Vergidən yayınlara cinayət işi açıldı

Vergidən yayınlara cinayət işi açıldı
  09 Oktyabr 2014    Oxunub:1288
Bu ilin doqquz ayı ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi hüquqpozmaları üzrə 593 cinayət işi başlanıb.
Nazirlikdən verilən məlumata görə, cinayət işlərinin 111-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti, 475-i vergi borcunun ödənilməməsi, 2-si aksiz markaları ilə markalanmamış malların satışı, 5-i isə qanunsuz sahibkarlıq faktı ilə əlaqədar digər hüquq-mühafizə orqanlarından daxil olan materiallarla bağlı olub. Cinayət işlərindən 283-ü üzrə ibtidai istintaq tamamlanıb, 14 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış 78 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Hesabat dövründə departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 10 milyon 171,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bir cinayət işi üzrə təqsirləndirilən şəxsin 530 min manat dəyərində əmlakına həbs qoyulub.

İcraatına xitam verilmiş 205 cinayət işindən 146 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (29 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 17 nəfər tutularaq istintaq idarəsinə təhvil verilib. Habelə ibtidai istintaqdan yayınan 297 şəxsin məcburi qaydada gətirilməsi, 126 şəxsin tapılaraq istintaqa gəlmələri, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına kömək göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 315 vergi ödəyicisi tapılaraq müvafiq vergi orqanlarına verilib.


Teqlər:





Xəbər lenti