Azərbaycanda gender bərabərliyi: Qadın hüquqlarının təminində geri, yoxsa irəli addımlayırıq?

      Azərbaycanda gender bərabərliyi:    Qadın hüquqlarının təminində geri, yoxsa irəli addımlayırıq?
  22 İyun 2023    Oxunub:4108
Qadın hüquqları və gender bərabərliyi günümüzün aktual məsələlərindəndir. İctimai, siyasi, mədəni və digər sahələrdə qadın və kişi bərabərliyi anlamını ehtiva edən və XX əsrin ortalarından gündəmə gələn “Gender bərabərliyi”nin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Əksər ölkələrdə gender bərabərliyi kontekstində xüsusi qanunlar qəbul edilib. Bəzi ölkələrdə siyasi təmsilçilik, qərarvermə sahəsində qadınların kişilərlə bərabər iştirakı təmin edilib, qadın sahibkarların sayı artıb, məişət zorakılığı ilə bağlı preventiv mexanizmlər yaradılıb. Buna baxmayaraq, hal-hazırda dünyanın heç bir ölkəsində gender bərabərliyi tam formada, bütöv olaraq təmin edilməyib. Günümüzdə qadınlara qarşı zorakılıq, cinsi ayrı-seçkilik, cinsi qısnama, əmək və təhsil hüquqlarının pozulması faktları bütün ölkələrdə qeydə alınır.
Qadın hüquqlarının qorunması, təbliğ olunması, onların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətimizin ayrılmaz tərkib hissəsidir. Təsadüfi deyil ki, Azərbaycan müsəlman Şərqində və Türk dünyasında qadına seçmək və seçilmək hüququnun verən ilk ölkə olub. Elə bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb də 122 il bundan qabaq Bakıda yaradılıb. Bu, böyük intibahın, ictimai-siyasi şüurun formalaşmasının nəticəsi idi. Sonralar dövlət forması dəyişsə də, bu məsələyə münasibətin mahiyyəti dəyişmədi.

Cəmiyyət həyatında mühüm rola malik olan qadınların müxtəlif sahələrdə bacarıq və qabiliyyətlərini reallaşdırmaq üçün bu gün imkanlar xeyli genişləndirilib. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq, konvensiyaları, protokolları qəbul edib və milli qanunvericilikdə qadınların hüquqları mövzusunu təkmilləşdirib. Bütün bunlar Azərbaycanda qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib.

Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə və digər orqanlarda təmsil olunur, məsul vəzifələrdə işləyirlər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Ölkəmizdə qadınların kişilərlə bərabərhüquqlara malik olması üçün bir sıra qanunvericilik aktları qəbul edilib. 2006-cı ildə ölkədə "Gender bərabərliyinin təminatı haqqında" qanunun qəbulundan sonra dövlət strukturlarında qadınların təmsilçiliyinin artırılması istiqamətində ciddi işlərə başlanılıb. Bu gün Azərbaycan qadını parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatı sektorunda, hüquq-mühafizə orqanlarında təmsil olunur. Rəhbər vəzifədə olan qadınlarımızın da sayı az deyil. Azərbaycanın Prezidenti İlham Əliyevin iki köməkçisi Cəmilə Abbasova, Fərəh Əliyeva, Milli Məclisin sədri Sahibə Qafarova, Ombudsman Səbinə Əliyevanı nümunə göstərmək olar. Həmçinin əksər nazirliklərdə nazir müavinlərindən biri və ya ikisi qadındır. 1 qadın icra başçısı (Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı) və 72 qadın icra hakimiyyəti başçısının müavinidir. Hakimlərdən qadın olanların sayı 40 faizə yaxındır. Hazırda səfir kimi fəaliyyət göstərən 3, konsul olan 2 diplomat xanımımız var.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki illərlə müqayisədə dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəliləyişlər əldə olunub. 2000-ci ildə qadın millət vəkilləri 10,7 faiz təşkil edirdisə, 2020-ci ildə bu göstərici 18,6 faizə yüksəlib. İnzibati rəhbər vəzifələrində çalışan 3111 nəfər dövlət qulluqçularının 7,01 faizi qadınlardır. Qadınların 36,1 faizi, kişilərin isə 63,9 faizi ali - 3-cü təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 23,2 faizi, kişilərin isə 76,8 faizi 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 40,1 faizi, kişilərin isə 59,9 faizi dövlət qulluğunun yardımçı vəzifələrini tutur. 8 qadın universitet rektoru, 15 qadın kollec, 9 qadın peşə təhsili, 1345 qadın isə ümumi təhsil müəssisələrinin direktorudur. Son illərdə bələdiyyə üzvü olan qadınların sayı 4 faizdən 39 faizə yüksəlib.

