Azərbaycanlı Marsa uçacaq - FOTO

Azərbaycanlı Marsa uçacaq - FOTO
  28 Sentyabr 2014    Oxunub:4991
ABŞ-ın Havay ştatında yerləşən Kosmik Ekspediyalar üzrə Analoq və Modelləşdirmə mərkəzi (Hİ-SEAS) Mars planetinə uçmaq üçün 6 astronavtdan ibarət heyətin seçildiyini və onların 8 aylıq hazırlıq kursuna başlayacağını elan edib.

AzVision.az-ın məlumatına görə, Virtualaz.org saytı bu haqda mərkəzdən yayılan rəsmi press-relizə istinadən xəbər verir. Mərkəz bildirir ki, astronavtlar oktyabrın 15-dən etibarən xüsusi kapsulda ətraf aləmdən təcrid olunacaq və səkkiz ay ərzində bu kapsulu tərk etmədən Mars planetinə kosmik ekspediyasını modelləşdirəcəklər.

Marsa uçmaq üçün kosmik ekspedisiyanın hazırlanması proqramını Amerikanın Milli Aerokosmik Agentliyi (NASA) maliyyələşdirir. 8 ay ərzində ekipaj xüsusi kapsulun içində videomüşahidə altında olacaq, onların orqanizmlərində baş verən proseslər barədə müntəzəm məlumatlar alınacaq.

Hİ-SEAS Marsa uçmaq üçün seçilən ekspedisiyanın üzvlərinin siyahısını açıqlayıb. Olduqca maraqlıdır ki, heyət üzvləri arasında bir azərbaycanlı da var. Heyətə bunlar daxildir: -Nil Scheybelhut (Neil Scheibelhut), Havay Universitetinin məzunudur. Molekulyar biologiya üzrə bakalavr dərəcəsinə malikdir. ABŞ-ın İraqda apardığı müharibənin veteranıdır və hazırda Los-Ancelesdə mikrobioloq işləyir. O, İndiana ştatında anadan olub.

-Coeslin Dann (Jocelyn Dunn), Perdyu Universitetində fəlsəfə doktorluğuna namizəddir. Onun dissertasiyası qərarların qəbulunun dəstəklənməsi və sistemlərin təkmilləşdirilməsi üçün məlumatların real zaman rejimində analizi haqdadır. C.Dann Florida ştatında anadan olub. O, həmçinin Embri-Riddl Universitetini aviasiya-kosmik texnika ixtisası üzrə bitirib, bu ixtisas üzrə bakalavr dərəcəsinə malikdir. Həmçinin Perdyu Universitetinindən biotibbi mühəndislik ixtisası üzrə magistr dərəcəsi alıb.

-Allen Mirqədirov, NASA-nın uçuşların təhlükəsizliyi şöbəsində (Virciniya ştatı) aerokosmik mühəndisdir. Onun əsas fəaliyyəti orbital və suborbital missiyalarla bağlıdır. Bundan əvvəl Mirqədirov 10 il ABŞ Hərbi-Hava Qüvvələrində zabit kimi xidmət edib. O, SSRİ dövründə Bakıda - Azərbaycanın paytaxtında anadan olub. Hazırda isə Arizona ştatının Finiks şəhərində yaşayır.


-Sofi Milam, Havay Universitetinin məzunudur, fikzika və astronomiya üzrə bakalavr dərəcəsi alıb. Hazırda Aydaho Universitetində aspirantdır. Milam Texas ştatının San-Antonio şəhərində anadan olub, hazırda Kaliforniya ştatında, NASA-nın Intelligent Robotics Group (Ağıllı Robotlar Qrupu) mərkəzində işləyir.

Zak Uilson (Zak Wilson), heyət üzvləri arasında analoq araşdırmalar sahəsində iş təcrübəsinə malik yeganə şəxsdir. O, Yuta ştatında “Mars Desert” stansiyasında iki həftəlik missiyada mühəndis kimi iştirak edib. London Kral Kollecinin məzunudur, kompozit materiallar ixtisasına yiyələnib və bundan əvvəl stress-analitik işləyib. Kolorado ştatında anadan olub.

Qeyd edək ki, NASA yaxın illərdə Marsa astronavtlar göndərməyə hazırlaşır və bu proqrama milyardlarla dollar xərcləyir. İndiki kosmik gəmilərin sürəti ilə hesablayanda Marsa uçmaq üçün 8 ay vaxt tələb olunur. Bu səbəbdən NASA 8 aylıq uçuşa insanın necə tab gətirə biləcəyini araşdırır. Göründüyü kimi bu tarixi ekspediyanın üzvlərindən biri də keçmiş bakılıdır.

Googleda axtarış apardıq və Allen Mirqədirovun bir neçə kiçik fotosuna rast gəldik. Bu fotoların birində o, Bakıdadır və çox güman ki, fotonu doğulduğu binanın qarşısında çəkdirib. Çünki fotoda Bakının “xruşşovka”larına bənzəyən binalardan birinin girişi təsvir olunub və orada “Blok 2, mən. 58” yazılıb.


Teqlər:





Xəbər lenti