“Eldar Namazovu heç kim vəkil seçməyib” - Sahib Alıyev

“Eldar Namazovu heç kim vəkil seçməyib” - Sahib Alıyev
  04 Noyabr 2014    Oxunub:1653
“Nə Eldar Namazovu, nə də onun yanındakıları heç kim Azərbaycan adından danışmaq üçün vəkil seçməyib. Açıq-aydın görünür ki, orada Azərbaycanın və azərbaycanlıların mövqeyi yox, bu görüşü təşkil edənlərin mövqeyi səslənir”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev “Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan ilə birgə yaydığı bəyanatı şərh edərkən deyib.

O vurğulayıb ki, danışıqlarda həm Azərbaycana, həm də ermənilərə, işğalçıyla eyni cür yanaşma var: “Bəyanatda qeyd olunur ki, maksimalist tələblərdən imtina edib güzəştlərə yaxınlaşmaq lazımdır. Azərbaycan tərəfinin hansı maksimalist tələbi var? Bizim tələbimiz BMT qətnamələrinin yerinə yetirilməsidir ki, bu da beynəlxlaq birliyin tələbidir, yəni heç bir maksimalizm yoxdur”.

Deputat hesab edir ki, diqqət çəkən daha bir məqam danışıqlardakı inam atmosferinin yaradılması çağırışları ilə bağlıdır: “Eldar Namazov və başının dəstəsi Finlandiyaya, ermənilərlə bir stol arxasında əyləşməyə dəvət edilən gün Ermənistanın müdafiə naziri Sergey Ohanyan Azərbaycana çağırış edir ki, inam atmosferi yaratmaq lazımdır. Və bunu yaratmaq üçün onun irəli sürdüyü ilk şərt snayperlərin ön cəbhədən çəkilməyidir. Bu sinxronluğun təsadüfü olduğunu düşünmürəm. Şübhəm yoxdur ki, Sergey Ohanyan 4 il bundan əvvəl Eldar Namazov və başının dəstəsinin Tiflisdə imzaladıqları başqa bir bəyanatdan xəbərsiz deyil. Həmin bəyanatda da snayperlərin ön cəbhədən çəkilməsi tələbələrdən biri kimi qeyd olunurdu. Əlavə bir tələb isə münaqişənin yalnız sülh yolu ilə həllolunması ilə bağlı tərəflər öhdəlik götürsün”.

S.Alıyevin fikrincə ermənilərin özbaşına torpaqları tərk edəcəyini gözləmək sadəlövhlükdür: “Əgər erməni görsə ki, Azərbaycan torpağında qazdığı səngərdə rahat yata bilər o bu torpaqdan çəkiləcək? Belə addımı atmaqla Azərbaycan nə vaxta qədər gözləyəcək ki, ermənilər isnafa gəlib torpaqları tərk edəcəklər? Bu baxımdan Eldar Namazovun hərəkəti pislənməlidir. Hər halda onları bu görüşə aparıb oturdanlar xalqın mövqeyindən xəbərdardır. Bilirlər ki, xalq İlham Əliyevi dəstəkləyir. Yenə də bu cür adamların vasitəsilə şou yaratmaq, bizə diktə etmək istəyirlər ki , snayperlərin ön cəbhədən geri çağırın.

Belə çağırışlara rəğmən Zakir Həsənovun yaxşı cavabı oldu. Snayperlərin ön cəbhədən çəkilməsi yalnız o zaman baş tuta bilər ki, ermənilər işöal etdikəri torpaqlarımzıdan tamamilə və qeyd-şərtsiz çıxarılsın”.

Qeyd edək ki, “Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan ilə birgə bəyanat yayıb.

Müraciətdə onlar iki ölkənin vətəndaş cəmiyyətlərini, bütün siyasi və ictimai qüvvələri sülh prosesinin fəal iştirakçıları olmağa, zəruri güzəştlərin axtarışına başlamağa, maksimalist tələblərdən imtina etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində öz məsuliyyətlərini dərk etməyə çağırırlar.


Fatimə Kərimli
AzVision.az



Teqlər:  



Xəbər lenti