Kəlbəcər girovlarına niyə vəkil tutulmur?
Belə ki, Xankəndi məhkəməsi Şahbaz Quliyev və Dilqəm Əsgərovun istintaq materiallarının artıq məhkəməyə verildiyini, ancaq prosesin konkret başlama tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib. Məhkəmə prosesi Anatoli Tadevosyanın sədrliyi ilə keçiriləcək. Ermənistan KİV-nin məlumatına görə, azərbaycanlı girovların vəkili əslən Qarabağdan olan Arkadi İsraelyandır.
Bəs, görəsən beynəlxalq hüquqa əsaslanaraq Azərbaycan öz vətəndaşlarını yerli vəkil ilə təmin edə bilərmi?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev AzVision.az-a açıqlamasında bildirib ki, ilk növbədə Şahbaz Quliyev və Dilqəm Əsgərovun girov olduqlarını sübut etmək lazımdır. Hüquqşünasın sözlərinə görə, humanitar hüquqa əsasən girov götürülən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilməz:
“Dağlıq Qarabağ” tərəfindən onların haqqında cinayət işi qaldırılıb. Məhz, buna görə onlar məhkəməyə verilib. Əslində onlar məhkəməyə verilə bilməz. Onlar sadəcə girov götürülüblər və burada məhkəmə predmeti ola bilməzdi. Əlbəttə burada siyasi məsələlər var. Onlar çalışır ki, məhz özlərini “suveren” dövlət və özlərinin məhkəmə, hüquq sistemlərinə malik olduqlarını göstərsinlər. Biz daha isə çox çalışmalıyıq ki, onların girov olduğunu beynəlxalq aləmdə göstərər bilək. Girovların cinayət məsuliyyətinə cəlb olunması mümkün ola bilməz”.
Azərbaycanlı girovların ölkəmiz tərəfindən vəkil ilə təmin edilməsi məsələsinə gəlincə, Ə.Nuriyev bildirib ki, bununla bağlı beynəlxalq qurumlara müraciət etsək onda mövcud faktla razılaşmış olarıq:
“Belə çıxır ki, onlar hansısa qanunazidd əməllərə yol veriblər. Belə olan halda biz bununla razılaşmış olarıq. O zamana separatçı rejimin orqanlarının legitimliyi ilə bağlı müəyyən əsaslar yarada bilərik. O baxımdan hesab etmirəm ki, bu istiqamətdə çalışmaq lazımdı. Düşünürəm ki, Xarici İşlər Nazirliyi, eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT-in həmsdərləri və digər beynəlxalq qurumlarla çalışmaq lazımdır ki, bu şəxsləri girov kimi qeydə alsınlar. Bundan sonra isə məsələlər humanitar qaydalara əsasən öz həllini tapmalıdır. Onların əməllərində cinayət məsuliyyətinin olmasını isə heç qəbul etmirəm. Həmin şəxslər Azərbaycan daxilində hərəkət ediblər. Hesab edirəm ki, bu istiqamətdə siyasi təzyiqləri artırmaq və eyni zamanda bütün qurumlara informasiya verilməsini təmin etmək lazımdır”.
Hüquqşünas qeyd edib ki, ölkəmizdə və eləcə də beynəlxalq təşkilatlarda insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslər bu məsələdə susurlar:
“Onlar bu məsələyə diqqət yetirmirlər və bununla bağlı bəyənatlar vermirlər. Eyni zamanda beynəlxalq hüquq müdafiə təşkilatları bu məsələdə susurlar. Amma digər məsələlərdə daha geniş canfəşanlıq nümayiş etdirirlər. Bu günlərdə Avropa Şurasının hüquq komitəsində qətnamə qəbul olundu. Amma orada da bu məsələyə diqqət yetirilmədi ki, Azərbaycan vətəndaşları separatçı rejim tərəfindən girov götürülüb. Hesab edirəm ki, buna da diqqət yetirilməlidir. Avropa Birliyi, Avropa Şurası, eyni zamanda hüquq müdafiə təşkilatları bu məsələyə diqqət yetirməlidir. Azərbaycan vətəndaşları öz ərazisində hərəkət edərkən girov götürülür və öldürülür. Amma bununla bağlı beynəlxalq təşkilatların səsi çıxmır. Dövlət orqanları ilə bərabər, ictimaiyyət də bu məsələyə öz münasibətini bildirməlidir”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


