Türkiyə və Rusiyanı cənginə alan xəstəlik Azərbaycana çatacaqmı?
ÜST-ün hesabatına əsasən yanvar ayında Avropada qızılca xəstəliyinə yoluxma hallarında partlayış baş verib, mart ayında isə yoluxma nisbəti baxımından pik nöqtə olub. Digər tərəfdən, məxmərəkdən də bəhs edilən hesabatda 2022-ci ilin mayından 2023-cü ilin aprelinə qədər Polşada 194, Türkiyədə 48, İtaliyada isə 16 məxmərək xəstəliyinə yoluxma aşkar edilib.
"Təhlükəsiz və effektiv peyvəndin mövcudluğuna baxmayaraq, qızılca qlobal miqyasda gənclər və uşaqlar arasında əsas ölüm səbəbi olaraq qalır", - hesabatda deyilir. ÜST-ün Avropa Peyvəndi Qarşısı Alınan Xəstəliklər və İmmunlaşdırma Qrupunun Rəhbəri Dr. Jose Hagan bildirib ki, qızılcanın endemik ötürülməsinin aradan qaldırdığı təsdiqlənmiş ölkələr də daxil olmaqla, bütün dövlətlər bu yüksək yoluxucu xəstəliyin mümkün yayılmasına qarşı diqqətli olmalıdır".
Qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxmanın artması bizdə epidemioloji vəziyyəti gərginləşdirə bilər?
Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az -a verilən məlumata görə, Azərbaycanda yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bir çox xəstəliklər, o cümlədən qızılca xəstəliyi eliminasiya olunub:
"Qeyd etmək lazımdır ki, Azərbaycanda əhalinin yüksək səviyyədə qızılca və məxmərəyə qarşı peyvəndlərlə əhatə olunması nəticəsində qızılca xəstəliyi 2019-cu ilin iyul ayından qeydə alınmayıb".
Peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır. Milli səviyyədə QPM peyvəndi ilə əhatənin yüksək səviyyədə saxlanılması (95%-dən çox), qızılca xəstəliyi üzərində effektiv epidemioloji nəzarətin aparılması, şübhəli olan xəstələrin laborator müayinəsinin təmin edilməsi ölkənin qızılca xəstəliyi üzrə eliminasiya statusunun qorunub saxlanılmasında əsas rol oynayır.
Mərkəzdən qeyd edilib ki, Avropa ölkələrində qızılca xəstəliyinin artımını və hər zaman gətirilmə qızılca hadisəsi risknin olmasını nəzərə alaraq, uşaqların vaxtında QPM vaksini ilə peyvənd olunması vacibdir.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


