`İndi pul xərcləməsək, sonra...` - Vitse-spiker

`İndi pul xərcləməsək, sonra...` - Vitse-spiker
  19 Noyabr 2014    Oxunub:1778
`Heydər Əliyev bu təklifləri qəbul etsəydi, indi görün vəziyyət necə olardı`
Vitse-spiker Valeh Ələsgərov parlamentdə 2015- ci ilin büdcə müzakirələri zamanı maraqlı fikirlər səsləndirib.

AzVision.az xəbər verir ki, V.Ələsgərov çıxışı zamanı bildirib ki, Dövlət Neft Fondundan vəsait ayırmalarına qarşı çıxanlar, bununla bağlı həyəcanla danışanlar və tənqid edənlər bir məsələni yəqin ki unudublar:

“Onlar vaxtilə Dövlət Neft Fondunun yaradılması ideyasına qarşı çıxırdılar və deyirdilər ki, neft gəlirləri birbaşa dövlət büdcəsinə yönəlsin və artıq qalan fonda yığılsın. Bununla bağlı kəskin müzakirələr gedirdi və 3- 4 nəfəri çıxmaq şərtilə hamı belə deyirdi ki, gəlirlər birbaşa büdcəyə yönəlsin. Əgər o zaman ölkənin prezidenti Heydər Əliyev bu təklifləri qəbul etsəydi, indi görün vəziyyət necə olardı. Nəinki müxalifət, o cümlədən hökumətin tərkibində olan nazirlər də böyük vəzifəli şəxslər də neft gəlirlərinin birbaşa dövlət büdcəsinə daxil olmasını istəyirdi. Əminəm ki, əgər neft gəlirləri birbaşa büdcəyə daxil olsaydı, indi vəziyyət heç də indikindən yaxşı olmazdı. Pulu Dövlət Neft Fonduna xərcləmək üçün yığırlar. Əminəm ki, pulu ilk növbədə infrastruktur layihələlərinə yönətmək lazımdır. Əgər TANAP, TAP, Bakı-Tiflis- Ərzurum, Şahdəniz layihəsinə pul xərcləməsək, gələcəyimiz necə olar? Hesab edirəm ki, pullar düzgün istiqamətdə xərclənib”.

V.Ələsgərov qeyd edib ki, neftin qiyməti ilə bağlı bəzi çıxışlar onu bununla bağlı müəyyən məqamlara toxunmağa vadar edir:

“Əvvəla neftin qiymətini hansısa siyasətlə bağlamaq sadəlövhlükdür. Bu gün elə bir ölkə və siyasətçi yoxdur ki, onun qərarı ilə neftin və yaxud başqa əmtəə məhsulunun qiyməti ucuzlaşıb bahalaşsın. Başqa sadəlövh yanaşma da hiss etdim. Guya ABŞ neftin istehsalını artırdığına görə, dünya bazarlarında neftin qiyməti ucuzlaşıb. Amma Amerika qarşıdakı 7-8 ildə dünyada neft və neft məhsulları ixrac edən ölkə olacaq. Neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi valyuta və maliyyə bazarları və orada gedən oyunlardır. Bu oyunları heç kim proqnozlaşdıra bilməz. Ona görə də neftin qiyməti ilə bağlı danışanda məsələyə dərindən yanaşmaq lazımdır”.

Həmçinin vitse-spiker büdcədən müxtəlif sahələrə ayrılan pulların artırılmasını təklif edənlərlə razılaşmayıb:

“Biz artıq “verin xərcləyək” psixologiyasından əl çəkməliyik. Müxtəlif sahələrə ayrılan pul artırmalıdır, deyənlərlə razı deyiləm. Onsuz da hökumət müxtəlif sahələrə vəsaitləri artırır. Mən isə sual verirəm, bunun nəticəsi nə olacaq? İstər sənaye, istər kənd təsərrüfatı, səhiyyə, təhsil, elm olsun. Bu sahəyə ayrılan vəsaitlərin artırılmasının nəticəsi nə olacaq? Pulu ver, xərcləyim demək asandır. Nəticə barədə düşünmək lazımdır”.

Anar Kəlbiyev



Teqlər:  



Xəbər lenti