Statistik məlumatlara əsasən, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.
Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2022-ci ildə 11,8 faizədək artıb.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, istənilən demokratik cəmiyyətin xarakteri onun insan hüquqlarına münasibəti, xüsusilə onun tərkib hissəsi olan gender bərabərliyi, qadın hüquqlarına, uşaqların problemlərinə necə yanaşmasından asılıdır:
“Azərbaycanda gender bərabərliyi, kişi və qadınların hüquqlarının müdafiəsi, qadınların inkişafı, onların səlahiyyətləndirilməsi, hər cür təzyiqdən müdafiə olunması, təhlükəsiz cəmiyyətdə yaşaması üçün siyasət yürüdülür. Bütün bunlara rəvac verən bir sıra mənfi streotiplər, kütləvi savadsızlıq, ailədaxili münasibətlər və cəmiyyətdəki münasibətlər arasında ziddiyətlərin aradan qaldırılması Sovet dönəmi, xüsusilə Ulu öndər Heydər Əliyevin ilk hakimiyyəti və sonrakı müstəqillik illərində diqqət mərkəzində olub”, qeyd edən komitə sədri Azərbaycan tarixi ənənəsində qadın və kişi arasında ciddi fərq qoyulmadığını vurğulayıb:
“Həm ailədə, həm cəmiyyətdə, həm ölkənin müdafiə olunmasında, təhlükələrin önlənməsində qadınlar kişilərlə hər zaman bərabər iştirak ediblər. Bu ənənələrimiz milli mənəvi dəyərlərimizdə, milli şüur və folklorumuzda, dastanlarımızda əksini tapıb. Gender bərabərliyinin təbliği prosesində mütləq şəkildə bu ənənələrimizə söykənir, qanunvericiliyimizi təkmilləşdirir, effektiv mexanizmlər yaradırıq”.

Azərbaycan qadını cəmiyyətin qayğı obyektidir. Eyni zamanda bütövlükdə cəmiyyətimizin inkişafının əhəmiyyətli hissəsini öz üzərinə götürən və funksiyanı layiqincə yerinə yetirən vətəndaşlarımızdır.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova qeyd edib ki, hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onun sözlərinə görə, sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı, qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər:
“Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyırlar. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır”.

Gender bərabərliyinin təmin olunmasında görülən işlər beynəlxalq qurumlar tərəfindən də diqqətdə saxlanılır. Dünya İqtisadi Forumu “Qlobal Gender Bərabərliyi” hesabatında 136 ölkəni resurs və imkanlarının kişi və qadın əhali arasında necə bölüşdürüldüyü üzrə dəyərləndirib. Hesabat dörd sahədə gender bərabərsizliyini ölçüb: iqtisadi iştirak və imkanlar, təhsil dərəcəsi, siyasi səlahiyyət, sağlamlıq və həyatdaqalma. Həmin siyahıya görə, əvvəllər 100-dən yuxarı sıralarda olan Azərbaycan hazırda 99-cu yerdədir. BMT-nin 'MAPS' - Gündəliyin daxil edilməsi, Dayanıqlı Înkişaf Məqsədləri ilə bağlı fəaliyyəti sürətləndirmə və siyasətə dəstək" - qrupu tərəfindən Azərbaycanın gender bərabərliyinin təmin edilməsi sahəsində apardığı siyasətin dayanıqlı inkişaf məqsədləri ilə 97 faizə çatdığı müəyyən edilib.

Ümumən dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən bir sıra amillər Azərbaycanda da mövcuddur. Erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri, selektiv abortlar hələ da problem olaraq qalmaqdadır. Azərbaycanda dövlətin gender siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu problemlərin aradan qaldırılması istiqamətində ardıcıl və planlı işlər həyata keçirilir. Komitənin tabeçiliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Qadın Resurs Mərkəzləri, bələdiyyələrdə komissiyalar gender mexanizmlərinə əlçatanlığın təmin olunmasında mühüm rol oynayır. Beləliklə, gender bərabərliyinin təminatı istiqamətində davamlı həyata keçirilən effektiv və vacib institusional addımlar bu sahəsdə maarifləndirmə şəbəkələrini genişləndirmək imkanını yaradıb.

Aytən Bağırova
Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda keçirdiyi müsabiqə üçün təqdim olunur

AzVision.az


Teqlər: Genderbərabərliyi   Qadınhüquqları  



Xəbər lenti