Çempion olduğunu deyən `bomj`la bağlı ilginc məlumatlar

Çempion olduğunu deyən `bomj`la bağlı ilginc məlumatlar
  21 Oktyabr 2014    Oxunub:19500
Ötən gün saytımızda dərc olunan “Bakıda “bomj”luq edən Avropa çempionu” başlıqlı yazı sosial şəbəkələrdə, ictimaiyyət arasında böyük əks-səda doğurdu. Təbii ki, jurnalist kimi bizim əsas missiyamız ölkədə və dünyada baş verən hadisələri, şahidi olduğumuz olayları “qırmızı xətti” keçməmək şərti ilə oxuculara təqdim etməkdir.

Amma bu yazını qələmə almaqda niyətimiz sırf xəbər hazırlamaq, yaxud sensasiya yaratmaq deyil, küçədə kimsəsiz yaşayan bir insana kömək etmək, onu düşdüyü uçurumdan xilas etmək idi. Baxmayaraq ki, müsahibimiz Rövşən Kazımov içki aludəçisidir, küçə həyatı yaşayır, onun da bir vətəndaş kimi fikir və söz azadlığı, normal yaşamaq hüququ var.

Biz sırf vətəndaş mövqeyindən çıxış edərək ona kömək əlimizi uzatdıq – söhbət etdik, çəkdik və onu aidiyyatı qurumları məlumatlandırmaq üçün tirajladıq...

Videodan da göründüyü kimi R.Kazımov vaxtilə idmanla məşğul olduğunu, boks üzrə Azərbaycan və Avropa çempionu titulu qazandığını iddia edir. Olar bilər ki, müsahibimizin dediklərinin hamısı heç də həqiqəti əks etdirməsin, amma biz obyektivlik naminə çəkdiyimiz kadrları olduğumu kimi oxucularımıza təqdim etdik. Yenə insanlıq naminə deyib, R.Kazımovun yaxınlarının axtarışına çıxdıq. Dəfələrlə “Sahil” Ticarət Mərkəzinə yollansaq da onun bacılarını tapa bilmədik. ( R.Kazımov bacılarının “Sahil” Ticarət Mərkəzində mağazalarının olduğunu demişdi – red)

Axtarışımızı davam etdirib, bu dəfə Bakı Tikiş Fabriki ilə əlaqə saxladıq. R.Kazımovun bacısı İyulə Kazımovanı tapa bildik.

İyulə Kazımova əməkdaşımızla söhbətində R.Kazımovla bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib. Bildirib ki, qardaşının dediklərinin heç də hamısı həqiqəti əks etdirmir.

“Qardaşım Rövşəndən soruşardınız ki, niyə o, ev-eşiyi olduğu halda gedib küçələrdə yatır. Ürəyimiz partladı, o, bizdə daha ürək qoymayıb. Rövşəni yenə müalicə etdirmək istəyərik. Zaman-zaman müalicə etdirib evə gətirsək də, xeyiri olmur, hər dəfə evdən çıxıb gedir, bir də bir neçə aydan sonra hardansa tapırıq. Hər dəfə söz verir, ancaq üstündə durmur. İçki aludəçiliyi onu məhv edir. Onun öz ailəsi yoxdur, çempion da olmayıb, yalan deyir. Deyim ki, hardasa böyük uğur qazanıb, yox, belə bir şey olmayıb. Biz Rövşəni əlimizdə körpə uşaq kimi saxlamışıq. Maddi baxımdan hər şeylə təmin etmişik. Ürəyimiz yanır da qan qandandır, canımızın bir hisəsidir. Heç vaxt əziyyət çəkməsinə qoymamışıq. Axırda bizə cavabı bu oldu”.

İyulə Kazımovanın sözlərinə görə, qardaşı əvəllər belə olmayıb:

“İçməyəndə, ağlı üstündə olanda baxsanız, inanmarsınız ki, o cür insan belə birinə çevrilib. Bu hala düşməmişə qədər yüngülvari işlərdə çalışırdı. Evin axrıncı uşağı olub deyə gözümüz üstündə ona baxmışıq. Rövşən əmimoğlunun deyil, öz dostunun badına gedərək həbsxanaya düşmüşdü. Həbsxanada yatdığı müddət isə 9 il yox, az olmuşdu. Qardaşımı həbsxanada yandırmayıblar, mən gözümlə görmədiyim şeyi necə deyə bilərəm. Anam isə elə onun dərdindən ürək xəstəsi oldu, bu ilin oktyabrında onun ilini verdik. Qardaşımın və anamın Kürə düşməyini də doğru deməyib. Böyük qardaşım başqa səbəbdən rəhmətə gedib.

Hardasa 2-3 il olar ki, biz onu tutub gətiririk, müalicə etdiririk, geyindirir-kecindiririk. Bir də baxırıq ki, çıxıb gedib. Hətta ona telefon da vermişdik ki, əlaqə saxlaya bilək. Harada olduğundan xəbərimiz olsun. Rövşən isə evdən çıxıb gedirdi, 6-7 aydan sonra xəbəri gəlirdi. Rövşən bəlkə də özünə gələndən sonra dediklərinə görə peşman olacaq”.

Rövşən Kazımovun müsahibəsini bir daha təqdim edirik:



Şəhanə Rəhimli
AzVision.az




Teqlər:  





Xəbər lenti