Xarici ölkə səfirləri cəbhə bölgəsinə getdilər
XİN rəsmisi bildirib ki, hazırda onlar Tərtərin Qapanlı kəndindədirlər.
Hikmət Hacıyevin sözlərinə görə səfərin əsas məqsəd hazırda xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş 80-dən çox nümayəndəsini cəbhəyanı ərazilərdəki vəziyyətlə tanış etməkdir.
"2 aprel tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar, xüsusən də, Tərtər, Ağdam istiqamətində yaşayış məntəqələrini hədəfə alması və bunun nəticəsində də şəxsi və dövlət mülkiyyətinə dəymiş zərər haqqında beynəlxalq ictimaiyyəti, xüsusilə də, Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatların məlumatlandırılması məqsədi daşıyır. Onlar erməni vəhşilikləri ilə bir daha da tanış olacaqlar. Proqramda diplomatik nümayəndiklərin rəhbərləri, hərbi attaşelər iştirak edirlər", - deyə XİN rəsmisi vurğulayıb.
Cəbhəyanı ərazilərə səfər edənlər arasında Rusiyanın, Avstriyanın, İtaliyanın, Niderlandın və Türkiyənin Azərbaycandakı səfirləri də var.
Eldar Tanrıverdiyev
AzVision.az