Media və dini təhlükəsizlik - Təkcə məlumatlandırmamalı, həm də maarifləndirməliyik

      Media və dini təhlükəsizlik -    Təkcə məlumatlandırmamalı, həm də maarifləndirməliyik
  25 İyun 2023    Oxunub:2252
Azərbaycanda yaşayan hər kəsin dini etiqad azadlığı təmin edilir. Dövlət dinlə bağlı siyasətini dünyəvi və dini dəyərlər sistemləri arasında harmonik birgəyaşayış və qarşılıqlı hörmət əsasında həyata keçirir.
Günümüzdə qloballaşma müsbət çağırışlarla yanaşı bəzi təhdidlər, dinlərin teoloji sisteminə və ictimai tərəflərinə mənfi təsir də edir. Bu səbəbdən inanclara təsir edən neqativ xarici amillər daim diqqətdə saxlanılmalı, cəmiyyətimizin mənəvi həyatının ən mühafizəkar tərəfi olan dinlə bağlı aktiv maarifləndirmə tədbirləri gücləndirilməlidir.

Çoxkonfessiyalı dövlət olan Azərbaycan bu işdə KİV-in də gücündən geniş istifadə etməlidir. Media cəmiyyətimizə əksər mövzularda olduğu kimi dini təhlükəsizlik məsələsində də öz töhfəsini verə bilər.

"Dini zəmində yaradılmış münaqişələr ciddi təhdid yaradır" - Mübariz Qurbanlı
Çünki ideoloji sahədə problemlər yarananda, onun həllinə dövlət qurumları ilə yanaşı, media nümayəndələri də öz töhfələrini veriblər. Bu gün jurnalistlər nəinki milli-mənəvi, xüsusən də dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dini təhlükəsizliyimizin təminatı məsələlərində də mühüm rol oynaya bilərlər.

Bir sözlə, dövlət və medianın dinlə bağlı məsələlərin maarifləndirilməsi istiqamətində daha konsentrasiyalı iş aparması zərurəti yaranıb.

Media sosial münasibətlərdə sabitliyin qorunmasında mühüm amilə çevrilib

Mediamız həm də uzun illərdir ki, ekstremizmlə mübarizədə, vətəndaşların dini məsələlər, dünyəvi dövlətin qanunvericilik əsasları, insan və vətəndaş hüquq və azadlıqları barədə məlumatlılığının artırılmasında öz sözünü deyib. Bu baxımdan yuxarıda qeyd olunan aktual məsələlərlə bağlı cəmiyyətdə ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin rolu artır. Xəbər istehsalı ilə yanaşı maarifləndirici maşın rolunu oynayan KİV bu gün sosial münasibətlərdə sabitliyin qorunmasında mühüm amilə çevrilib desək yanılmarıq. Bununla belə, jurnalistlər bu proseslərdə potensial olaraq mənfi rol da oynaya bilərlər.

Çünki dövlətə bağlı, ictimai media ilə yanaşı, müxtəlif növ xəbər saytları, internet televiziyaları da mövcuddur. Bunlara bəzən bəlli fəaliyyətlərinə görə qərbyönlü, qrantla işləyən, radikal və s. adlar da qoşulur. Məhz müəyyən maraqların qurbanına çevrilən həmin media qurumlarında çalışan jurnalistlərdən sabitliyin pozulmasında istifadə edilir.

İnternet və texnologiyaların inkişafı ilə əlaqədar əhalinin internet resurslarından istifadə səviyyəsi yüksəlir ki, bu da müasir mediada dinə aid materialların daha savadlı işıqlandırılmasını tələb edir.

Ancaq təəssüf ki, bu günə qədər müasir şəraitdə dini məsələlərin işıqlandırılmasında medianın rolu ilə bağlı problemlər kifayət qədər öyrənilməyib. Bu baxımdan yazdığım bu məqalənin əsas məqsədlərindən biri də dini məsələlərin işıqlandırılmasında və təhlükəsizliyində KİV-in müasir rolunu öyrənməkdir.

Düzdür, bu gün yerli mətbuatda dövlətin bu sahədə yürütdüyü uğurlu siyasəti, dini qurumların fəaliyyəti, ölkədə və bölgəmizdə dini vəziyyət, milli təhlükəsizlik, ekstremizm, terrorizm, dinin yaranmasının səbəbləri, amilləri və nəticələri ilə bağlı məsələlər tez-tez qaldırılır. Amma bu kifayət edirmi? Məlum istiqamətdə bəzi mühüm boşluqların aradan qaldırılması üçün ixtisaslaşmış dini medianın formalaşdırılması niyə də reallaşmasın. Məsələn, bu gün təkliflər səsləndirilir ki, idman, mədəniyyət sahələrinə aid telekanallar olduğu kimi, dini telekanal da yaradıla bilər. Əslində bu da medianın dini təhlükəsizliyə müəyyən mənada yeni töhfəsi sayıla bilər.

Hazırda dini təhlükəsizliyi təhdid edən bəzi problemlər ilk növbədə təkcə Azərbaycanın deyil, dünyanın digər ölkələrinin də üzləşdiyi müasir çağırışlar və qloballaşma təhlükələri ilə bağlıdır. Bu cür problemlərin də mətbuatda aktiv şəkildə işıqlandırılması olduqca zəruridir. Lakin formal yazı halında olmamalı, problemlər daha dərindən, hərtərəfli öyrənilməlidir. Hazırkı dini durum müasir mediadan inanclarla bağlı məsələlərin işıqlandırılmasında köklü, yeni yanaşma və metodlar işləyib hazırlamağı, o cümlədən dini vəziyyətin yaxşılaşdırılması üçün dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyətində əlaqələndirici vasitəyə çevrilməsini tələb edir.

