Almaniya və SSRİ-yə divan tutan polkovnik: Onu niyə güllələdilər?

  Almaniya və SSRİ-yə divan tutan polkovnik:  Onu niyə güllələdilər?
  13 İyun 2023    Oxunub:3066
Ölkələr azadlıqlarını müstəmləkəçilərə və işğalçılara qarşı apardıqları mübarizələrə və verdikləri çoxsaylı qurbanlara borcludurlar. Nahaq qanın qarışmadığı Vətən torpağı demək olar ki, yoxdur. Azadlıq uğrunda aparılan bütün mübarizələr gec və ya tez öz bəhrəsini verir. Az saylı qüvvələrlə işğalçı- imperialist dövlətlərə qarşı savaş aparan xalqların əzmini bu ümid heç vaxt qırılmağa qoymayıb.
Qanlı ayağının dəydiyi bütün torpaqlarda sonsuz sayda günahsız insanların həyatına son qoyan Sovet dövləti açıq-aşkar bu ölkələrdə öncə “qaymaq”ları aradan götürürdü. İllər sonra isə utanmadan onların əksəriyyətinə bəraət verirdi. Belə taledən dəfələrlə qonşu olduğu Almaniya və Sovet tərəfindən işğal olunan Polşanın xalq qəhrəmanı Viltold Pileçki də yayına bilməmişdi.

İsteriyalı diktarorların hikkəsinin məhsulu olan Cahan savaşları milyonlarla insanın həyatını, fiziki və mənvi sağlamlığını əlindən almaqla qalmadı, bəşəriyyəti minlərlə il geri saldı. Xərclənən milyardlarla pula, çəkilən o qədər əziyyətə insanlıq üçün nələri etmək olmazdı ki?...

Polşanın bir-biri ilə gah müttəfiq, gah da düşmən olan Almaniya və Rusiya arasında yerləşməsi hər iki imperiyanın işğala məhz bu ölkədən başlamasına səbəb olmuşdu.
1939-cu ilin 1 sentyabrında Almaniyanın Polşaya hücumu ilə II Dünya müharibəsi başladı və 35 günə ölkə işğal olundu.

Həmin vaxt Pileçki orduda zabit idi. İşğaldan bir ay sonra o və bir qrup hərbçi “Gizli Polşa Ordusu" nu yaradırlar. Bu, Polşadakı müqavimət hərəkatlarının əsasını təşkil edirdi.

Təşkilat 1940-cı ilin əvvəllərində almanların yaratdığı "Auşvitz" düşərgəsi haqqında məlumat əldə etdi. Qeyd edək ki alman höküməti həmişə israrla belə düşərgələrin mövcudluğunu inkar etmişdi ( "Auşvitz"də baş verənlər və aparılan insanlığa sığmayan sınaqlar haqqında saytımızda “Ölüm mələyi” Mengele haqqında məlumat yerləşdirmişik ). Kəşfiyyat xəbərləri göstərirdi ki, "Auşvitz" hərbi deyil və günahsız mülki əhalinin yığıldığı və amansız divan tutulduğu bir düşərgədir. Təşkilat bu xəbəri dərhal İngiltərədəki mühacir hökümətə çatdırdı və Pileçki bu məsələyə dair planlar hazırlamağa başladı. Cəsarətinin sərhədləri olmayan bu adam mülki əhalinin içində sözü gedən cəhənnəmə girməyi planlamışdı! Bunu ifadə etmək belə insanı dəhşətə gətirir, amma Pileçki planını həyata keçirməkdə son dərəcə israrlı idi. Onun planına görə, düşərgəyə başqa mülki şəxs adı ilə daxil olacaqdı, orada təşkilatlanma həyata keçiriləcəkdi və üsyan qaldırılacaqdı.



Bütün həyatını ölkəsinin azadlığı uğrunda mübarizəyə həsr edən, işgəncə və zülümlərə məruz qalıb sonda edam olunan bu qəhrəman 1901-ci ilin 13 mayında Polşada anadan olub. O, gənc yaşlarında kəşfiyyat fəaliyyətlərinə qatılırdı. I Dünya müharibəsindən öncə Polşa milis dəstələrində və Polşa ordusunda xidmət edirdi. 1921- ci ildə baş verən Polşa-Sovet müharibəsində də iştirak etmişdi.

1931-ci ildə Mariya adlı xanımla ailə qurmuşdu və bu evlilikdən 2 övladı dünyaya gəlimişdi. Almaniyanın Polşanı işğal etməsindən öncə orduda kapitan rütbəsi almışdı. Almanların ilk hücumlarında Pileçkinin dəstəsi demək olar ki, tamamilə məhv edilmişdi. Bundan ruhdan düşməyən Pileçki sağ qalan döyüşçüləri ilə birgə 41-ci bölüyə qoşulmuşdu. Pileçki bu bölükdə 2-ci komandir vəzifəsinə təyin edilmişdi. Bu bölükdəki fəaliyyəti ərzində 7 alman tankını və 3 təyyarəsini məhv etmişdi. Polşa höküməti sovetə təslim olduğunu rəsmən bəyat etdikdən sonra, Pileçki və onun komandiri Yan Balodroviç təslim olmaqdan boyun qaçıraraq, gizli təşkilat (TAP) qurdular. TAP İngiltərədən çox az dəstək alırdı və fəaliyyət hesabatları İngiltərəyə göndərilirdi.



