Zakir Qaralovdan Leyla Yunusla bağlı AÇIQLAMA
Bu barədə Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
Z.Qaralov Leyla Yunusovanın və digərlərinin vəkillə təmin edildiyini diqqətə çatdırıb:
"Vəkillə də hər gün, istənilən vaxt görüşürlər. Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, hüquq və azadlıqları təmin olunur".
Zakir Qaralov Leyla Yunusovaya qarşı zorakılıq törədilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, bu məlumatlar tamamilə yalnışdır.
"Yaxınlarda mətbuatda guya Leyla Yunusovaya qarşı hər hansı zorakılıq törədilməsi barədə yayılanlar uydurma məlumatdır. Dərhal ekspertiza keçirilib, heç kəsə xəsarət yetirilməyib"-deyə baş prokuror qeyd edib.
Baş prokuror həmçinin həbsdə olan NİDA-çıların prezidentə ünvanladığı məktubdan söz açıb. Bildirib ki, həbsdə olan NİDA-çıların əfvlə bağlı müraciəti cənab Prezidentə ünvanlanıb. Qərar da prezident tərəfindən qəbul olunmalıdır.
Baş prokurorun sözlərinə görə, ictimai asayişi kobud şəkildə pozmağa cəlb edilmiş şəxslər başa düşməlidirlər ki, Azərbaycan gənclərini dövlətə qarşı yönəldə bilməzlər: "Gec-tez bizim gənclərimiz də başa düşürlər ki, səhv yolda olublar və sözsüz, bununla bağlı müəyyən qərar qəbul olunacaq".
Qeyd edək ki, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti İlham Əliyevə müraciət ediblər. (trend)