Siyavuş Novruzov Zaurla Elgizə baxmır, Mirşahinə isə...

Siyavuş Novruzov Zaurla Elgizə baxmır, Mirşahinə isə...
  02 Dekabr 2014    Oxunub:3765
“Milli Televiziya və Radio Şurasının (MTRŞ) televiziyaları tənqid etməsi tamamilə düzgündür. Keçmişdə jurnalistika fakültəsində, APİ-nin özündə də qəbul və ixtisas imtahanından başqa ümumi bir yoxlama aparılırdı. Hətta müəllimin dili pəltək, danışığında da qüsur olmamalıdır. Çünki o, şagirdlərə dərs deyir. Televiziyada isə aparcısı Azərbaycanın müxtəlif bölgələrinin, regionlarının ləhcələri ilə danışır. Bu bizi Azərbaycan dilindən uzaqlaşdırır”.

Bu sözləri AzVision.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib. Yerli telekanalların səviyyəsindən söz açan millət vəkili bildirib ki, yerli seriallar cəmiyyəti cinayətə təhrik edir:

“Dövlətin pul ayırmasına baxmayaraq, seriallar çox bayağı, mövcud həyata uyğun olmayan, Azərbaycanın reallığını əks etdirməyən formada çəkilir. Bir neçə artist bir neçə seriala çəkilir və bununla da hər şey yekunlaşır. Nə motiv, nə nəticə, nə də ki, onların verdiyi bir ibrət dərsi var. Əksinə bəzi hallarda həmin seriallar cəmiyyəti cinayətə sürükləyir. Mənəvi və əxlaqi baxımdan tərbiyə vermək əvəzinə insanları cinayətə təhrik edir”.

Deputat bəzi telekanallardakı sosial və şou xarakterli verilişlərin reytinqlərinin yüksək olması barədə yayılan xəbərlərə də münasibət bildirib:
“Nəyə əsasən deyirlər ki, onların verilişləri ən yüksək reytinqə malikdir? Bunu onlar özləri yoxlayıblar, yoxsa evlərdə televiziyalara xüsusi aparat qoyublar? Belə verilişlərin nəticəsidir ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti ölkədəki televiziya kanallarına baxmırlar. Onlar Rusiya və başqa-başqa ölkələrin televiziya kanallarına baxırlar”.

S.Novruzov yerli telekanalların “xaricdən aldıqları” bahalı telelayihələrindən də söhbət açıb: “Müəyyən proqramlar var ki, onların böyük əksəriyyəti ayrı-ayrı ölkələrdən götürülür. Yəni həmin verilişlər onların öz ağıl və düşüncələrinin məhsulu deyil. Onlar özləri Türkiyə, Rusiya və başqa-başqa ölkələrdə olmayan bir müstəqil veriliş yarada bilmirlər. Onlar xaricdən götürdükləri verilişləri daha bayağı formada Azərbaycanda təqdim edirlər”.

Millət vəkili Siyavuş Novruzov həmçinin qeyd edib ki, tanınmış teleaparıcı Zaur Baxşəliyev və Elgiz Əkbərin təqdimatında yayımlanan “ən reytinqli” verilişlərə baxmır:

“Mən ümumiyyətlə o kimi verilişlərə baxmıram. Ancaq xəbərlər və ictimai siyasi verilişlərə baxıram. Mədəniyyət kanalındakı verilişlərə, ANS-dəki “Ən yeni tarix”, ”Hesabat” kimi verlişlərə baxıram. Həmçinin belə formatda olan verilişlərə də baxıram. Qalan xörək bişirmə, çay içmə kimi mərasim olan verilişlərə baxmıram. Digər mərasimlər də mənim marağımı cəlb etmir. İctimai televiziyada olan müxtəlif regionlarla, Azərbaycanda yaşayan ayrı-ayrı xalqlarla bağlı verilişlərə və həmçinin “Çarpaz baxış” verilişinə də baxıram. Bu tip verilişlər Azərbaycanda ən reytinqli verilişlərdir. Amma xörək bişirib, çay qoymaq kimi verlişlərin reytinqini kim müəyyənləşdirir, bəlli deyil. Cəmiyyəti maraqlandıran, onların problemlərini qabardan və həlli yollarını axtaran verilişlərin olması çox vacibdir. Bu cür verlişlər daha çox olsa yaxşıdır”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti