Azərbaycanda 24 dövlət əmlakı satılıb

  20 Sentyabr 2016    Oxunub : 1159
Azərbaycanda 24 dövlət əmlakı satılıb
Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərracları davam etdirir.
AzVision.az-a daxil olan məlumata görə, səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə keçirilən növbəti belə hərrac bu gün baş tutub. Açıq hərracda istənilən yerli və xarici investorlar və potensial alıcılar məhdudiyyətsiz iştirak ediblər.

Hərracda media və ictimaiyyət nümayəndələri hərrac prosesini əyani izləyə biliblər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərracları canlı izlənilib.

İlk hərracda olduğu kimi, ikinci hərrac da investorların fəallığı şəraitində keçirilib. Bu dəfəki hərracda ümumilikdə 24 dövlət əmlakı satılıb. Bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,1 milyon manat vəsait büdcəyə köçürüləcək. Hərracda 6 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 14 kiçik dövlət müəssisə və obyekti, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Qeyd edək ki, ölkədə pambıqçılığın inkişafına verilən dəstək investorların pambıq müəssisələrinə marağını artırıb və 2 pambıq zavodunun səhmləri satılıb. Pambıqçılıq sahəsinə aid müəssisələrin özəlləşdirilməsi dövlət başçısının pambıqçılığın inkişafı məsələləri üzrə Sabirabad rayonunda keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasında və qarşıya qoyulan məqsədlərə nail olmaqda mühüm rol oynayır. Belə müəssisələrin özəlləşdirilməsi və investisiya qoyuluşu onların profil üzrə tam gücü ilə işləməsinə yol açır və ölkədə pambıqçılığın inkişafına dəstək verir. Digər səhmdar cəmiyyətləri isə quşçuluq, toxuculuq, tikinti, nəqliyyat və təmir sahəsinə aid olub. Bu müəssisələr Ağstafa, Ağcabədi, Yevlax, Ucar və digər regionlarda yerləşir.

Özəlləşdirilmiş 14 kiçik dövlət müəssisə və obyektlərinin 10-u Bakıda, 4-ü isə respublikanın digər şəhər və rayonlarında (Sumqayıt, Abşeron, AğdaşŞəki) yerləşən obyektlərdir. Kiçik dövlət əmlaklarının 11-i ticarət sahəsinə, 1-i ictimai iaşə, 2-si isə xidmət sahəsinə aid olub. Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar.

Qeyd edək ki, 14 və 20 sentyabrda keçirilmiş hər iki açıq hərrac üzrə bütövlükdə 60 dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə hər iki hərracın nəticələrinə əsasən 2,9 milyon vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcəkdir.

Xatırladaq ki, növbəti belə hərrac 27 sentyabrda keçiriləcək və 52 dövlət əmlakı satışa çıxarılıb.

AzVision.az

Teqlər: