2020-ci ilin sentyabrından 50 nəfər mina qurbanı olub

   2020-ci ilin sentyabrından  50 nəfər mina qurbanı olub
  21 İyun 2023    Oxunub:892
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları üçün “Mina insidentləri qurbanlarına daha effektiv yardımın göstərilməsi istiqamətində fokuslanmış Beynəlxalq Mina Təmizləmə Standartlarına (IMAS) giriş” mövzusunda seminar keçirib.
Tədbirdə Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Ombudsman Aparatının və Mina Təmizləmə Agentliyinin (ANAMA) nümayəndələri qeyd edilən mövzularda təqdimatlar ediblər.

Məqsəd Ombudsman Aparatının əməkdaşlarının mina fəaliyyətləri və mina qurbanlarına dəstək mövzusunda biliklərinin daha da artırılması, həmçinin mina və digər partlayıcı sursatlardan zərər çəkmiş şəxslərə dəstəyin göstərilməsi istiqamətində müzakirələrin aparılması olub.

BQXK-nın Azərbaycan nümayəndəliyinin Əməliyyatlar üzrə rəhbəri dedi İqnasio Kasares Qarsia deyib ki, məqsədimiz mina insidentlərinin mümkün qədər az baş verməsi və mina qurbanlarına ən yaxşı dəstəyin göstərilməsidir. Bu məqsədlə başqa regionlarda topladığımız təcrübəmizi və ən yaxşı beynəlxalq standartları Ombudsman Aparatı və Agentliklə bölüşürük.

İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, hər kəsin yaşamaq, azadlıq, sərbəst hərəkət etmək, mülkiyyət, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental hüquqları var. Minalar isə bunun üçün ən böyük təhdidlərdəndir.

ANAMA-dan təqdim edilən məlumata əsasən, son 30 il ərzində Azərbaycanda 3350 insan mina qurbanı olub. 2020-ci ilin sentyabrından etibarən 300-dən çox şəxs mina insidentlərindən zərər çəkib, onlardan 50 nəfəri həyatını itirib, təqribən 250 nəfər isə xəsarət alıb.

AzVision.az



Teqlər:



Xəbər lenti