Və nəhayət Pileçki səslənişi belə vahiməli olan planını həyata keçirməyə başlayır. Pileçkinin "Auşvitz"ə daxil olmasının 2 versiyası mövcuddur. Onlardan ilki, onun kiçik bir çaxnaşma yaradıb, başqa adam adı ilə könüllü almanlara təslim olması, digər versiya isə almanların ev - ev axtarış aparması zamanı bilərək özünü onlara göstərməsi və tutulmasıdır. İkinci versiya daha həqiqətə yaxın hesab olunur, çünki evində gizləndiyi qadın hadisəni olduğu kimi nəql etmişdi. Qadının sözlərinə görə, almanlar qapını döyərkən, Pileçki qapını özü açır. Elyanora adlı qadın da üsyançılardan biri idi və sonradan verdiyi ifadədə bildirmişdi ki, Pileçki heç bir köməyi qəbul etməmiş və özü bilərək almanlara təslim olmuşdu. Əslində Pileçki təslim olmaqla böyük riski gözə almışdı. Çünki tutulan bütün məhkumlar məhz "Auşvitz"ə göndərilmirdi. Meşəya aparılıb orda güllələnənlər, görüldüyü hər yerdə ( küçədə, evdə ) dərhal öldürülənlər də var idi .



Pileçkinin planı baş tutmuşdu və o həbs olunaraq, məhz "Auşvitz"ə göndərilmişdi. Düşərgəyə çatan kimi müşahidələrə başlayan Pileçkinin ilk nəzərinə çarpan məsələ məhkumlara verilən gündəlik qidanın dəyəri idi. Belə verilən qida bir insanı bir gün həyatda saxlayacaq miqdarda deyildi. Bunun nəticəsində hədsiz gücsüz və taqətsiz olan məhkumlar üsyan edəcək vəziyyətdə ola bilməzdilər. Gözətçilərdən biri də bildirmişdi ki, məhkumlardan heç biri 6 həftədən artıq yaşaya bilməz. Buna baxmayaraq, məhkumlar arasında gizli təşkilatlanma baş tutmuşdu. Pileçki hərbçi keçmişinə və şəxsi keyfiyyətlərinə görə bu təşkilatın başına gətirilmişdi.



Bu təşkilatın əsas fəaliyyəti məhkumlar arasındakl ruh düşkünlüyünü aradam qaldırmaq, əlavə qida və geyim əldə edə bilmək idi. Amma təşkilatın əsas məqsədi yalnız bu deyildi . Onların hədəfində üsyan qaldırıb "Auşvitz"i azad etmək var idi. Bunun üçün onlar gizli təlimlər də təşkil edirdilər. Hətta düşərgədən çölə və çöldən düşərgəyə xəbər ötürülməsi də həyata keçirilirdi. Pileçki hər blokda işgəncəyə davamlı rəhbərləri şəxsən özü seçib təyin etmişdi. Çünki təşkilat üzvlərindən birinin kiçik bir məlumatı sızdırması bütövlükdə təşkilatın məhv edilməsi ilə nəticələnəkdi. Pileçki düşərgədən azad edilən məhkumlarla Polşanın üsyançılarına ən vacib məlumatları ötürməyi bacarırdı. Həmin məlumatlar da müttəfiqlərə və mühacir hökümətinə çatdırılırdı. Lakin sonradan düşərgədən azad edilmə hallarında ciddi azalma baş verdiyi üçün məlumatlar düşərgədən qaçanlar vasitəsilə göndərilməyə başlanıldı. Hətta əl ilə özlərinin düzətldiyi radiolarla da müharibə xəbərlərini izləyə bilirdilər. Məhz Pileçkinin vasitəsilə bütün dünya "Auşvitz"də küləvi edamlar üçün zəhərli qazlardan istifadə edilməsini öyrənmişdi. Bunu bəyan edən ilk şəxs məhz o idi.

Bu qazı ilk dəfə sovet əsirlər üzərində tətbiq etmişdi və polşalı buna şahid olmuşdu. Pileçki tutduğu gündəlikdə düşərgəyə nə qədər insanın gətirilməsi, onların qaz otaqlarında kütləvi qətlinin təxmini hesabını yazırdı. Bütün bu hesabatlar Londondakı mühacir Polşa hökümətinə göndərilirdi. Bu hesabatlar eyni zamanda müttəfiqlərə də ötürülmüşdü.

