Respublika Günümüz İtaliyada qeyd olunub – VİDEO

Respublika Günümüz İtaliyada qeyd olunub – VİDEO
  28 May 2016    Oxunub:2380
Azərbaycanın İtaliyadakı səfirliyi Romada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Rəsmi qəbulda İtaliya hökumətinin, parlamentinin üzvləri, mədəniyyət, akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin, Romada yerləşən BMT agentliklərinin və diplomatik korpusun nümayəndələri, İtaliya ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Səfir Məmməd Əhmədzadə müsəlman Şərqində ilk teatr, opera və baletin, ilk demokratik respublikanın məhz Azərbaycanda qurulması, 28 may - Respublika Gününün Azərbaycan tarixindəki əhəmiyyəti, ölkəmizin müstəqilliyin bərpasından sonra qarşılaşdığı çətinliklər, xüsusilə də Ermənistanın təcavüzü ilə üzləşməsi, müstəqillik illərində əldə edilmiş siyasi və iqtisadi uğurlar, Azərbaycanın regional liderə və etibarlı beynəlxalq tərəfdaşa çevrilməsindən bəhs edib.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan M.Əhmədzadə bu əlaqələrin Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı iki hökumət arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə qeyd olunduğu kimi, strateji əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycan və İtaliya arasında son illərdə siyasi, iqtisadi, mədəniyyət, humanitar sahələrdə təşəkkül tapmış yüksək səviyyəli əlaqələrdən danışıb.

Sonra İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta, xarici işlər nazirinin müavini Benedetto Della Vedova, Senatın xarici əlaqələr və immiqrasiya komissiyasının sədri Pyer Ferdinando Kazini və İtaliya parlamentində Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina çıxış ediblər. Onlar Azərbaycanın İtaliya və Avropa İttifaqı üçün mühüm tərəfdaş olması, önəminin getdikcə artması, ölkəmizin əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər barədə söz açıb, İtaliya ilə Azərbaycan arasında bütün sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən məmnunluqlarını bildiriblər. Azərbaycana səfərləri ilə bağlı xoş təəssüratlarını bölüşən natiqlər ölkəmizdə gedən inkişaf prosesini yüksək qiymətləndiriblər.

Tədbir boyu Azərbaycanla bağlı videogörüntülər təqdim edilib.



İtaliya KİV-nin diqqətində olan tədbir bu ölkənin nüfuzlu qəzeti - "Il Messaggero" tərəfindən də işıqlandırılıb.

Həmçinin İtaliyanın aparıcı informasiya agentliyi olan "Adnkronos" həftəlik icmalında Azərbaycanın Respublika Gününə həsr olunmuş videoreportaj verilib. Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, reportajda Respublika Gününün əhəmiyyəti, ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika, teatr, opera və baletin vətəni olması, habelə müstəqillik dövründə əldə edilmiş nailiyyətlər barədə ətraflı bəhs edilib və Azərbaycan səfiri Məmməd Əhmədzadənin səsləndirdiyi fikirlərə yer ayrılıb.



Respublika Günü ilə bağlı səfirlik tərəfindən təşkil olunmuş rəsmi ziyafət İtaliyanın nüfuzlu "Il Messaggero" qəzetinin çap versiyasında da işıqlandırılıb. Məlumatda tədbirin əhəmiyyəti, burada edilmiş çıxışlar ilə bağlı məlumat verən qəzet, tədbirin İtaliya ictimaiyyətinin marağına səbəb olduğunu və burada ölkənin rəhbər şəxsləri və aparıcı siyasətçiləri ilə yanaşı, müğənni Albano, modelyer Renato Balestra, dünya miqyaslı mərhum tenor Luçiano Pavarottinin həyat yoldaşı Florensiya şəhər merinin mədəniyyət məslələri üzrə müavini Nikoletta Mantovani və digərləri kimi mədəniyyət və incəsənət sektorunun önəmli simalarının da iştirak etdiyi qeyd olunub.

İtaliyanın `Dazebaonews``Radioartistweb` xəbər portallarında da Respublika Günü ilə ətraflı məlumat verilib. Məlumatlarda Respublika Günü ilə bağlı Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən təşkil olunmuş rəsmi ziyafətlə yanaşı, ölkəmizin tarixi, mədəniyyəti, inkişafı, İtaliya ilə əməkdaşlıqdan da bəhs edilib.


Teqlər:





Xəbər lenti