OPEC hasilatı azaltdı: Neft bahalaşacaqmı? - TƏHLİL

OPEC hasilatı azaltdı: Neft bahalaşacaqmı? - TƏHLİL
  29 Sentyabr 2016    Oxunub:7959
Əlcəzairdə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və olmayan ölkələrin toplantısında neft hasilatının son 8 ildə - 2008-ci ildən sonra ilk dəfə olaraq məhdudlaşdırılması haqda razılığa gəlindiyi deyilir. Belə ki, karteldəki mənbələrə əsasən məlumat yayılıb ki, OPEC ölkələri neft hasilatının gündəlik 33,24 milyon barreldən 32,5 milyon barrelə qədər (gündəlik 740 min barel) azaltmaq barədə razılığa gəliblər.

OPEC ölkələri razılığa qoşulmaq təklifi ilə digər ölkələrə də müraciət edəcəklər. Yekun qərar və ölkələr üzrə kvotaların müəyyən edilməsi mexanizmi isə adı çəkilən qurumun cari il noyabrın 30-da Vyanada keçiriləcək növbəti rəsmi toplantısında təsdiqlənəcək.

Bəs bu, neftin qiymətinə necə təsir göstərəcək?

Hasilatın dondurulması və yaxud da ki, azaldılması haqda söhbətlər bununla neçənci dəfədir ki, dövriyyəyə buraxılır. Ancaq məlum olduğu kimi, hələ real olaraq heç bir addım atılmayıb və müvafiq qərar qəbul olunmayıb. Bu dəfə isə məsələ nisbətən real görünür. Bununla belə, qərar qəbul edilmiş olsa belə, bunun icrası gələn ildən tez baş tutmayacaq. Çünki burada razılaşdırılası bir çox məqamlar var.

Belə ki, neftin dünya bazarlarındakı bu günki qiymətlərindən hər bir hasilatçı ölkə zərər çəksə də, onların hər birinin öz maraqları, iqtisadi və siyasi mənafe və məqsədləri vardır. Məsələn, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər elədir ki, onların ortaq məxrəcə gəlmələri heç bir halda mümkün görünmür. Bunu adi OPEC-in sözügedən qərarına Tehranın nümayiş etdirdiyi reaksiya da sübut edir. Odur ki, konkret nəsə barədə fikir irəli sürmək və proqnoz vermək hələ tezdir.

Digər bir məsələ isə ondan ibarətdir ki, lap, tutalım, OPEC üzvləri nəhayət, yekun bir qərara, vahid bir mövqeyə gəldilər. Lakin, hasilatın azalması ilə təklif məhdudlaşacaqmı?! Yox... Çünki qiymət bahalaşan kimi ABŞ-da şist neft hasilatı sənayesi dirçələcək. Artıq, orada bunun ilkin simptomları nəzərə çarpmaqdadır. Belə ki, bir ara qiymətlər üzü aşağı doğru getməkdə olarkən, ABŞ-da aktiv neft quyularının sayı sürətlə azalırdı. Neçə müddətdir, dünya bazarlarında neftin 1 barelinin qiyməti 40-45 dollardan yuxarıda dayanıb. Və ABŞ-da aktiv neft quyularının sayının azalması prosesi də dayanıb. Ümumiyyətlə, qiymətlər 50 dollardan yuxarı qalxarsa, bu ölkədə neft hasilatı genişlənəcək. Bu isə təklifin daralmasının qarşısını alacaq.



Bundan əlavə, unutmaq lazım deyil ki, neftin dünya bazar qiymətlərinə təsir etmək üçün ABŞ-ın əlində başqa vasitə və alət də vardır. Bu da dolların kursudur. Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini artırsa, dollar möhkəmlənəcək. Bu isə avtomotik olaraq neftin qiymətini aşağıya doğru "dartacaq"...

Təsadüfi deyil ki, bu arada FED-in rəhbəri Canet Yellen Konqresdə çıxışı zamanı uçot dərəcəsinin cari ilin sonunadək artırılacağını istisna etməyib. Əslində, bu xanım bunu söyləməmişdən öncə də, yazılarımda bir neçə dəfə qeyd etmişəm ki, bu ilin dekabr ayında da varsa, FED baza faiz dərəcəsini 0,25 % artıracaq... Hələlik isə, C.Yellen xanım, hər çıxışında “bunu edə bilərik” deməklə, dolları "psixoloji təsirlər" vasitəsilə möhkəm saxlamağa çalışır. Özü də, qeyd edim ki, buna nail də olurlar!..

Amma bir şeyi yadda saxlamaq vacibdir ki, dolların möhkəmləndirilməsi əslində, nə bu xanım tərəfindən, nə də ki, ümumiyyətlə, ABŞ rəhbərliyi tərəfindən heç bir halda ürəkdən istənilmir. Çünki, bu, Amerika iqtisadiyyatı üçün xeyirli deyil və ola da bilməz... Sadəcə, bir nüansı nəzərə almaq lazımdır ki, hər dəfə neft hasilatçısı olan ölkələr bir yerə yığışıb hasilatı aşağı salmaq və yaxud da dondurmaq haqda bu və ya digər müzakirələr aparmaq istəyərkən, xanım Canet Yellen dərhal “ortaya çıxaraq” bu cür çıxışlar edir.

Bu gün də OPEC ölkələri nümayəndələrinin neft hasilatının dondurulmasına dair konsensusa nail olduqları barədə xəbərlər var !...Bu, nəyi göstərir ?!?... ABŞ, neftin dünya bazar qiymətləri əgər, bahalaşmağa başlayarsa, şübhəsiz ki, mütləq dolları məzənnəyə mindirəcək !.. Yox, əgər, bu baş verməzsə, FED yəqin ki, heç bu ilin dekabr ayında da olsa, baza faiz dərəcəsini artırmayacaq.

Ona görə də demək istədiyim budur ki, neft bazarında hələlik yalnız psixoloji təsirlərdən söhbət gedə bilər.

Real olaraq isə, hasilatla bağlı heç bir qərar qiymətlərə ciddi şəkildə təsir etməyəcək. Əlcəzairdə keçirilən görüşdən əldə olunan xəbərdən sonra Brent markalı neftin qiyməti birdən-birə 6%-ə yaxın artaraq 48,64 dollara çıxsa da...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti