`Bizdə futbol meydanlarından kabab iyi gəlir` - Deputat

`Bizdə futbol meydanlarından kabab iyi gəlir` - Deputat
  14 Oktyabr 2014    Oxunub:3462
`Berti Foqts nə etsin, onun nə günahı var ki?`
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fazili Mustafa deyib. Futbol üzrə milli komandamızın silsilə məğlubiyyətlərindən söz açan deputat baş məşqçi Berti Foqtsın günahsız olduğunu qeyd edib.

Millət vəkilinin sözlərinə görə, millimizin baş məşqçi postuna 100 alman gətirsək belə bu mexanizmi işlədəcək və heç bir gücə sahib olmayacaq:

“Çünki burada məşqçi ilə bağlı problem yoxdu. Burada problem ölkə çempionatının zəif vəziyyətdə olmasıdır. Uşaq futbolunun inkişaf etdirilməməsi bunun əsas səbəbidir. Stadionların qiyməti bahadırsa, uşaqlar futbol oynamağa meydança tapa bilmirlərsə, rayonlarda bu şərait yoxdursa və belə bir şərtlərdə necə futbolçu yetişə bilər. Bu hesablara səbəb kimi deyil, nəticə kimi baxmaq lazımdır.

Berti Foqtsu çıxarıb yerinə azərbaycanlı məşqçi qoysaq nəyi dəyişəcək? O da özü ilə sehirli dirijor çubuğu gətirib futbolu inkişaf etdirməyəcək. Daha çox vəsait uşaq futboluna xərclənməlidir. Klubların rahatlıqla sıradan çıxmasının qarşısını almaq üçün sahibkarlığı inkişaf etdirmək lazımdır. Bir sahibkar hər hansı bir klubu maliyyələşdirir və özü iflasa uğrayanda klub məhv olur. Dünyada belə bir hal yoxdur. 10-15 sahibkar kluba sahib çıxır, biri sıradan çıxanda onun yerinə başqa biri gəlir. Bu bir məşqçinin üzərinə yığılan günah deyil”.

Millət vəkili qeyd edib ki, bizdən fərqli olaraq xarici məşqçilərə başqa yerlərdə münasibətdə fərqlidi:

“Türkiyə yığmasında Fatih Terim Berti Foqts qədər pul alır. Məgər Fatim Terim Berti Foqtsdan çoxmu ağıllıdır? Onların futbolu müqayisə ilə bizdən üstündür. Fatim Terimin özündən müştəbehliyi 3 oyundan sonra Türkiyə komandasını axırıncı yerə gətirib. Ən zəif rəqiblərə belə qalib gəlmək iqtidarında deyil. Bu o deməkdir ki, yerli məşqçilik nəyisə dəyişmir. Bu yerli və xarici məşqçi məsələsi deyil. Futbola olan münasibət dəyişməlidir. İndi Bakıda xeyli bina tikilib, amma onların əksəriyyətində meydança yoxdu. Hamısı qaraj, restoran, kafe yeridi. Futbol oynan yerlərin hamısından kabab iyi gəlir. Hamısının əhatəsində beş restoran var. Bununla futbolu inkişaf etdirmək olmaz. Təbii ki, Berti Foqtsun problemləri var, amma bu tək məşqçi ilə həll olunan məsələ deyil”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti