Məlum olduğu kimi, 23 dekabr 2014-cü ildə ölkəmizdə bələdiyyələrə seçkilər keçiriləcək. Artıq 1 dekabr 2014-cü ildən bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat kampaniyası başlanıb. YAP Gəncə şəhər Təşkilatının Seçki Qərargahında təbliğat- təşviqat işləri ilə bağlı tərtib olunmuş təqvim planına uyğun olaraq bu gün təbliğatçıların seçicilərlə görüşü keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a daxil olan məlumata görə, tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, millət vəkili Xanlar Fətiyev, YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, “Səs” İnformasiya Agentliyinin baş direktoru, fəlsəfə elmləri doktoru Bəhruz Quliyev, AMEA Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev , Seçki Qərargahının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri müşahidəçilər, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, bu günlərdə yaradılmasının 22-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir. Partiyamızın uğurlarının köklü səbəbləri var. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir. Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuza malikdir. Bu gün 600 min nəfərdən çox üzvü olan partiyamız bütün ictimai-siyasi proseslərin önündə gedir.
Natiq vurğuladı ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə yüksək fazilə qalib gəlmək əzmindədir və iqtidar partiyası həm də , bələdiyyələrin işinin yüksəldilməsi üçün də səmərəli tədbirlər həyata keçirir. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür.