"Şirkətə Söyüdlüdə istismarı müvəqqəti dayandırmaq təklif olunub"

  "Şirkətə Söyüdlüdə istismarı müvəqqəti dayandırmaq təklif olunub"
  12 İyul 2023    Oxunub:1276
"Sabah Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaralılan komissiyanın növbəti iclası olacaq".
"Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur" - Muxtar Babayev
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə yaralılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib. O qeyd edib ki, bundan sonra detallı məlumat veriləcək.

Nazir qeyd edib ki, sözügedən anbar 2011-ci ildə tikilib: "Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. Hazırda mövcud tullantı anbarının istismarını üç aydan çox olmadığı, ikinci anbarın tikintisinə razılıq verilmədiyi məlum olub. Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub".

O qeyd edib ki, təkliflə bağlı razılıq əldə olunub. Nəticədə bu barədə Nazirlər Kabinetinə təklif veriləcək.

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.

İyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşüb. Görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub, komissiya üzvləri sakinlərin fikirlərini dinləyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Gədəbəy   Söyüdlü  



Xəbər lenti