Dini mövzulardan yaza, danışa bilən profilli mütəxəssislərərə daha çox ehtiyac yaranıb

Bu gün mediamızda başqa bir diqqət çəkən məqam da var. Bu, dinlə bağlı əksər mühüm hadisələrin adi xəbər kimi işıqlandırılmasıdır. Halbuki, jurnalistlər nəinki məlum sahəyə aid mühüm və arzuolunmaz hadisənin baş verdiyi gün, tez-tez mövzuya dair təhlükəsizlik, dinşünaslıq, ilahiyyat sahəsində ekspertlərin, habelə dövlət orqanlarının, dini qurum nümayəndələrinin rəylərini özündə əks etdirən analitik yazılar yazmalıdırlar. Hətta media bu istiqamətdə akademik yazılara da geniş yer verməlidir.

Əlbəttə əlimdə həmkarlarımın dinə aid materiallarının dəqiq sayı, bu istiqamətdə aparılmış hansısa analizin nəticələri yoxdur. Amma media nümayəndəsi olaraq gün boyu informasiya məkanında olduğum üçün dini yazıların digər mövzulara nisbətdə az olduğunu müşahidə edirəm. O da aşkar görünür ki, bir çox dərc olunmuş mühüm materialların dərin təhlilə və ekspert rəyinə ehtiyacı var. Məsələn, bəzi inanclı insanların illər öncə hansı səbəblərdən Suriyaya hərbi əməliyyatlarda iştirak etmək üçün getmələri və s. Saytlarda dinlə bağlı, əsasən xəbər xarakterli materiallar yer almamalıdır.

Əslində bu və digər çatışmazlıqlar müəyyən səbəblərdən, ilk növbədə, uzun illər ərzində, dini mövzulardan yaza, danışa bilən profilli mütəxəssislərin azlığı və ya olmamasıdır. Əlbəttə əsas yük din problemlərini işıqlandıran jurnalistlərin üzərinə düşür.

Amma savadlı, proseslərə fundamental yanaşa bilən ekspertlərin də sayının artması müasir şəraitdə ölkədə dini vəziyyətin konstruktiv inkişafına xidmət edər.

Jurnalist çoxkonfessiyalı əhalinin inteqrasiyasına töhfə verə, yaxud da, onu parçalaya bilər

Əvvəllər əksəriyyət məlum mövzularla bağlı məlumatları əsasən dini nəşrlərdən, kitablardan, hətta məscidlərdən alırdılar. Bu gün sosiallıq həyatımıza aktiv şəkildə daxil olduğu üçün insanların böyük qismi marağında olduğu dinlə bağlı informasiyaları internet resurslarından, əsasən də sosial şəbəkələrdən öyrənir. Amma bu paylaşımlar nə dərəcədə dolğun, etibarlı məlumatlara sığınır? Üstəgəl, nəzərə almalıyıq ki, bəzi radikal, məzhəbçi dini qruplar arzuolunmaz təbliğatlarını əsasən sosial şəbəkələr, internet vasitəsilə insanların beyninə yeritməyə çalışırlar. Buna görə heç məsuliyyət də daşımırlar. Çünki sosial şəbəkələr idarəolunmaz maşın kimidir... Onlar bu boşluqlardan istifadə edərək dini dözümsüzlükləro də təbliğ və nümayiş etdirirlər.

Bu amillərə də əsaslansaq, onlayn mediada aktiv şəkildə obyektiv materialların, xüsusən də əsaslı, etibarlı mənbələrə söykənən xəbər və məqalələrin dərc olunması amili önə çıxır.

Media bu gün böyük gücə çevrilib. O, dünyəvi dövlətdə dini münasibətlər sahəsində münaqişələrin və ya konstruktiv dialoqların səbəbkarı da ola bilər. Bu baxımdan, jurnalistlər dərin məsuliyyəti hiss etməlidir. Bizim müasir mediada yazdıqlarımız, çəkib təqdim etdiklərimiz cəmiyyətdə sabitliyin və əmin-amanlığın yaranmasına, çoxkonfessiyalı və çoxmillətli əhalinin inteqrasiyasına töhfə verə, yaxud da, onu parçalaya, əks qruplara ayıra bilər. Hətta bəzi ölkələrdə belə bir arzuolunmaz hallar, təhlükələr də var ki, media qurumları və jurnalistlər dinlə bağlı sadə faktlardan, insanların həyatının dini xüsusiyyətlərindən siyasi məqsədlər üçün istifadə edə bilirlər.

Sevindirici haldır ki, belə neqativ hallar bizim media nümayəndələrimiz üçün xarakterik deyil. Dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən əksər hallarda diqqətli olur, dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə alır, mövzuya həssaslıqla yanaşırlar.

Qısası, hazırda medianın cəmiyyətimizdəki roluna baxdıqda belə qənaətə gəlmək olar ki, jurnalistlərin din problemlərinin işıqlandırılmasında peşəkarlıq səviyyəsi hətta dini durumlara belə təsir göstərə bilər. Bu baxımdan dövlət ölkədə təmin olunan dini təhlükəsizliyin daha da yaxşılaşdırılması üçün vətəndaş cəmiyyəti institutları və media ilə qarşılıqlı faydalı və aktiv siyasət həyata keçirməlidir. Jurnalistikaya yeni addım atan həmkarlarım isə ilk növbədə Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməlidir.

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Tural Tağıyev


Teqlər:   Din   Media   Təhlükəsizlik   Jurnalist  



Xəbər lenti