Səməd Seyidov: `Tələbərimizlə fəxr edirik`

Səməd Seyidov: `Tələbərimizlə fəxr edirik`
  15 Sentyabr 2014    Oxunub:2307
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Bilik günü” münasibətilə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşü keçirildi.
Görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatları Məlahət Həsənova, Asim Mollazadə, Xanlar Fətiyev, Cavanşir Feyziyev, unviersitetin prorektorları, fakültə dekanları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edirdi.

ADU-nun akt zalında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yeni tədris ili münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik etdi.

Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrə uğurlar arzulayan rektor Səməd Seyidov 15 sentyabr “Bilik günü”nün Azərbaycanda, o cümlədən Azərbaycan Dillər Universitetində şərəfli bir gün kimi qeyd olunduğunu dedi. ADU-nun rəhbəri Azərbaycan təhsil sisteminin öncəki vəziyyətində mövcud çətinliklərə nəzər salaraq bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təhsilin inkişafı üçün yaradılmış şərait, təhsilə verilən qiymət, gənclərə xüsusi qayğı nəticəsində Azərbaycan təhsil sisteminin inkişaf etdiyini, elm, təhsil, sülh, inkişaf mühitində ADU-nun timsalında ölkəmizin ali təhsil müəssisələrinin yüksək səviyyədə mütəxəssislər hazırladığını, azərbaycanlı gənclərin təhsillərini davam etdirmək üçün dünyanın müxtəlif ölkələrinə göndərildiyini söylədi. Rəhbərlik etdiyi ali təhsil ocağının yaranması tarixi, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirdi ki, Azərbaycan Dillər Universitetində dünyanın 20-dən çox aparıcı dilləri tədris olunur: “İndi yalnız Azərbaycan Dillər Universitetinin timsalında hər bir tələbə dünyanın müxtəlif dillərini öyrənmək imkanına sahibdir. Bu gün ADU-da 20-dən çox xarici dil tədris olunur. Onların içərisində dünyanın ən aparıcı dilləri- ingilis, fransız, alman, italyan, ispan, Koreya, yapon, Çin, ərəb, bununla yanaşı müxtəlif başqa dillər-Skandinav dilləri, Polyak dili, macar dili və başqa dillər də universitetdə mövcuddur. ADU-da, o cümlədən müxtəlif mədəniyyət və dil mərkəzləri fəaliyyət göstərir. Bu gün Azərbaycan Dillər Universiteti mədəniyyət mərkəzinə çevrilmiş ali məktəbdir”.

ADU-da aparılan islahatlardan söz açan rektor Səməd Seyidov universitetin təmir olunduğunu və avadanlıqların yeniləndiyini də tələbələrin diqqətinə çatdırdı. Azərbaycan Dillər Universitetinin tələbələrinin beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu söyləyən rektor burada oxuyan tələbələrin yaradılmış imkanlardan istifadə edərək dünyanın ən aparıcı ali məktəblərinin professorlarının mühazirələrini dinləyə biləcəklərini vurğuladı: “Bu gün Azərbaycan Dillər Universiteti Böyük Britaniya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları, İtaliya, Norveç və digər ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir, tələbə-müəllim mübadiləsi həyata keçirilir”.

Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universitetini fərqlənmə diplomu ilə bitirmiş Nərmin İsmayılova yeni qəbul olmuş tələbələri təbrik etdi. 4 il öncə yaşadığı hisslərini bölüşən Nərmin İsmayılova ölkənin ən aparıcı və ilklərə imza atmış universitetinin tələbəsi olmağın qürurverici bir hiss olduğunu bildirdi. ADU-ya qəbul olan tələbələri şanslı adlandıran Nərmin İstamyılova bu universitetin istər daxili, istərsə də xarici imkanlarının geniş olduğunu dedi. Onlara tələbələrə təhsil aldıqları müddətdə bu imkanlardan istifadə edərək məqsədlərinə çata biləcəyini bildirdi. Esseks Universitetini fərqlənmə diplomu ilə bitirməyini isə ADU-nun uğuru kimi qiymətləndirərək özünün Dillər Unviersitetinin yetirməsi olduğunu bildirdi.

Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları, həmçinin qiymətli hədiyyələr təqdim olundu.

Görüş ADU-nun himninin səslənməsi ilə başa çatdı.

Qeyd edək ki, 2014/2015-ci tədris ilində 1465-ə yaxın bakalavr, 200-ə yaxın isə magistr pilləsinə daxil olmaqla ADU-ya qəbul planı 1665-ə yaxın tələbə təşkil edib.


Teqlər:



Xəbər lenti