Xədicənin DALında dayananlar – FOTO

Xədicənin DALında dayananlar – FOTO
  24 Sentyabr 2014    Oxunub:8861
Varşavada ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun keçirdiyi tədbirdə Xədicə İsmayıl və kompaniyası Azərbaycanı yenə də həmişəki amplualarına uyğun olaraq, “layiqincə” təmsil ediblər. Belə ki, Azərbaycandan olan digər təmsilçi Əhməd Şahidov çıxış edərkən Xədicə və içində ermənilər də olmaqla daha 10 nəfər italiyalı Anna İnnosentinin təşəbbüsü ilə ona dal çeviriblər.

Qeyd edək ki, İnsan Haqları Evləri Şəbəkəsinin (Human Rights House Network) təmsilçisi Anna İnnosenti son vaxtlar ölkəmiz əleyhinə fəallığı ilə az diqqət çəkməyib. Məsələn, onun təşkilatı “Sərhədsiz reportyorlar” ilə birlikdə Atletiko (Madrid) komandasının oyunçularının maykalarında Azərbaycanın reklamının yerləşdirilməsilə bağlı qara PR aksiyası keçirmişdi. Onun “Tvitter”dəki hesabı da Azərbaycan əleyhinə yazılarla doludur, halbuki, bu hüquq müdafiəçisi Ermənistanda baş verən pozuntularla bağlı heç vaxt bir kəlmə də danışmayıb.

Amma Xədicənin Varşavadakı fəaliyyətinin ən yaddaqalan məqamı bu da deyildi. Onun ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayerlə maraqlı bir fotosu yayılıb. Daniel Bayer ATƏT-dəki fəaliyyətində həmişə Azərbaycan əleyhinə addımları və Ermənistana isti münasibətilə yadda qalıb. İstər seçkilər zamanı, istərsə də “siyasi məhbus” məsələsilə bağlı o, həmişə Azərbaycanla bağlı mənfi fikirlər səsləndirib. Bir növ ATƏT-dəki antiAzərbaycan mövqeyinin ideoloqu rolunda çıxış edir.



Amma daha maraqlısı odur ki, şəkli ilk olaraq Ermənistanın tanınmış bloqqeri və fəalı Ani Vandaryan özünün Tvitter hesabında paylaşıb.

Vardanyanın Tvitter hesabı Azərbaycan və onun rəhbərliyi ilə bağlı mənfi fikirlərlə doludur. Xədicə isə şəkli Vandaryanın Tvitter hesabından retvit edib (paylaşıb).

Yəni faktik olaraq Xədicə İsmayıl Azərbaycan əleyhinə işləyən təşkilatlanmış şəbəkə ilə işbirliyini ortaya qoyub. Onun Bayer ilə olan fotosu da çox maraqlıdır. Şəkildə sanki Bayer Xədicəyə təlimat verir, o isə qulaq asır. Özü də məhz bu söhbətdən sonra Xədicə İsmayıl antiAzərbaycan mövqeyində ola şəxslərlə birgə dal çevirmə flaşmobunu həyata keçirib.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  



Xəbər lenti