Hindistandan gələn yük Azərbaycandan keçdi

Hindistandan gələn yük Azərbaycandan keçdi
  07 Oktyabr 2016    Oxunub:2358
Azərbaycanın tranzit marşrutları artıq bir şox ölkələrin yükgöndərənlərinin böyük maraqlarına səbəb olub. Həmin şirkətlər bu marşrutların əlverişliyini, rəqabətə davamlı olduğunu təcrübədən keçirməyə başlayıblar. Azərbaycanın Şimal-Cənub və Cənub-Qərb marşrutları ilə ilk yüklər daşındıqdan sonra bir çox maraqlı tərəflər ilk addım atmaq qərarına gəliblər.

AzVision.az xəbər verir ki, ilk dəfə bu gün Şimal-Cənub nəqliyyat dəhlizi ilə Hindistanın Banqalor şəhərindən Rusiyanın Vorsino stansiyasına test olaraq göndərilməsi planlaşdrılmış, elektrik avadanlıqlar və onlara ehtiyyat hissələri ilə yüklənmiş 5 ədəd 40 futluq universal konteynerlərdən 3-ü, “ADY Express” şirkətinin Astara Yük Həyətində qəbul edilib, platfolmalara yükləndikdən sonra, Astara stansiyasından təyinatı üzrə yola salınıb.

Konteynerlər Hindistanın Mumbay şəhərindən dəniz vasitəsi ilə İranın Bəndər Abbas Limanına, oradan dəmir yolu ilə Qəzvin stansiyasına, oradan da avtomobillərlə Azərbaycan Astarasına çatdırılaraq, Rusiyaya yola salınıb. Artıq demək olar ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün iştirakçı ölkələri yükdaşımalar prossesinə qoşulublar.

Bir neçə gün öncə isə “ADY Express” Cənub-Qərb nəqliyyat dəhlizi ilə daha bir əməliyyat həyata keçirib. Belə ki, İran islam Respublikasından Avropaya göndərilən, mərmərlə yüklənmiş, 10 ədəd 20 futluq konteynerlər, yük avtomobillərdən dəmir yolu platformalarına aşırılaraq, Astara dəmir yolu stansiyasından yola salınmışdı.

Xatırladaq ki, hələlik yüklər İran İslam Respublikasından avtomobillərlə daxil olur, Astarada “ADY Express”-ə məxsus Yük Həyətində vaqonlara aşırılaraq Astara d/y stansiyasından yola salınır. Həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astarada vaqonlara yüklənməsi Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərman və sonradan Nazirlər Kabinetinin bu fərmandan irəli gələn qaydaların təsdiq etməsi nəticəsində mümkün olub.

Həmin Fərmana uyğun olaraq, Azərbaycan ərazisindən, sonrakı nəqli dəmir yolları ilə edilməsi şərtilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.

Astaraçay üzərində salınan dəmir yol körpüsünün tikintisi isə başa çatmaq üzrədir. inşa edilən körpü və salınan yeni dəmir yolu Azərbaycanın Astara Stansiyası ilə İran- Astara stansiyasını birləşdiriləcək ki, bu da öz növbəsində Şimal-Cənub və Cənub-Qərb marşrutlarında yük dövrüyyəsinin intensivləşməsinə böyük təkan verəcəkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti