"Nümunəvi şagird qaydaları Bakıda 62 məktəbdə tədbiq olunub"

"Nümunəvi şagird qaydaları Bakıda 62 məktəbdə tədbiq olunub"
  12 İyun 2023    Oxunub:872
"Nümunəvi şagird qaydaları pilot layihə şəklində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 62 məktəbdə tədbiq olunub".
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gedişatla bağlı mütəmadi şəkildə monitorinqlər aparılıb, müzakirələr keçirilib: "Son nəticələrlə əlaqəli təhlillərin aparılması və buna müvafiq olaraq qaydalarda əlavə və dəyişikliklərin edilməsi yay ərəfəsində olacaq, eləcə də bütün məktəblərə şamil ediləcək. Ümumilikdə pilot məktəblərdən qaydalarla bağlı geridönüşlər müsbətdir. Hesab edirik ki, yeni qaydaların tətbiqinin təsiri yaxşı olacaq".

O əlavə edib ki, yay məktəbləri ilə bağlı hələlik müvafiq əmr yoxdur.

Növbəti tədris ilindən 6-cı siniflərdə yeni təbiət fənninin tədrisinə gəlincə, M.Vəliyeva əlavə edib ki, müəyyən fənlərin inteqrasiya məsələsi bütün dünyada mövcuddur: "Əgər Elm və Təhsil Nazirliyi bu istiqamətdə addımlar atırsa bunlar təhlil olunur, tədqiqat işləri aparılır və buna uyğun olaraq gələcəyi nəzərdə tutub qərar verirlər. Hansı addımlar atılırsa buna elmi və tədqiqatyönümlü yanaşma var. Düşünmürəm ki, burada mənfi təsir ola bilər".

Qeyd edək ki, 6-cı siniflərdə biologiya və fiziki fənni ayrılıqda keçirilməyəcək. Onun əvəzində təbiət fənni dərsliyi olacaq. Hər iki fənn orada cəmləşəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti