“Hərbi Dəniz Qüvvələri yeni gəmilərlə təmin olunacaq” - Zakir Həsənov
Təlimlərə hazırlıq, onun keçirilməsi və yekunlarını təhlil edən Müdafiə naziri bildirib ki, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qısa müddət ərzində komandanlıq tərəfindən qoyulan tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, plana uyğun olaraq aparılan təlimlərin uğurla baş tutması üçün bütün tədbirləri həyata keçiriblər.
Müdafiə naziri qeyd edib ki, hər bir matros, miçman və zabit vətənpərvərlik hissini, Vətənimizə, xalqımıza və onun Ali Baş Komandanına sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Silahlı Qüvvələrimizin şəxsi heyəti hər an düşmən üzərində qələbə əldə edə bilər.
Hərbi Dəniz Qüvvәlərinin gələcək inkişafına toxunan Müdafiə naziri hazırda müasir standartlara və yeni tələblərə cavab verən geniş infrastruktura malik hərbi dəniz bazasının tikintisinin sürətlə aparıldığını, o cümlədən dəniz qüvvələrinin yeni hərbi gəmilərlə təmin olunacağını xüsusilə qeyd edib.
Sonda təlimə cəlb olunan birləşmə və hissələrin döyüş sahəsində birgə fəaliyyət göstərib tapşırıqların öhdəsindən gələrək fərqlənən hərbi qulluqçular Müdafiə naziri tərəfindən mükafatlandırılıb.
AzVision.az