Göndərdiyi məktublarda onların xilas planını da bəyan etmişdi. Bütün düşərgənin təxmini planını çəkib göndərən Pileçki havadan paraşütlərlə düşərgəyə hücumu və divarların çölündən silahların içəri atılmasını təklif edirdi. Lakin təəssüf ki müttəfiq qüvvələri onun hesabatını və planını şişirdilmiş hesab edərək, dəsdək verməkdən boyun qaçırdılar. Hətta Polşanın üsyançı birləşmələri də bu planı çox təhlükəli hesab etmişdilər. Digər tərəfdən "ZOW" təşkilatı da get- gedə ifşa olurdu və üzvlərinin yanındakı adamlar sorğusuz- sualsız birbaşa öldürülürdü. Bu hadisələr onun təşkilatı ətrafında birləşən adamları azaldırdı. Artıq düşərgədə nəyəsə nail olacağına inamını itirən Pileçki iki rəhbər şəxslə düşərgədən qaçmaq qərarına gəlir. Operativ bir planla düşərgədən qaçan üç şəxs etibarlı bir yerdə gizlənməyi bacarırlar.



Pileçkinin "Auşvitz"i azad etmək planı beləcə baş tutmur. Sonra Polşanın müqavimət hərəkatının rəhbərləri ilə şəxsən görüşən Pileçki gördüklərini olduğu kimi çatdırsa da, onun verdiyi məlumatlara ciddi əhəmiyyət verilmir. Yenə ruhdan düşməyən sadiq döyüşçü müqavimət hərəkatındakı fəaliyyətini davam etdirir. O , 1944- cü ilin mayında baş verən Varşava üsyanında da iştirak edir. Həmin ilin oktyabr ayında almanlara əsir düşür. 1945- ci ilin aprelinə kimi almanların hərbçiləri saxladığı düşərgədə əsir həyatı yaşayır. Almanlar Polşanı tərk etdikdən sonra ölkədə Sovet hakimiyyəti qurulur. Pileçki yeni hökümətə "Auşvitz"də gördüklərini demək istəyirdi. Sovet təsiri altında olan hökümət isə onu dinləmək istəmirdi. Yenidən mühacir hökümət ilə əlaqəlar qurmağa çalışır. Yeni Polşa höküməti onu axtarışa verir. Bu müddətdə ölkənədən çıxmaq şansları olsa da, Pileçki bundan imtina edir.



O, bütün həyatını həsr etdiyi doğma vətənində saxta adlarla uzun müddət gizlənməyi bacarır. Lakin 1947 -ci il mayın 7 də asayiş qüvvələri tərəfindən saxlanılır. Hökümətə sui- qəsd təşkil etməkdə təqsirləndirilir. Lakin sovetin dəhşətli bütün işgəncələrinə mətanətlə dözərək, ona aid olmayan heç bir ittihamı qəbul etmir.

Sovetin qanlı ayaqları dəyən bütün torpaqlarda mütləq bütün qəhrəmanların sonu eyni olmalı idi. Həyatının böyük bir hissəsini işğalçı almanlarla mübarizəyə həsr edən bu adamı axırda məcbur olub almanlarla əməkdaşlıqda və cəsusluqda ittiham edirlər. Belə gülünc ittihamları saxta və şouya bənzəyən bir “məhkəmə” ilə “sübut edirlər “. Və dərhal 1948-ci ilin 25 mayında güllələyirlər. Edamın son saniyələrinə kimi məğrurluğunu qoruyan qəhrəmanın son sözləri “Yaşasın azad Polşa “ olur.



İki qitənin az qala yarısına yayılan aciz sovet belə qəhrəmanın adından da qorxur. 1991-ci ilə kimi onun adına ölkədə senzura tətbiq edilir. Nəhayət “xalqlar həbsxanası “ dağıldıqdan sonra müstəqil Polşa höküməti öz qəhrəmanını öyrənməyə və araşdırmağa başlayır. Adı belə senzuraya məruz qalan bir igid haqqında öyrənilən məlumatlar hər kəsi heyran edir. 1995 -ci ildə ona Polşanın Dövlət Nişanı, 2006 -cı ildə isə Bəyaz Qartal nişanı verilir. 2013-cü ildə isə Müdafiə Nazirliyi tərəfindən polkovnik rütbəsi verilir. Lakin qəhrəmanın cənazəsindən də ehtiyat edən sovet höküməti onun dəfn olunduğu yeri də gizli saxlamışdı. Müstəqil Polşa höküməti onun cənazəsinin yerini tapmaq üçün etdiyi bütün cəhdlər uğursuz olub. 2016- cı ildə onun evi müzeyə çevrildi. Əldə olunan bütün sənədlər və əşyalar burada toplanıldı. Ölkənin müxtəlif yerlərində heykəlləri və abidələri ucaldıldı.

Azadlıq verilmir, alınır! İgidlərin qanı və canı ilə!







Ləman Bağdad
AzVision.az


Teqlər: ViltoldPileçki   Polşa   Müharibə   Almaniya  



Xəbər lenti