Deputat: `Qarabağ müharibəsi başlaya bilər`

Deputat: `Qarabağ müharibəsi başlaya bilər`
  18 Dekabr 2014    Oxunub:3489
2015-ci ildə Azərbaycan və Ermənistan arasında müharibə ola bilər.

Belə bir iddia ABŞ-ın Beynəlxalq Münasibətlər Şurasının öz “Global Conflict Tracker” (Qlobal Münaqişə İzləyicisi) hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağ əhalisinin 95 faizi etnik cəhətdən ermənidir, ərazi beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi olaraq tanınır. Altı illik müharibədən sonra 1993-cü ildə münaqişə tərəfləri arasında atəşkəs rejimi elan edilib. Lakin son zamanlar tərəflər arasında ciddi toqquşmalar qeydə alınıb. Bu ilin 2014-ci ilin avqust ayında Azərbaycan və Ermənistan əsgərləri arasında silahlı atışmalar nəticəsində hər iki tərəfdən onlarla əsgər qətlə yetirilib. Bundan əlavə 2014-cü ildə Azərbaycan hərbçiləri tərəfindən Ermənistan helikopteri vurulub.
Hesabatda deyildiyi kimi, 2015-ci ildə Qarabağda müharibə ola bilərmi?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, hesabat yayan təşkilatın mövqelərinin mötəbərlik dərəcəsini deyil, hər zaman təhlil yükünü qiymətləndirmək lazımdır.
Millət vəkilinin sözlərinə görə, müharibəni doğura biləcək bir neçə səbəb var:

“Onlardan biri beynəlxalq vasitəçilik missiyasının iflasa uğramasıdır. İnsanlar görür ki, qarşı tərəflə sülh danışıqları üçün konkret olaraq nəticəyə nail olmaq mümkün deyil. Həmçinin Qərb dəyərləri, müəyyən beynəlxalq prinsiplər və s. işləmədiyi ortaya çıxdı. Ötən gün Avropa Birliyində həmin quruma daxil olan ölkələrin xarici işlər nazirləri Krıma son sanksiyaları razılaşdırdılar. Orada bank sektoru ilə əlaqələrin qadağan edilməsi, turizm axınlarına yol verilməməsi, iqtisadi münasibətlərin birmənalı inkarı, diplomatların hər hansı bir şəkildə Krıma getməməsi, ticarət münasibətlərinə yol verməmək və digər məsələlər yer almışdı. Açıq şəkildə Krım xalqını məlum səsverməyə görə iqtisadi və siyasi cəhətdən cəzalandırırlar. Təkcə Rusiya bu sanksiyanın hədəfində olmadı. Qərb öz planını bu sanksiyalarla müşahidə etdirdi. İndi necə olur ki, bunu Qarabağ tətbiq olunduğunu görmürük?”.

Z.Oruc bildirib ki, ATƏT-in Minsk qrupu sadəcə bölgədə ümumi duruma nəzarət edən və prosesin nəzarətdən çıxmasının qarşısını alan bir struktura çevrilib:

“ATƏT-in Minsk qrupu çox pis işləyir və yaxud da heç işləmir. Bu dövr ərzində beynəlxalq təzyiq vasitələri və təsir mexanizmləri də işə düşmədi. Düşünürəm ki, bu amil də qarşıdakı dövrdə yenidən savaş ehtimallarını gücləndirir. Ümumiyyətlə beynəlxalq və regional proses çox sürətlə dəyişir. Xüsusilə də iqtisadi sərvətlər uğrunda mübarizə, Qərb və Rusiya çarpışması “Qarabağ” prosesinə də təsirsiz ötüşməyəcək. Dövlətlərin özünü neytrallıqda saxlaması imkanları qədərindən çox ağırlaşıb. Bəlkə 5 il bundan əvvələ qədər həm Avropanın, Rusiyanın, İranın, Türkiyənin və digər daha böyük dövlətlərin konteksində hərəkət etmək, özü üçün böyük bir müstəqillik meydanı düzəltmək mümkün idi. İndi isə hər bir tərəf seçim etməyi, onların hərəkatına qoşulmağı istəyir. Bunların hamısı eyni zamanda Qarabağda hərbi şəraitə də təsir göstərə bilər”.

Millət vəkili qeyd edib ki, bölgədə hərbi gərginliyin kifayət qədər çox olduğu və əvvəlki illərdən daha artıq olduğu bəlli idi:

“Ancaq müharibə bir millətin iradəsindən kənarda başlayırsa, bu çox pis haldır. Əminəm ki, 2015-ci ildə və yaxud da başqa bir zamanda ikinci Qarabağ müharibəsi başlayacaqsa, bu dövlətimizin hesablanmış, dəqiq strategiyaya tabe etdirilmiş, çevik hərəkəti və qərarı sayəsində baş verəcək. Qarabağ müharibəsinin təzədən beynəlxalq qüvvələrin əli ilə qızışdırılması və buna bizim sadəcə cəlb olunmağımız baş verməyəcək. İkinci Qarabağ müharibəsinin başlaması Azərbaycanın özəl qərarı olacaq və bu hər zaman baş verə bilər”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti