Azərbaycanda özəl pensiya fondu yaradılır

   Azərbaycanda özəl pensiya fondu yaradılır
  02 İyun 2023    Oxunub:1211
"Özəl pensiya fondlarının yaradılması ilə bağlı layihə işləri aparılır".
Bunu AzVision.az -a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O qeyd edib ki, hazırda bu layihə müzakirə mərhələsindədir.

"Çalışacağıq ki, vətəndaşlara müxtəlif şərtlər əsasında çeşidli məhsullar təqdim edək. Əhali özünün gələcəyi, özəl pensiya məqsədləri üçün sığorta şirkətlərinin xidmətlərindən istifadə edə bilməlidir".

Anar Kərimov qeyd edib ki, layihənin birinci mərhələsi tamamlanıb:

"Hazırda ikinci və üçüncü mərhələsindiyik. Fikrimcə, qısa zamanda layihəni ictimaiyyətə təqdim edəcəyik.

Bir məqamı qeyd etmək istəyirəm. 2019-cu ildən həvəslə özəl pensiya fondları ilə işlərə başladıq. Amma baxdıq ki, MDB məkanında layihəni tətbiq edən Qazaxıstanda 20-ə yaxın belə şirkət fəaliyyətə başlasa da, hazırda biri işləyir. Burada əsas məqsəd keyfiyyətli işin təqdim edilməsidir. Gözləntilərimiz yüksəkdir, xidmətin keyfiyyəti də ona adekvat olmalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Pensiya  



Xəbər lenti