Xocalı soyqırımı Gürcüstanda anıldı
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Samirə Ağayeva çıxışında Xocalı soyqırımına toxunaraq, belə bir faciənin bir daha təkrarlanmamasını arzu edib, Xocalıda dinc insanlara qarşı törədilmiş qətliyamla bağlı ciddi ölçülərin götürülməməsindən təəssüfləndiyini bildirib. O, Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Faicənin sözün əsl mənasında soyqırım olduğunu diqqətə çatdıran Samirə Ağayeva Xocalıda yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirildiyini bildirib.
Daha sonra çıxış edən şair Rafiq Hümmət, Milli Kongresin sədri Əli Babayev və Tiflis Dövlət Universitetinin professoru Tsira xanım Baramidze Xocalı soyqırımı haqqında öz fikirlərini bölüşüblər. Tədbirdə iştirak edən Qafqazşunas professorlar Nino Ruxadze, Sardio Zedalaşvili və Revaz Abaşia “Qafqazda sülh istəyirik” mövzusunda məruzə ilə çıxıb ediblər.
Tədbirin təşkilatçıları Ceyran Qurbanova və Gültəkin Mustafayeva çıxışlarında bildiriblər ki, hər il faciənin ildönümü istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir. Bildirilib ki, erməni millətçiləri zaman-zaman azərbaycanlılara qarşı qatı cinayətlər və soyqırımı törədiblər. Dünyada hökm sürən ikili standartlar, cinayətkarların layiq olduqları cəzaları almaması onları daha böyük cinayətlərə sövq edir. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və bu faciəyə hüquqi, siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atıb, vacib qərarlar qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev də bu siyasəti davam etdirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası sayəsində artıq dünyanın 10-dan artıq ölkəsi, ABŞ-ın 20 ştatı Xocalı faciəsinin əsl soyqırımı olduğunu etiraf edib və müvafiq qətnamələr qəbul ediblər.
Tədbirin sonunda məktəbli gənclər “Xocalıya ədalət” şüarı altında ingilis, gürcü və Azərbaycan dilində kompozisiya ilə çıxış ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Gürcüstan cəmiyyətinə ermənilərin digər xalqalara qarşı qəddarcasına törətdikləri soyqırımları tanıtmaqdır.
AzVision.az