaq sistemində onlar üçün iki düşərgə ayrılırdı: Ozerniy və Mordoviyadakı Dubravnı.

AzVision.az





Teqlər:



Xəbər lenti